17:36
13 Yanvar 2020

AzTV yanında Bədii Şuranın toplantısı keçirilib

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın növbəti toplantısı keçirilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanovun Lent.az -a verdiyi məlumata görə, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək bu il görüləcək işlər və gözləntilər barədə qısa məlumat verib.

Sədr qeyd edib ki, artıq bu il İdman TV-nin səhər proqramı efirə çıxacaq və bununla hər üç (AzTV, Mədəniyyət TV və İdman TV) kanalının ayrıca səhər proqramı olacaq.

Mədəniyyət TV-nin səhər studiyasının yenidən tikildiyini deyən Rövşən Məmmədov bildirib ki, bu il AzTV-də yeni, daha maraqlı və dinamik verilişlər olacaq: “İl ərzində yeni studiyaların tikilməsi planlaşdırılır. Verilişlər arasında rəqabət müşahidə olunur. Eyni zamanda “Hüquq və mən”, “Baku s Nadejdoy” kimi verilişlərin çəkilişləri artıq başlanıb və yaxın günlərdə yayımlanması planlaşdırılır”.

İclasda Şura üzvləri xalq artistləri Mübariz Tağıyev, Ramiz Quliyev, Faiq Sücəddinov, Mənsum İbrahimov, professor Ceyran Mahmudova, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri danışaraq fikir və təkliflərini bildiriblər.

Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıb, təklif və iradlarını bildiriblər. Həmçinin qərara alınıb ki, Bədii Şura bölgələrdə də bu il bir qədər fərqli formatda ictimaiyyətlə görüşlər keçirsin. İlk görüş yerinin keçiriləcəyi yer kimi Sumqayıt şəhəri seçilib.

Dİgər xəbərlər