1089
13:59
08 Fevral 2020

Azərbaycandan ABŞ-a göndərilən xurmanın içindən NARKOTİK çıxdı

Beynəlxalq poçt göndərişləri vasitəsilə narkotik vasitənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycandan ABŞ-a göndərilən, içərisində 3,5 kiloqram şirniyyat olduğu göstərilən poçt bağlamasına Bakı Karqo Terminalının ixrac nəzarəti xəttində rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Sonra kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması həyata keçirilib və xidməti it bağlamaya reaksiya verib.

Hal şahidlərinin iştirakı ilə keçirilən təkrar yoxlama zamanı bağlamada, 3 ədəd polietilen paketdə xurma yükü olduğu müəyyən edilib. Bundan sonra yoxlama davam etdirilib və müəyyən olunub ki, qaçaqmalçılar "unikal" gizlətmə yolundan istifadə edərək narkotiki xurmaların hər birinin içərisinə çəyirdək formasında yerləşdiriblər. Ümumilikdə, 305 ədəd xurma çəyirdəyi formasında, çəkisi 1048 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.