1225
01:32
09 Yanvar 2020

Tramp İranın raket hücumuna görə əvvəlki administrasiyanı günahlandırıb

“Ötən gecə bizə və bizim müttəfiqlərimizə atılan raketlər əvvəlki administrasiyanın yaratdığı maliyyə imkanları hesabına əldə edilib”.

APA-nın məlumatına görə, prezident Donald Tramp bu gün keçirdiyi mətbuat konfransında İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra xalqa müraciətində belə deyib.

İranla imzalanan nüvə razılaşmasının “axmaq saziş” olduğunu deyən Tramp bildirib ki, bu razılaşma İrana küllü miqdarda maliyyə vəsaiti əldə etməsi imkanı verib və bu vəsait Yaxın Şərqdə terrorçuluğun dəstəklənməsinə yönəldilib.

“Təkcə son aylarda İran beynəlxalq sularda üzən və onun üçün heç bir təhlükə yaratmayan gəmiyə, həmçinin Səudiyyə Ərəbistanına hücumlar təşkil edib, ABŞ-ın iki dronunu vurub. İranın ədavəti 2013-ci ildə axmaq nüvə razılaşması imzalandıqdan sonra əhəmiyyətli dərəcədə artıb və onlar 150 milyard dollar məbləğində nəqd, ümumilikdə isə 180 milyard dollar əldə ediblər. ABŞ-a təşəkkür etmək əvəzinə, ölüm şüarları səsləndiriblər”.

ABŞ prezidenti əlavə edib ki, İran razılaşmadan əldə etdiyi maddi vəsaitlə terrorizmə dəstək verib və Yəməndə, Suriyada, Livanda, Əfqanıstanda, İrqada cəhənnəm yaradıb: “Ötən gecə bizə və bizim müttəfiqlərimizə atılan raketlər əvvəlki administrasiyanın yaratdığı maliyyə imkanları hesabına əldə edilib. Rejim hətta bu yaxınlarda İranın müxtəlif yerlərində keçirilən etiraz aksiyalarında 1500 insanı da öldürərək öz hakimiyyətini möhkəmləndirib. İran nüvə ambisiyalarını tərk etməli və terrorizmə dəstəyə son qoymalıdır. Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çinin bu reallığı tanımasının vaxtı çatıb”.