Beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyir
09 fevral 2020 09:32 (UTC +04:00)

Beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyir

16 saylı Yasamal 2-ci Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə başlayıb.

APA-nın xəbərinə görə, məntəqədə 971 nəfər səs verəcək. Səsverməni ATƏT-in iki nəfər beynəlxalq müşahidəçisi müşahidə edir.

ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi, avstriyalı Hafenecker Kristian Azərbaycanda seçkilərdə beynəlxalq müşahidəçi kimi ilk dəfə iştirak etdiyini deyib: "Müşahidə aparacağım məntəqələrin dəqiq sayını deyə bilmərəm. Gün ərzində bir çox məntəqədə olmağa çalışacağıq".

O, seçki ilə bağlı öz rəylərini sabah keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını da deyib.

ATƏT Parlament Assambleyasının digər beynəlxalq müşahidəçisi Cederfelt Margareta gün ərzində 8-12 məntəqədə müşahidə aparacaqlarını açıqlayıb. 

Parlament seçkiləri ilə əlaqədar 17 saylı Yasamal üçüncü seçki dairəsinin 17 saylı məntəqəsində də səsvermə prosesi başlayıb. Məntəqə sədri Həsən Tahirovun verdiyi məlumata görə, məntəqənin seçici siyahısında 1068 nəfərin adı var.

O həmçinin əlavə edib ki, seçki prosesini 15 yerli müşahidəçi izləyir.

# 829
avatar

Oxşar yazılar