Beynəlxalq mətbuatda Azərbaycanın imzası -  VASİF SƏMƏDOV-70 
22 yanvar 2020 17:18 (UTC +04:00)

Beynəlxalq mətbuatda Azərbaycanın imzası -  VASİF SƏMƏDOV-70 

Hər insanın iki dünyası var: yaşadığı dünya və yaşatdığı dünya. İnsanın ağlı, zəkası, mənəvi fəzilətləri və özünü ifadə forması yaşadığı dünyada yeni bir dünya yaradır. Bu mənada, insan həm də mövcud olduğu zamanın, tarixin, mədəniyyətin məhsuludur.


Dünyada həm də yaratmaq naminə yaşamaq, Azərbaycanı beynəlxalq  mətbuatda layiqincə təmsil etmək, Qarabağ  həqiqətlərini dünyaya yaymaq, öz qələmi ilə düşmənlə vuruşmaq, vətənin dərdinə yanmaq, bu günün və sabahın modelçilərini yetişdirmək... Bu, 70 yaşlı yubilyar, yazıçı-publisist, Vasif  Səmədovun ömür yoludur.
Azərbaycanın Əməkdar jurnalisti, Beynəlxalq Jurnalistlər konfederasiyasının üzvü, “Kamil sənətkar”, “Qızıl qələm”, “Zərdabi”, “ Araz” mükafatlarına sahib, “Oqonyok” jurnalının laureatı, Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib etdiyi  “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edən Vasif Səmədov heç də hamar olmayan, şərəfli bir ömür yolu keçib.
Ömür kitabını səhifələyirik: Masallıda yaşanan uşaqlıq və ilk gənclik çağları, ADU-nun Jurnalistika fakültəsindən keçən tələbəlik, Ukraynada keçən əsgərlik illəri, “Azərbaycan pioneri”nin səhifələrindən başlanan, Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsindən, “Azərbaycan gəncləri”, “Kommunist”, “İzvestiya”, “Possiyski fermer” qəzetlərindən keçən, “Oqonyok”dan və “Literaturnaya qazeta”dan şaxələnən jurnalistlik fəaliyyəti, “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın Mərkəzi, Qərbi Asiya ölkələri üzrə xüsusi müxbiri və müxbir bürosunun müdiri, “Kaspiyan-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin prezidenti... 
Vasif Həzərxan oğlu Səmədov 1950-ci il yanvar ayının 22-də Masallı rayonunda anadan olub. 1968-ci ildə Nəriman Nərimanov adına Masallı şəhər orta məktəbini bitirib. Hələ məktəbdə oxuduğu vaxtda 1965-1968-ci illərdə Masallıda çıxan “Çağırış” qəzetində çıxış edib. Orta təhsilini başa vurduqdan sonra Bakıya gəlib, “Azərbaycan pioneri”qəzeti ilə əməkdaşlıq edib, qəzetin keçirdiyi müsabiqədə mükafat qazanıb. 1968-1969-cu illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində mütəmadi yazıları dərc edilib. 1969-cu ilin yanvar ayında Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin edilib. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə qəbul olub. 
1972-1974-cü illərdə hərbi xidməti başa vurduqdan sonra Azərbaycan KP MK-nin Siyasi Maarif  Evində işləyib. 1977-ci ildə universiteti müvəffəqiyyətlə bitib. 1977-1984-cü illərdə Ukraynanın Dnepropetrovsk vilayətində partiya, komsomol və təsərrüfat işlərində fəaliyyət göstərib. 1984-cü ildə Bakıya qayıdan Vasif Səmədov Azərbaycan KP MK-nin Marksizim-Leninizm Universitetinin qiyabi şöbəsi üzrə dekan vəzifəsində çalışıb və müxtəlif  mətbu orqanlarda çıxış edib. 

1986-cı ildən 1991-ci ilədək “Kommunist” qəzetində müxbir işləyib, aktual yazıları ilə geniş oxucu auditoriyasında tanınıb.  1991-ci ildən “İzvestiya” qəzetinin Azərvaycan Respublikası üzrə xüsusi müxbiri təyin edilib. 1991-1995-ci illərdə Bakı şəhər sovetinin deputatı kimi fəaliyyət göstərib. 

1992-ci ildən “Kaspian-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin təsisçisi və prezidentidir.
1994-1995-ci illərdə “Rossiyski fermer” qəzetinin, 1995-ci ildə isə “Oqonyok” jurnalının Azərbaycan, Türkiyə və İran dövlətləri üzrə xüsusi müxbiri olub. 1996-cı ildən jurnalın Mərkəzi, Qərbi Asiya ölkələri və Ukrayna Respublikası üzrə müxbir məntəqəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. Rusiyanın "Peremenı" Beynəlxalq Gənclik jurnalının baş redaktor müavini işləyib. 1999-ci ildə “literaturnaya qazeta”nın Mərkəzi və Qərbi Asiya ölkələri üzrə müxbir bürosunun müdiri və xüsusi müxbiri təyin edilib. 2000-ci ildə Rusiyanın üç televiziya kanalı, on iki radio stansiyası, “Literaturnaya qazeta”, “Kultura”, “Rossiya” və bir neçə populyar mətbu orqanı bir holdinqdə birləşdirilib. Vasif Səmədovun rəhbərlik etdiyi müxbir bürosu həmin televiziya kanallarının, radio stansiyaların və mətbu orqanların Mərkəzi və Qərbi Asiya ölkələri üzrə nümayəndəliyinə çevrilib.


Vasif Səmədovun yaradıcılığı, fəaliyyəti Azərbaycan jurnalistikasının,  həmçinin beynəlxalq medianın ali mükafatları ilə qiymətləndirilib. O, Azərbaycan Respublikası prezidentinin fərmanı ilə kütləvi informasiya vasitələrində uzun illər səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikasının Əməkdar jurnalisti” fəxri adına layıq görülüb. 1996-cı ildə “Oqonyok” jurnalının laureatı adını alıb. 1998-ci ildə Beynəlxalq Jurnalistlər Birliyinin keçirdiyi “Qafqazda sülh uğrunda”müsabiqəsinin birinci dərəcəli diplomu ilə təltif olunub. Bununla yanaşı Vasif Səmədov, Azərbaycan Jurnalistlər Birliyinin  həsən Bəy Zərdabi adına mükafatına, Azərbaycan Kütləvi İnformasıya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” və “Araz” ali ədəbi mükafatlarına layıq görülüb. 


Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi Vasif Səmədov 50 ildən artıq  fəaliyyəti dövtündə xalqımızın dünəni və bu günü haqqında həqiqəti, Azərbaycan elm və mədəniyyətinin uğurlarını, bu nailiyyətlərin qazanılmasında müstəsna xidmətləri olan həmvətənlərimizi dünyaya tanıtdırmış, ermənilərin apardığı məkrli siyasətə qarşı vətəndaş təəssubkeşliyi ilə  mübarizə aparmış qələm adamıdır. Onun  müxtəlif ölkələrin geniş oxucu kütlələrinə çatdırılmış, 20 Yanvar faciəsini təsvir edən “Müdaxilə”, Azərbaycanın milli qəhrəmanlarının, müqəddəs şəhidlik zirvəsinə yüksələn vətən övladlarının həyat yolunu əks etdirən “Təki Vətən yaşasın”, “Vətən üçün lazım gəlsə” kitablarının tarixi, siyasi, tərbiyəvi dəyəri olduqca böyükdür. “İzvestiya” qəzetinin səhifələrində çap olunan və sonra Azərbaycan və rus dillərində nəşr edilən “Müdaxilə”, “Vtorjeniye” silsilə yazıları 20 yanvar həqiqətləri ilə yanaşı, ermənilərin əsassız ərazi iddialarını, planlı fitnəkarlıqlarını da beynəlxalq auditoriyaya geniş açıqlayıb.


  Publisistik yaradıcılığı ilə yanaşı pedaqoji fəaliyyətlə məşğul olan Vasif müəllim öz zəngin təcrübəsini təəbələrlə bölüşməkdən heç zaman yorulmayıb. O, beynəlxalq jurnalistikanın nəzəri məsələlərinə dair elmi məqalələrin, “Beynəlxalq kütləvi informasiya vasitələri”  dərsliyinin müəllifidir.
Beynəlxalq jurnalistikanın azərbaycanlı təmsilçisi kimi özünəməxsus yeri və çəkisi olan Vasif Səmədov informasiya blokadasını qıran, Qarabağ həqiqətlərini dünyaya yayan ilk jurnalistlərimizdəndır.  Xalq şairi Bəxtiyar Vahabzadənin və professor Nurəddin Rzayevin “Azərbaycan jurnalistikasının dünyada səsi” adı məqaləsində qeyd edildiyi kimi, “Vasif Səmədov bu sahədə müstəsna yaradıcılıq və təşkilatçılıq fəaliyyəti ilə seçilən, böyük və danılmaz xidmətləri  olan bir söz adamıdır”. 


Xalq şairi Sabir Rüstəmxanlı da Vasif müəllimin fəaliyyətində məhz bu amili xüsusi vurğulayır: “Moskvanın, köhnə ittifaq mətbuatının Azərbaycana xroniki soyuqluğuna baxmayaraq Vasif illər uzunu”şaxtaya”, bu mərkəz “yekəxanalığı”na, bu rusofil lovğalığına, onun kor-koranə ermənipərəstliyinə, əsassız bitərəfliyinə dözüb, öz təvazökar, düz və ardıcıl fəaliyyəti ilə Azərbaycanın təmkinli, ədalətli səsini eşitdirməyə çalışıb”. 


 “Oqonyok” jurnalının Azərbaycan, İran və Türkiyə üzrə xüsusi müxbiri kimi Vasif Səmədov Azərbaycan ətrafında informasıya blokadasının dağılması, müstəqil dövlətin daxili və xarici siyasətinin rusdilli, transmilli media vasitəsilə dünyaya çatdırılması işində fəaliyyətini daha da genişləndirdi. “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın xüsusi müxbiri olaraq Vasif Səmədov müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi sahəsində uğurlarımızın və mövcud problemlərimizin, xüsusilə Qarabağ probleminin tarixi ədalət prinsipi əsasında həlli, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində respublika rəhbərliyinin apardığı siyasətin düzgün, qərəzsiz işıqlandırılmasında öz prinsipiallığı və obyek tivliyi ilə seçilib. O, öz yazıları ilə xalqının, ölkəsinin mənafeyinə xidmət edən vətəndaş mövqeyini, jurnalist obyektivliyini və fədakarlığını, yüksək intellekt və mədəniyyətini daim təsdiq edib, geniş oxucu kütləsinin rəğbətini, məhəbbətini qazanıb.

Vaxtilə “Literaturnaya qazeta”nın baş redaktoru olmuş Lev Quşşinin dediklərinə diqqət yetirək: “Vasif Səmədov jurnalistikaya yeni münasibətdə bizim hamımız üçün müəyyən dərəcədə nümunə, örnək oldu: elə bir münasibət ki, burada yazının özü deyil, məhz son nəticə –  oxucu marağı, sözün kəsəri və səmərəliliyi önə çıxır”.
Vasif Səmədov məqalələrinin, publisistikasının əsas mövzusunu vətənpərvərlik təşkil edir. Xalq yazıçısı Anar Vasif Səmədovun jurnalistlik fəaliyyətinin iki məqamına toxunaraq göstərir ki, “o, həm istedadlı və işgüzar qələm sahibi, həm də dərdlərimizlə tək qaldığımız dövrdə Qarabağ ağrımızla bağlı keçmiş SSRi-nin mərkəzi mətbuatında işıq üzü görən yazıların müəllifi – vətənpərvər  jurnalistdir”. 


1990-cı ilin Qanlı Yanvar günlərində informasiya blokadasına salınmış, təcrid edilmiş Azərbaycanın gerçəkliklərini, ölkədə baş verən misli görünməmiş faciələr haqqında həqiqətləri keçmiş SSRİ-nin ən çox oxunan mətbu orqanlarından biri olan “İzvestiya” qəzeti vasitəsi ilə dünyaya car çəkmək bacarığı, peşəkarlığı və jurnalist ləyaqəti bu dəyərli insanın vətən sevgisini əks etdirirdi. 


 Ermənilərin anti-Azərbaycan təbliğatının hökm sürdüyü bir vaxtda – 1996-cı ildə “Oqonyok” jurnalının bütöv bir nömrəsinin Azərbaycan Respublikasına, onun bu gününə və tarixinə, nailiyyətlərinin və problemlərinin təhlilinə həsr edilməsi, ən əsası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazisinin 20 faizinin işgal edilməsi, bu təcavüzün ağır nəticələri barədə materialların yer alması Vasif Səmədovun  vətəndaş mövqeyinin bariz nümunəsi idi. Qeyd etmək lazımdır ki, “Oqonyok” jurnalının yüz illik tarixi ərzində bir nömrənin xüsusi buraxılışı, həm də postsovet məkanından olan bir  respublikaya həsr olunması ilk təcrübə, tarixi hadisə idi. Ümummilli lider Heydər Əliyev bu tarixi hadisəni təqdimat mərasimində söylədiyi nitqdə  qiymətləndirərək demişdi: “Bu, sadəcə olaraq, jurnalın bir nömrəsi deyil, Azərbaycan haqqında kitabdır, həm də çox yaxşı kitabdır”. 


Jurnalın baş redaktoru  Lev Quşşin bu nömrənin ərsəyə gəlməsində Vasif Səmədovun fəaliyyətini yüksək dəyərləndirmişdi: “Vasif Səmədov onun qarşısında qoyulmuş, demək olar ki, bütün vəzifələri təyin edilmiş vaxtda yerinə yetirdi və bu, onu avtomatik olaraq o vaxtkı “Oqonyok”un ən hörmətli adamları cərgəsinə çı Vasif Səmədovun xardı… Bu müvəffəqiyyəti başqa adamlarla və başqa bölgələrdə təkrar etməyə cəhdlər göstərildi. Amma hər şey əbəs idi. Bakı fonemeni təkraredilməz və əlçatmaq olaraq qaldı”. 
Rusiya Jurnalistlər İttifaqının üzvü Vladimir Zaselski qeyd etdiyi kimi, “Vasif Səmədovun “Oqonyok” jurnalının bir nömrəsinin Azərbaycana həsr olunması ideyasını Azərbaycan və rus xalqları arasında dostluğun sönməməsi, əksinə, daim işıq saçması üçün çox faydalı idi. Onun bu addımı Azərbaycan və Rusiya dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə xidmət etməklə bərabər, həm də iki qonşu xalqın mədəniyyətinin koordinasiya olunması baxımından çox önəmli idi”.


Vasif Səmədov bu gün Qərb mediasının bizə qəbul etdirmək istəyi  “jurnalistin vətəni olmur” fikrinin əksinə olaraq, peşəkar jurnalist olmaqdan öncə, ləyaqətli vətəndaşdır. Almaniya televiziyasının  rejissoru Ştefan Fişer  “Stalker və dost” adlı məqaləsində yazırdı: “20 il ərzində müxtəlif  “stalker”lərlə – yaxşıları ilə də, pisləri ilə də, vicdanlıları ilə də, vicdansızları ilə də işləmişəm. Amma inanın, bütün bu illər ərzində elə bir insana rast gəlməmişəm ki, öz ölkəsini, vətənini, xalqını mənim azərbaycanlı stalkerim Vasif Səmədov qədər ürəkdən, candan sevsin... Vasiflə fəaliyyətimizin ilk vaxtları idi. Onunla kabinetdə oturub söhbət edirdik. Birdən dedi: “Bura bax, Ştefan, mən öz ölkəm haqqında, burda baş verən hadisələr haqqında çox şey bilirəm. Çoxunu danışacam, çoxunu sənə göstərəcəyəm. Amma məndə elə informasiyalar var ki, onları sənə heç zaman verməyəcəyəm!”  Razılaşarsınız ki, artıq şərhə ehtiyac yoxdur. Necə deyərlər, no comment. Sadəcə, bir informasiyanı qeyd etmək istəyirəm ki, həqiqi vətənpərvər Vasif  Səmədovun da böyük əməyi, xidməti olan “Odlar diyarı” filmi Almaniyada böyük uğur qazanıb. Bundan başqa o, İsveçrə televiziyasının Azərbaycana həsr etdiyi daha bir filmin ssenarisinin həmmüəllifi olub.


Ulu öndər, dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevi prezidentliyi dövründə əksər xarici səfərlərdə müşayət etmiş, ən mühüm hadisə və görüşlər zamanı onunla təmasda olmuş Vasif Səmədov Rusiya mətbuatında Azərbaycanın xarici siyasətinin salnaməsinin yaradılmasında müstəsna xidmət göstərib. Heydər Əliyevin fəliyyəti kontekstində dövlətimizin xarici siyasətini, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın dəyişməz mövqeyini beynəlxalq arenada işıqlandırıb. Onun təşkilatçılığı ilə Rusiyanın aparıcı KİV-nin təmsilçilərinin üç dəfə Prezident Heydər Əliyevlə görüşü keçirilib. “İzvestiya” qəzetinin şöbə redaktoru Valeri Konovalov Ümummilli lider Heydər Əliyevlə görüşdən təəssüratlarını bölüşərək yazırdı: “Respublikanın keşməkeşli, ağır günlərində biz Vasiflə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatına həsr olunmuş silsilə yazılar hazırlayırdıq… Ölkənin çətin günlərində işləri başından aşan dünyaşöhrətli siyasi xadim Heydər Əliyev ətraflı, açıq söhbət üçün bizə bir neçə saat vaxt ayırmağa macal tapdı. Özü də gecənin bir vaxtında. Bu adama möcüzə kimi gəlirdi”.


Vasif Səmədovun publisistikasının gücü səmimiyyətində və obyektivliyindədir. Yazıların sadə, axıcı və lakonik dili, müqayisəli təhlil mədəniyyəti, dəmir məntiq Vasif müəllimin yaradıcılığını şərtləndirən əsas məziyyətlərdəndir. Onun qələmindən çıxan məqalələrin siyasi, ideoloji, mənəvi mahiyyəti, məzmun konkretliyi daim diqqəti cəlb edir. “Oqonyok” jurnalında Azərbaycan xalqının mənəvi dəyərlərini, mental xüsusiyyətlərini ifadə edən yazıları elmi-fəlsəfi təhlili ilə seçilir. Yazıçı-publisistin müxtəlif səpgili məqalələrində, milli ruh, mənəvi dəyərlərə bağlılıq, Qarabağ dərdi, torpaq həsrəti boylanır.
Vasif müəllim bu gün də böyük amalı uğrunda yazıb yaradır: yazıçı-publisistin həmmüəllif olduğu “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyi gərgin araşdırmaların, yorulmadan aparılan tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.


Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaq, onları beynəlxalq qurumların qərarlarına hörmətlə yanaşmağa səsləmək, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək – bu böyük və dəyərli tədqiqatın əsas mahiyyəti budur.


Vasif Səmədov bildirdi ki, “Xocalıya ədalət!” çağırışı beynəlxalq erməni terroruna qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Təqdim edilən kitablar bu modelin böyüklüyünü və əhəmiyyətini dərk etməkdə gələcək mübarizələr və qələbələr üçün lazımi nəticələr çıxarmağa kömək edəcəkdir.


Vasif müəllimi bir jurnalist kimi xalqa sevdirən onun vətənpərvərliyi, milli ləyaqəti, torpaq təəssübkeşliyidirsə, bir şəxsiyyət kimi fərqləndirən, hörmət və rəğbət doğuran isə fərdi xüsusiyyətləri, insani keyfiyyətləridir. Vasif müəllim sədaqətli dost, ədalətli müəllim, nəfsinə sahib Allah adamı, sözübütöv, mərhəmətli, prinsipial, qayğıkeş, xeyirxah, qonaqpərvər insandır. Onu səciyyələndirən, xarakterizə edən bu xüsusiyyətləri təkcə həmvətənləri, görkəmli Azərbaycan ziyalıları, doğmaları və dostları, tələbələri  deyil, həmçinin fəaliyyət göstərdiyi kollektivin – “Oqonyok”, “Literaturnaya qazeta”, “İzvestiya” və digər mətbu orqanların səlahiyyət sahibləri, redaktorları, rus jurnalistləri – Lev Quşşin, Oleq Moroz, Anatoli Orlov, Valeriy Vıjutoviç, Aleksandır Sıqanov, Valeri Konovalov kimi ünlü simalar da etiraf və təqdir edirlər. “Rossiya” qazetinin redaktoru Aleksandr Sıqanovun dostu haqqında söylədiyi sözlər  Vasif müəllimin mənəvi portretini canlandırır: “ O, həm peşəkar qələm sahibidir, həm də dostdur, sözün əsl mənasında qayğıkeş ürək döstudur. Əks təqdirdə, bu peşədə Vasif çoxlarından fərqlənərdi. Təəssüf ki, belə bir hərbi peşə də yoxdur, əgər olsaydı, onda biz bu gün Vasif kimi marşala malik olardıq. Heyf ki, belə bir elm də yoxdur. Olsaydı, onda Nobel komitəsi hər il onu mükafata layıq görərdi”. 


Bu insani keyfiyyətlər kontekstində müəllimim haqqında başqa bir müəllimim-professor Cahangir Məmmədlinin danışdığı bir detalı xatırlamaq yerinə düşər: “Universitetin Jurnalistika fakültəsində Vasif Səmədovla görüş keçirilirdi. Tələbələrlə çox səmimi söhbət-dialoq vaxtı kamera yoxluğu ucbatından görüşün lentə alınmadığını hiss edən Vasif müəllim səhəri gün tələbələrə dikdafon və videokamera göndərdi”.


Başqa bir məqam. Professor Nazim Hüseynlinin onun haqqında yazdığı bu sözləri oxuyub təsirlənməmək olmur: “Anasına olan ölçüyəgəlməz məhəbbəti məni Vasif müəllimə bağlayan ən böyük amillərdən biridir. İnsan ürəyində nə qədər böyük ana sevgisi olarmış! Onun hər sözünün əvvəli də, axırı da anadır”. Bəli, hər şey ilk sevgidən – ana məhəbbətindən başlayır. Ana sevgisi böyüyərək, Vətən eşqinə, xalq məhəbbətinə, humanizmə, amala, məsləyə çevrilir. 
Vətənə xidmət  həm də, nümunəvi ailə yaratmaqdan başlayır. Bu aspektdən də Vasif Səmədov xalqa, Vətənə xidmət nümunəsidir. Müsahibələrinin birində Vasif müəllimin qeyd etdiyi kimi, ailə dəyərləri onun həyatda qazandığı böyük mükafatıdır: “Əmək fəaliyyətimdə Ulu Tanrının nəsib etdiyi ən böyük mükafatım Heydər Əliyev kimi böyük bir şəxsiyyətlə ünsiyyət, xarici səfərlərdə onu müşayət etmək, bütün bunları təmsil etdiyim transmilli mətduatda işıqlandırmaq olub. Həyatda böyük mükafatım isə ailə dəyərlərimdir. Ailəmizin baş tələbi Allaha bəndəlik etmək, Vətənə,  el-obaya xidmət göstərməkdir. Həyat yoldaşım, üç oğlumun anası Solmaz xanım həmişə mənə arxa-dayaq olub. Övladlarım arzularımı çiçəkləndiriblər, məni naümid qoymayıblar. Nəvələrim mənə babalıq sevinci bəxş ediblər. Mən ailəmlə fəxr edirəm. Yerdə qalanlara qiymət vermək isə ətrafdakıların işidir”. 


Müdriklik zirvəsini fəth edən ləyaqətli vətəndaş, peşəkar jurnalist, milli-mənəvi dəyərlərə sadiq ziyalı Vasif Səmədovun 70 il addımladığı ömür yollarına nəzər saldıq.  Deməyə bir söz qalır, əziz müəllimimiz: həyat eşqiniz, yaradıcılıq enerjiniz tükənməsin! Can sağlığı ilə yeni yubileylərə...
 
Leyla RƏŞİD, 
Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri,
BDU-nun Jurnalistika fakültəsinin əməkdaşı, doktorant

# 3859
avatar

Oxşar yazılar