“Musiqi körpüsü” amerikalı dinləyiciləri fəth edib
25 yanvar 2020 18:44 (UTC +04:00)

“Musiqi körpüsü” amerikalı dinləyiciləri fəth edib

Azərbaycan-Amerika Musiqi Fondu (AAMF) Şimali Amerika ilə Azərbaycan arasında mədəniyyətlərarası münasibətlər və musiqi körpüləri qurması və inkişaf etdirməsi ilə məşhurdur. Fondun banisi və icraçı direktoru Cəmilə Cavadova-Spitsberqin sözlərinə görə, qurumun əsas missiyası klassik Azərbaycan musiqisini ABŞ-da, klassik Amerika musiqisini isə Azərbaycanda təbliğ etməkdir.

AAMF tanınmış musiqiçilərin iştirakı ilə yanvarın 19-dan 23-dək “Musiqi körpüsü” adlı silsilə konsert proqramları təşkil edib. Azərbaycanı proqramda pianoçu Humay Qasımzadə təmsil edib. O, Nyu-Yorkdakı Manhetten musiqi məktəbinin məzunudur və hazırda Ohayo ştatında “Bowling Green” Dövlət Universitetində müasir fortepiano ifaçılığı üzrə doktorluq dərəcəsi üzərində işləyir. Amerikalı Uilyam Heyter dünya şöhrətli klarnet ifaçısıdır. O, Uiçita-Fols şəhərində (Texas ştatı) Orta Qərb Universiteti nəzdində musiqi kafedrasının dosentidir.

Konsertlərin birinci hissəsində klassik və avanqard Amerika musiqisi müəlliflərinin əsərləri – Elliot Karterin "Caténaires", Corc Krambın “Makrokosmos”, David Loebin "Sonata Lirica", Kevin Deyin "Gymnopédie" əsərləri təqdim edilib. İkinci hissədə dinləyicilər Azərbaycan klassiklərinin əsərləri ilə tanış olublar. Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Vals” və Xəyyam Mirzəzadənin fortepiano pyesi ifa olunub.

“Musiqi körpüsü” konsertlər proqramında gənc Azərbaycan bəstəkarı Türkər Qasımzadənin də əsərləri səslənib. Onun məxsusi olaraq “Musiqi körpüsü” proqramı üçün yazdığı klarnet və fortepiano üçün "Seen when night is silent" (“Sakit gecədə görünür”) pyesi Humay Qasımzadə-Uilyam Heyter duetinə həsr olunub. T.Qasımzadə ingilis-amerikan mənşəli şair U.H.Odenin poeziyasından bəhrələnərək, hər iki musiqi aləti üçün “müasir ifaçılıq texnikası”nı, o cümlədən fortepiano simlərinin səsinin alınması, metal cihazlarda çalma, multi-fonika texnikasını özündə birləşdirən əsər yaradıb.

“Musiqi körpüsü” konsertləri Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Arlinqtondakı (Texas ştatı) Birinci birləşmiş metodist kilsəsində, Stivenvilldəki (Texas) Tarleton Dövlət Universitetində, Uiçito-Folsdakı (Texas) Orta Qərb Dövlət Universitetində keçirilib.

(AZƏRTAC)

# 2779
avatar

Oxşar yazılar