16:56
07 Yanvar 2020

"Azərbaycanda heç kəs mənim məsləhətimə qulaq asmaq istəmədi" - Qyoko Haciyevski

Azərbaycan millisinin sabiq baş məşqçisi, hazırda BƏƏ-nin "Emirates" klubunu çalışdıran Qyoko Haciyevskinin apasport.az saytına müsahibəsi

- Müəyyən müddətdir ölkəmizdən ayrılmısız. Yenə Azərbaycan futbolunu izləyirsiz?

- Bəli, izləyirəm.

- AFFA milliyə baş məşqçi axtarışındadır. Yığmanı yenidən çalışdırmaq istəyərdiniz?

- Çalışdırmaq istəyərdim. Amma özümü təklif etməzdim. Bu çox ciddi işdir. Hazırda mənim işim var. Özüm özümü milliyə təklif etməyim yaxşı olmaz.

- Sizcə, Azərbaycan millisi indi, yoxsa sizin vaxtınızda güclü idi?

- Mən bu haqda çox danışmışam. Amma heç kəs mənim məsləhətimə qulaq asmaq istəmədi. Azərbaycanı sevirəm. Orada yaxşı dostlarım var. Azərbaycanda yaxşı nəticələr qazanmışam. Amma təəssüf ki, mənim məsləhətim heç kimə lazım olmadı.

- Hansı məsləhəti vermişdiniz ki?

- Bilirsiz, mən üç il Səudiyyə Ərəbistanında, üç il BƏƏ-də çalışmışam. Orada futbol yüksək səviyyədədir. Bura baş məşqçi kimi düşmək çətindir. Yəqin ki, məşqçi kimi yaxşı işə baxırlar deyə dəvət edirlər.

- Azərbaycan millisinin zəif olmasını nə ilə əlaqələndirərdiz?

- Son 7-8 ildə hansı azərbaycanlı futbolçu Avropada tanınmış komandada oynayıbmı? Uşaq komandaları Azərbaycanda necə işləyir, hansı nəticələri var? Bunlar müzakirə mövzularıdır. Azərbaycan futbolu haqda çox danışa bilərik. Amma heç kimin işinə qarışmaq istəmirəm. Yaxşısı danışmamağımdır. Sonra elə bilərlər ki, mən işləmək üçün özümü təklif edirəm. Xeyr, bu, mənə lazım deyil. Sadəcə dedim ki, bir yol tapmaq lazımdır. Azərbaycana və futbolunuza ancaq uğurlar arzu edirəm.

- Əvvəlki illərlə müqayisə aparsanız, futbolumuz hansı vəziyyətdədir?

- Tənqid etmək istəmirəm. Ancaq onu bilirəm ki, indiki futbolunuz Azərbaycanda 2009-2011-ci illərdəki futbola yaxın belə deyil.

- Hazırda "Emirates"i çalışdırırsınız. Azərbaycanlı futbolçulardan sizə maraqlı gələn, komandanıza cəlb etmək istədiyiniz heç kim yoxdur?

- Bizdə iki əcnəbi futbolçu var. Gələcək əcnəbilər yerlilərdən minimum iki dəfə güclü olmalıdır. Əgər əlimdən gəlsəydi, günü sabah Elvin Yunuszadəni komandaya götürərdim.

- Niyə məhz onu?

- O, mənim futbolçum olub. Elvin Avropa səviyyəsində futbolçu ola bilərdi. Amma ona Azərbaycanda nəyə görə dəyər vermədiklərini anlamıram. Yunuszadə 17 yaşında olarkən "Simurq"da mənim rəhbərliyim altında oynayırdı.

- Bəs siz necə düşünürsünüz, nəyə görə ona qarşı münasibət belədir?

- Bilmirəm. Deyirlər ki, o, işinə o qədər də ciddi yanaşmır. Bu necə ola bilər? O, Çempionlar Liqasında oynayıb, "Neftçi"nin kapitanı olub, millidə də çıxış edib, indi isə 27 yaşı var. Sadəcə anlamıram. 35 illik məşqçi təcrübəm var. 1000-dən çox oyuna çıxmışam. Ola bilsin ki, futbolu o qədər də yaxşı bilmirəm. Azərbaycanda Elvindən savayı, Avropada oynayacaq gücdə daha 5-6 futbolçu var idi. Onlar arasında Rauf Əliyevin də adını çəkə bilərəm. Amma nədənsə bu baş vermədi. Hər halda, mən Azərbaycan futboluna ancaq uğurlar arzu edirəm. Azərbaycanı çox sevirəm, hamını salamlayıram.

Dİgər xəbərlər