Azərbaycanın quş məhsulları bazarı - Son vəziyyət AÇIQLANDI
29 yanvar 2020 11:44 (UTC +04:00)

Azərbaycanın quş məhsulları bazarı - Son vəziyyət AÇIQLANDI

Azərbaycanın quşçuluq təsərrüfatlarında  “quş qripi”,  yaxud hər hansı kütləvi tələfata səbəb ola biləcək qrip xəstəlikləri qeydə alınmayıb.

Lent.az-a açıqlama verən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, quşçuluq təsərrüfatları qış-yay fəsillərində təsərrüfatda qalır, xəstəliklərə qarşı tədbirlər görülür: “Quşçuluq təsərrüfatlarında vəziyyət stabildir. Quşların yemlənməsinə ciddi əməl olunur. Quşlar infeksion xəstəliklərə qarşı çox həssas olur. Yaz-qış fərqi olmadan xəstəliklər baş verə bilər. Buna görə də tədbirlər görülür”.

A.Vəliyev onu da bildirib ki, ötən il Azərbaycanın quşçuluq fabriklərində 50 min ton quş əti istehsal olunub. 2018-ci ildə bu göstərici 55 min ton olub.

Onun sözlərinə görə, istehsalın azalmasına səbəb xaricdən quş ətinin daha ucuz qiymətə gətirilməsi və bazarların doldurulmasıdır: “Bazarlarda yerli quş ətinə yer olmur. Nə qədər anbara işləmək olar? Buna görə də istehsalçılar məhsulu azladırlar. Ölkəyə MDB ölkələrindən, eləcə də digər Avropa ölkələrindən quş əti gətirilir. MDB-dən kənar dövlətlərdən quş əti artıq gəlmir. Amma MDB dövlətlərindən qarşılıqlı ticarət rüsumsuz olduğundan oradan ucuz gəlir. Bizim istehsalçılar yemi baha alır, öz təminatımız yoxdur.  Ukrayna, Rusiya kimi ölkələrin yem bazası var. Biz də yemi həmin ölkələrdən alırıq. O ölkələr özlərini təmin etdikləri üçün quş əti nisbətən ucuz gətirilir”.

A.Vəliyev qeyd edib ki, hazırda bizim quşçuluq fabriklərində quş ətinin topdan satışı çeşidinə görə 2,5, 2,60 qəpikdən başlayır. 3 manat 40 qəpiyə qədər davam edir: “Mağazalarda 15-20 qəpik üzərinə qoyulub satılır. Alıcı üçün yerli məhsul xaricdən gətirilən məhsuldan baha başa gəlir. Ona görə də bazar xarici məhsulla doldurulur.

Yumurta istehsalı sahəsində vəziyyət normalıdr. 2018-ci ildə ölkədə ümumi yumurta istehsalı 1 milyard 600 milyon olub. Ötən il isə 1 milyard 800 milyon olub. Demək olar ki, yumurta idxalı həyata keçirilmir, yalnız damazlıq yumurta gətirilir”.   

Qeyd edək ki, iki gün ğncə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

Agentlik sahibkarları Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, eyni zamanda ölkəmizə quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Hindistanın Çxattisqarx, Slovakiyanın Nitryansk və Trnavsk, Rumıniyanın Maramureş, Macarıstanın Haydu-Bihar və Komarom-Esterqom, Polşanın Nijnesilezsk və Zapadno-Pomorsk, Ukraynanın Vinnitsa, Çexiyanın Vısoçina, Almaniyanın Brandenburq bölgələrində yüksək patogen quş qripi xəstəliyi, Rusiya Federasiyasının Kursk vilayətində isə Nyukasl xəstəliyi müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin ölkələrin yüksək patogen quş qripi və Nyukasl xəstəlikləri qeydə alındığı bölgələrindən respublikamıza diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.

 

 

 

# 3084
avatar

Aygün İbrahimli

Oxşar yazılar