Damı uçuq, mətbəxi çökən binada unudulan 7 ailə - REPORTAJ
23 yanvar 2020 11:29 (UTC +04:00)

Damı uçuq, mətbəxi çökən binada unudulan 7 ailə - REPORTAJ

Füzuli, Ağdam və Zəngilan rayonlarından didərgin düşən 7 ailə 27 ildir bu dözülməz şəraitdə yaşayır. 

APA TV-nin məlumatına görə, Nəsimi rayonu akademik Həsən Əliyev küçəsi-1008 ünvanında yerləşən və “Tikiş Sənaye” Açıq Səhmdar Cəmiyyətinə məxsus yataqxanada məskunlaşan ailələrin vəziyyəti hər gün daha da ağırlaşır. 

Rəfiqə İslamova deyir ki, dəfələrlə aidiyyəti qurumlara edilən şikayətlər isə hələ də nəticəsiz qalıb: “Burada 7 qaçqın ailəsi də var, yerli də var. Amma qaçqın ailələri neçə dəfə müraciət edib. Nazirlikdə Rövşən müəllimin, Eldar müəllimin qəbulunda olmuşuq. Hamı bizə yalandan yazıb, çəkilişlər aparılıb. Heç bir nəticə olmayıb. Axırıncı dəfə dekabrın 11-də Eldar müəllimin qəbulunda olduq. Neçə dəfə ərizəmizin üstünə yazılıb ki, “Qobu Park”a köçürüləcəksiniz. Amma heç bir nəticə yoxdur”.

Zahir Quliyevin sözlərinə görə, 27 ildir belə yaşayırlar: “Bizi aldadırlar. Gələcəyik deyib, gəlmirlər. 27 ildir belə yaşayırıq. Mən fəhlə adamam. Nə pulum var ki, mən gedəm ev alam”.

4 mərtəbəli binanın ilk üç mərtəbəsində yaşayış olmadığını deyən vətəndaşlar damın yararsız vəziyyətdə olduğunu, divarların nəm çəkdiyini, hətta binanın bir hissəsinin uçduğunu bildirirlər: “Gəlib baxır, deyir yaşanmalıdır. Necə yaşanmalıdır? Uçur! Alt yoxdur. Dörd mərtəbəli binadır, bunun üç mərtəbəsində yaşayış yoxdur. Dördüncü mərtəbəsində alt sökülüb, mətbəx çöküb. Otaqdan 15 metr arxadan kubiklər tökülüb”.

Məsələyə münasibət bildirən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin məsləhətçisi Orxan Aslanlı bildirdi ki, ilk növbədə mənzili qəzalı vəziyyətdə olan ailələr yeni mənzillərlə təmin ediləcək: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na, 2007 və 2011-ci ildə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir. Qeyd edək ki, yeni salınmış yaşayış komplekslərinə hələ də qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülür. Qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri ilə bağlı Dövlət Komitəsinin məlumatı var. Onların növbəti mərhələdə yeni mənzillərə köçürülməsi məsələsinə baxılacaq”.

Ümid edirik ki, qəzalı binada yaşayan 7 məcburi köçkün ailəsinin də problemləri ən qısa zamanda həll ediləcək.

# 1790
avatar

Oxşar yazılar