10:41
16 Yanvar 2020

Azərbaycan "Dünyanın ən yaxşı ölkələri" reytinqində mövqeyini yaxşılaşdırdı

ABŞ-ın nüfuzlu "U.S. News & World Report" jurnalının bu il tərtib etdiyi "Dünyanın ən yaxşı ölkələri" reytinqində Azərbaycan ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq 70-ci pillədən 61-ci yerə yüksəlib.

"APA-Economics"in jurnala istinadən verdiyi məlumata görə, reytinq hazırlanarkən siyasət, iqtisadiyyat, sosial sahə, turizm, mədəniyyət və s. baxımından ölkədəki vəziyyətlə bağlı 20 mövqe təhlil edilib.

Ümumilikdə, 73 ən öndə gedən ölkənin yer aldığı reytinqdə Azərbaycan həm də iqtisadi göstəricilər üzrə hazırlanan reytinqlərdə də yüksəlişə nail olub. Azərbaycan "Sahibkarlığın inkişafı səviyyəsi" üzrə reytinqində ötən ilə nisbətən 11 pillə irəliləyib və builki siyahıda 64-cü yerdə qərarlaşıb. Bundan əlavə, Azərbaycan "Biznesə başlamaq" üzrə reytinqində yüksəlişə nail olaraq 62-ci yerdən 57-ci yerə qalxıb.

Qeyd edək ki, "Dünyanın ən yaxşı ölkələri" reytinqində ilk üç pillədə İsveçrə, Kanada və Yaponiya qərarlaşıb. Siyahını Qazaxıstan, Qvatemala və Boliviya tamamlayır.

Dİgər xəbərlər