Azərbaycanın qadın alimi dünyasını dəyişib
08 yanvar 2020 13:31 (UTC +04:00)

Azərbaycanın qadın alimi dünyasını dəyişib

Kimyaçı alim, Əməkdar elm xadimi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, akad. Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) laboratoriya rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Fazilə Səmədova  91 yaşında vəfat edib.

AMEA-dan Lent.az-a verilən məlumata görə, Fazilə İbrahim qızı Səmədova 1929‑cu il martın 29‑da Şamaxı şəhərində ziyalı ailəsində anadan olub. 1946‑cı ildə Bakı şəhər 132 saylı məktəbi qızıl medalla bitirib, həmin il M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (ASİ) Kimya-texnologiya fakültəsinə qəbul olub. O, 1952‑ci ilin dekabrına qədər Yeni Bakı Neftayırma Zavodunda növbətçi mühəndis vəzifəsində çalışıb, sonra Azərbaycan Sənaye İnstitutunun Neftin kimyası və texnologiyası kafedrasına aspiranturaya qəbul edilib, 1954‑cü ilin aprelində isə M.Qubkin adına Moskva Neft İnstitutunun Yağların və sürtkülərin texnologiyası kafedrasına aspirant kimi köçürülüb.

1956‑cı ildə “Yağların kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra ASİ-nin Neft kimyası və texnologiyası kafedrasında asistent, dosent və kafedranın professoru vəzifələrində çalışıb. Alim 1960-1981-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun Yağların kimyası və texnologiyası laboratoriyasında böyük elmi işçi vəzifəsində işləyib. O, 1982‑1988‑ci illərdə ASİ‑də ixtisas fənnindən dərs deyib, aspirantların elmi rəhbəri olub. 1986‑cı ildən ömrünün sonlarına qədər isə NKPİ-nin Neftlərin tədqiqi və yağların texnologiyası laboratoriyasına rəhbərlik edib.

Onun bütün elmi fəaliyyəti neft və neftayırma sənayelərinin işi ilə sıx əlaqədə olub. 1960‑1973‑cü illərdə aparılan tədqiqatların nəticəsi alimin “Bakı parafinli neftlərindən yüksək iqtisadi səmərəli texnologiyalarla distillat və qalıq yağlarının alınmasının tədqiqi və Azərbaycanda istehsalı perspektivləri” mövzusunda dissertasiya işində əksini tapıb və o, uğurla müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alıb. 1987‑ci ildə ona “Neftin və qazın texnologiyası” ixtisası üzrə professor elmi adı verilib. Elmi və pedaqoji fəaliyyətinə görə, 1991‑ci ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb. 1995‑ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001‑ci ildə isə AMEA‑nın müxbir üzvü seçilib.

F.Səmədovanın elmi-tədqiqat işlərinin nəticəsi 530 elmi əsərdə, o cümlədən 24 monoqrafiya, 1 publisistik kitab, 64 müəllif şəhadətnaməsində və patentdə öz əksini tapıb. Onun rəhbərliyi altında 4 elmlər, 20 fəlsəfə doktoru hazırlanıb.

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

# 2264
avatar

Aygün İbrahimli

Oxşar yazılar