827
17:23
31 Yanvar 2020

İki rayonda qanunsuz ət kəsimi məntəqələri aşkarlandı

Qaradağ və Xətai rayonlarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az -a verilən məlumata görə, reyd Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Xətai rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində baş tutub.

Reyd zamanı müəyyən edilib ki, həmin ünvanlarda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirilir. Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib. Agentlik əməkdaşları kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstəriş verib.