944
11:07
05 Fevral 2020

Narkotiklə tutuldu, digər cinayətinin üstü də açıldı

Astarada narkotik vasitə ilə saxlanılan şəxsin 2 il əvvəl oğurluq etdiyi də məlum olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az -a verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyevi saxlayıblar. Keçirilən şəxsi axtarış zamanı onun üzərindən bir bükümdə narkotik vasitə heroin və əlavə olaraq narkotik vasitənin qəbulu üçün hazırlanmış bir ədəd şprisdə heroin məhlulu aşkarlanaraq götürülüb.

Aparılan əməliyyat tədbirləri nəticəsində onun törətdiyi 2 oğurluq faktı da üzə çıxıb. Məlum olub ki, saxlanılan şəxsin 2018-ci ildə Astara rayonunun Fətəlioba kəndində Z.Dadaşovaya məxsus həyətdəki tövlədən 1800 manat dəyərində balası ilə birlikdə bir baş inəyi və bu il fevral ayının 1-də Ərçivan qəsəbəsində yerləşən N.Əsədullayevaya məxsus yaşayış evindən su qızıdırıcısını, qaynaq aparatı dəstini, 2 ədəd mis qazanı, laqonda və burğu aparatını, həmçinin 5 ədəd ev quşunu oğurladığı müəyyən edilib. Oğurlanan əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.