Coğrafiya İnstitutu Türk dünyasının coğrafiyası ilə bağlı kitablar hazırlayır
10 yanvar 2020 15:25 (UTC +04:00)

Coğrafiya İnstitutu Türk dünyasının coğrafiyası ilə bağlı kitablar hazırlayır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Türk dünyasının coğrafiyasına işıq tutan kitablar üzərində işləyir.

AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov Lent.az-a bildirib ki, Türk dünyasının coğrafiyasının yazılması təşəbbüsünü 2017- ci ildə Türkiyənin İzmir şəhərində keçirilən coğrafiya konqresində institutun direktoru, akademik Ramiz Məmmədov irəli sürüb. 3 cilddən ibarət kitabın ilk cildi artıq çap olunub: “Kitabın birinci cildi artıq hazırdır. “Türk dünyasının coğrafiyası və etnosu” adı ilə fiziki coğrafiya çap olunub. İkinci-iqtisadi və sosial coğrafiya yenə də “Türk dünyasının coğrafiyası və etnosu” adı altında hazırlanıb və bu günlərdə nəşr olunacaq. 3-cü cild isə regionlara həsr olunacaq. Kitabda həm türk dövlətlərinin, həm türk milli qurumlarının, eləcə də milli qurum və dövləti olmayan türk xalqlarının coğrafiyası əhatə olunacaq. Yayılmaları, təsərrüfatları, fiziki-coğrafi xüsusiyyətləri, sənayesi, əhalisi, nəqliyyatı kimi məsələlər nəşrdə əksini tapacaq. Türk dünyasının coğrafiyası kitabı ilk dəfədir ki, bu həcmdə və qaydada nəşr olunub. Bu kitablardan türk dünyasının coğrafiyası haqqında tam məlumat əldə etmək olar”.

M.Həsənov son illərdə Coğrafiya İnstitutunda respublikanın coğrafiyasının daha dərindən, konkret öyrənilməsi məqsədinin qarşıya qoyulduğunu da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan coğrafiyası tarixində ilk dəfə 2014-2016-cı illərdə 3 cildlik Azərbaycanın coğrafiyası nəşr edilib. 3 cildi birlikdə təxminən 1600 səhifə həcmində olan kitablarda Azərbaycanın relyefi, hidrologiyası, geoloji quruluşu, iqlimi, landşaftı, mühafizə olunan əraziləri, Azərbaycan əhalisi, təbii artımı, məskunlaşması, yaş tərkibi, əmək ehtiyatları, Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar haqqında məlumatlar əksini tapıb. Araşdırmanın 3-cü cildi isə regionlara həsr olunub və həmin əraizlər haqqında geniş məlumatları əks etdirib: “Hazırladığımız həmin kitablara görə Azərbaycan Prezidentinin sərəncamı ilə kitabın ərsəyə gəlməsində əməyi olan institutun 4 əməkdaşı Azərbaycanın Dövlət Mükafatına layiq görülüb. Bundan başqa, institut Naxçıvan Muxtar Respublikasının Coğrafiyası monoqrafiyasını hazırlayıb. İki il ərzində hazırlanan 2 cildlik kitab Naxçıvanda çap olunub”.

M.Həsənov ümumillikdə son illərdə institutun nəşr etdirdiyi coğrafiyiamızla bağlı faydalı kitabların tirajlarının azlığıının təəssüfləndirici məqam olduğunu da vurğulayıb.   

 

# 3680
avatar

Aygün İbrahimli

Oxşar yazılar