716
11:44
10 Fevral 2020

Şirkət maşınına basqın edən quldurlar saxlanıldı

Şəkidə sürücüyə xəsarət yetirərək avtomobildən 20 min manat aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fevralın 3-də saat 22 radələrində Şəki rayonu, Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus “Ford” markalı avtomobilin “VAZ-2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşən 3 nəfərin “Ford” markalı avtomobildə sərnişin qismində gedən həmin şirkətin əməkdaşı C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15-20 min manat pul olan çantanı aparması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Şəki rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər həyata keçirib.

Baş Cinayət Axtarışı, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki rayon Polis Şöbəsi və Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakinləri İ.Abdullayev, əvvəllər məhkum olunmuş X.Ömərov, habelə cinayəti bilib polisə məlumat verməmiş N.Bəşirov saxlanıb, digər bir nəfər isə müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.