“Qu gölü”nə rus baletinin ulduzları “qonacaq”
16 yanvar 2020 15:39 (UTC +04:00)

“Qu gölü”nə rus baletinin ulduzları “qonacaq”

Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası olacaq. 

Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada baş rolları ifa etmək üçün rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycanın Əməkdar artisti, həmyerlimiz Timur Əsgərovu (Şahzadə Ziqfrid) dəvət edilib. 

Tamaşada Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış edəcəklər.

Tamaşanı teatrın baş dirijoru, respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

# 2583
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar