2672
10:32
29 Yanvar 2020

Səməndər Rzayevin 75 illik yubileyi qeyd edildi

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illik yubileyi qeyd olunub.

Lent.az xəbər veiri ki, bu münasibətlə “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunub və fotoşəkillərdən ibarət sərgi keçirilib.

Tədbirdə çıxış edən Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Səidə Quliyeva aktyorun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıblar.

Vurğulanıb ki, Səməndər Rzayev “Dəli yığıncağı”nda Fazil Küleyli obrazını ustalıqla yaradıb. O, kinoda da eyni dərəcədə uğur qazanıb. Səməndər Rzayevin digər aktyorlardan fərqi ondadır ki, o, baş rolları dublyaj edib.

Diqqətə çatdırılıb ki, Səməndər Rzayevin ilk rolu 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında “Hamlet” (U.Şekspir) tamaşasında Horatsio olub.

Azərbaycan Dövlət Radiosunun “Bulaq” folklor toplusunun Bulaq dədəsi kimi məşhurlaşan aktyor teatrda Hatəmxan ağa (“Müsyö Jordan və dərviş Məstəli şah”, M.F.Axundzadə), Xacə Nizam, Knyaz, İbn Yəmin (“Xəyyam”, “Knyaz”, “İblis”, H.Cavid), Balaxan (“Aydın”, C.Cabbarlı), Vaqif (“Vaqif”, S.Vurğun), Əmir İnanc (“Qılınc və qələm”, M.S.Ordubadi), Qənimət, Muradov (“Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, İ.Əfəndiyev), Bəhram Zeynallı, Xudayar bəy (“Şəhərin yay günləri”, “Sizi deyib gəlmişəm”, Anar) və digər yaddaqalan obrazlar yaradıb.

Səməndər Rzayev, həmçinin “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Ad günü”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” “və digər filmlərdə uğur qazanıb.

Aktyorun qızı Rübabə Rzayeva tədbirin təşkilində Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına minnətdarlığını bildirib.

Dİgər xəbərlər