Anası tərəfindən atılan, atası öldürülən “Apaçe”: “Pəncərəmizə güllələr yağırdı...” - SİRLİ ULDUZLAR
03 yanvar 2020 14:34 (UTC +04:00)

Anası tərəfindən atılan, atası öldürülən “Apaçe”: “Pəncərəmizə güllələr yağırdı...” - SİRLİ ULDUZLAR

Onun həyatı çoxuna nağıl və ya film kimi gələ bilər. Nələrlə üzləşdiyini biləndə insanın əti ürpəşir. Körpə vaxtından şiddətli ağrını hiss edib, uşaq yaşlarından kriminal hadisələrlə rastlaşıb. Daha nələr görməyib ki... Ata itkisi, doğma anasının ondan imtina etməsi, ölüm riski və körpəlikdən “yadigar qalan” silinməz ləkə. Bəlkə də bunları yaşamasaydı, sıradan, heç kimin tanımadığı bir insan olacaqdı. Neqativ olayların onu “topa tutduğu” vaxtda həyata topla tutunaraq əzmkar futbolçu Karlos Tevezə çevrilib.

Xalasının qucaq açdığı uşaq

Tevez 1984-cü il, fevralın 5-də Argentinanın paytaxtı Buenos-Ayresin Syudadela rayonunda Xuan Alberto Kabral və Fabiana Trina Martinesin ailəsində dünyaya göz açır. Atası cavan yaşda faciəvi şəkildə - başından və bədənindən 23 güllə ilə vurularaq öldürülür. Karlos 6 aylıq olanda isə anası ailəni tərk edir. Bundan sonra gələcəyin ulduzunu xalası - Adriana Noemi Martines və onun əri Sequndo Raymundo Tevez öz himayəsinə götürür. Onların özlərinin 4 uşağı olsa və kasıblıqdan əziyyət çəksələr də, bu addımı atıblar.

10 aylıq körpənin ölümlə mübarizəsi

Hələ 1 yaşı tamam olmamış, daha dəqiq desək, 10 aylıq ikən Karlos ölümdən dönür. Nəzarətsiz qalan körpə mətbəxdə oynayarkən qaynar su ilə dolu çaydanı üstünə aşırır. Boynundan sinəsinə qədər yanan uşaq xəstəxanaya yerləşdirilir. Həkimlərin 3-cü dərəcəli yanıq diaqnozu qoyduğu Karlosun vəziyyəti kritik olur. Təxminən 2 ay reanimasiyada qalan körpə ölümlə mübarizədən qalib ayrılır. Ancaq bu, ona sağ qulağından sinəsinə qədər yayılan yanıq ləkəsi hesabına başa gəlir.

Syudadela Argentinanın ən kriminal rayonlarından sayılırdı. Karlosun xalasıgilin qaldığı Exersito de los Andes şəhərciyində isə vəziyyət daha kritik idi. “Fort Apaç, Bronks” filminin şərəfinə həmin yeri Fuerte-Apaçe də adlandırırdılar. Karlosun “Apaçe” ləqəbi də məhz buradan gəlir.

“Qorxumuzdan döşəməyə uzanıb dua edirdik”

Fuerte-Apaçedə həyat çox qorxulu, təhlükəli idi. Bütün gecələr bir-birinə bənzəyirdi: atışma səsləri, sındırılan pəncərələr, öldürülən insanlar. Səhər işə, məktəbə gedənlərin qarşısına cəsədlər çıxırdı. Küçələr əyyaş və narkomanlarla dolu idi. Narkotik satışı hətta günün günorta çağı, göz görə-görə həyata keçirilirdi. Bundan əlavə, avaralar oğurluq edərək, insanları soyurdular. “Uşaq vaxtı küçəyə tək çıxmamağa çalışırdım. Çünki bu, çox qorxulu idi. Gecələr bizim rayon müharibə ocağını xatırladırdı. Bir qayda olaraq, qışqırıq, güllə və polis maşınının səsini eşidirdik. Bəzən elə olurdu ki, pəncərəmizə güllələr yağırdı. Qorxumuzdan döşəmənin üstünə uzanıb Tanrıya dua edirdik. Səhər isə heç nə olmamış kimi, məktəbə gedirdim. Hər dəfə yolda meyitlər görürdüm. Cavan-cavan oğlanlar kriminal aləmə qoşulmuşdular”, - həmin anları yada salır “Apaçe”.

Ya futbol, ya kriminal aləm

Xalasının yoldaşı tikintidə usta işləyir, böyük ailəni çətinliklə dolandırırdı. Bəzən 12 yaşlı Karlosu da özü ilə birgə aparır, onu yavaş-yavaş işə alışdırırdı. Ümumiyyətlə, “Apaçe”ni çox istəyir, doğma övladlarından ayırmırdı. Hətta Karlosun üstündə daha çox əsirdi, onu qorxulu mühitdən, təhlükədən uzaq tutmağa çalışır, qoruyurdu. Karlitos da Sequndonu çox istəyir, ona “ata”, xalasına isə “ana” deyirdi. Şiddət və narkomaniyanın baş aldığı şəhərcikdə boya-başa çatan Karlosun iki yolu var idi: ya çox sevdiyi futbolun dalınca getməli, ya da kriminal aləmə girişməliydi. O, futbolu seçir.

Növbəti dəfə ölüm təhlükəsi

 Həm bir məhəllədə qaldıqları, həm də digər uşaqlar arasında öz istedadı ilə seçilirdi Karlos. Bir dəfə kriminal dəstənin uşaqları ilə futbol oynayırlar. “Apaçe” vurduğu qolların sayını itirir. Böyük hesablı məğlubiyyət narkoman və xuliqanların yer aldığı rəqib komandaya çox pis təsir edir. Nəticədə onlar Karlosgili öldürməyə qərar verirlər. Hava qaraldığından və Tevez hələ də evə gəlmədiyindən, ona analıq edən xalası narahat olur, dalınca gedir. Dostu ilə birlikdə ikisini də götürüb məhəlləyə tərəf qayıdır. Bu zaman ölümlə üz-üzə qalırlar. Narkomanlardan biri önlərini kəsərək, əlindəki silahı onlara tərəf tutur. Xoşbəxtlikdən ətrafdakılar bunu görür. Nəticədə təşvişə düşən narkoman oradan qaçır.

"Ayaq barmaqlarım tədricən inkişafdan qaldı”

“Futbol oynadığımız yer poliqona bənzəyirdi. Hər gecə həmin meydançada atışma olduğundan, ertəsi gün oraya ayaq basmaq həyatınla risk etmək idi. Çünki torpağın üstü şüşə parçaları və şprislərlə dolu olurdu. Zədələnməmək, yaralanmamaq üçün dua edirdik. Adətən pul, çörək və ya koka-kola qarşılığında oynayırdıq. Maddi vəziyyətimiz yaxşı olmadığına görə cırıq paltar geyinirdim. İdman ayaqqabımla bağlı vəziyyət isə daha acınacaqlıydı. “Krossovka”m o qədər köhnə idi ki, ayağıma olmurdu. Buna baxmayaraq, onu ayağımdan çıxartmır, hər gün futbol oynayırdım. Bu səbəbdən ayaq barmaqlarım tədricən inkişafdan qaldı. Başqa çıxış yolum yox idi.  Futbol məni narkotikdən, ölümdən xilas etdi. Uşaqlıq dostlarım, ümumiyyətlə, həmyaşıdlarımdan biri hazırda türmədədir, digəri yüksək dozadan ölüb, başqa birisini isə öldürüblər. Bu, dəhşətdir!”, - Tevez deyir.

“Ata” dediyi şəxsin soyadını götürür

Futbolun sirlərini “Oll Boyz”da öyrənməyə başlayır. Qısa zamanda çoxu “Apaçe”nin istedadından xəbər tutur. "Argentinos Xuniors"un skautu Tevezin oyununu izlədikdən sonra həm özü, həm də ona atalıq edən Sequndo ilə görüşür, yaxşı məbləğ qarşılığında təklif irəli sürür. Lakin Karlitos bu təklifi qəbul etmir. Axı o və ailə üzvləri “Boka Xuniors”un azarkeşiydi. Nəhayət, vaxt gəlir, vədə yetişir, “Boka”ya keçmək şansı qazanır. Ancaq “Boka” rəsmiləri Karlosun çıxış etdiyi “Oll Boyz”la anlaşa bilmirdilər. Nəticədə bu vaxta qədər anasının soyadını (Martines) daşıyan “Apaçe” “ata” dediyi Sequndo Raymundo Tevezin soyadını götürür və bu keçid baş tutur.

Estetik əməliyyat təklifini rədd edir

13 yaşından “Boka Xuniors”da futbol sirlərini öyrənməyə davam edən Karlos Tevez 4 il sonra əsas komandada debüt edir. İlk peşəkar müqaviləsinə qol çəkəndən sonra klub rəhbərliyi ona təklif irəli sürür: səni öz hesabımıza estetik əməliyyat etdirək, yanıq ləkəsindən qurtul. Lakin “Apaçe” razılaşmır. Səbəbini belə izah edir: “Görünüşümü dəyişdirməyəcəyəm. Bu ləkə mənə daha əvvəl kim olduğumu xatırladır”.

Braziliya-İngiltərə-İtaliya marşrutu

Uğurlu “Boka” karyerasından sonra 2005-ci ildə Braziliyanın “Korintians” klubuna keçən Tevez 1 il sonra İngiltərəyə üz tutur. “Vest Hem” 12 milyon funt-sterlinq qarşılığında onu heyətinə qatır. Lakin burada da cəmi 1 il qalır və bu dəfə daha böyük kluba - “Mançester Yunayted”ə transfer edilir. “Mankunianlar”ın heyətində 2 dəfə İngiltərə çempionu olur, bundan əlavə Çempionlar Liqasının, Klublararası dünya çempionatının, İngiltərə Liqa Kuboku və Federasiya Kubokunun qalibi adını qazanır. 2009-cu ildə Mançester şəhərinin digər təmsilçisi olan “Siti” ilə müqavilə bağlayır və bu keçid böyük ajiotajla qarşılanır. “Mançester Siti”də də İngiltərə çempionu olmağı bacaran Karlitos 2013-cü ildə İtaliyaya yollanır. “Yuventus”la anlaşan “Apaçe”yə klubun əfsanəvi futbolçusu Alessandro Del Pyeronun vaxtilə geyindiyi “10 nömrə” verillir. “Yuve”də 2 dəfə İtaliya çempionu olan, bundan əlavə ölkə kuboku və Superkubokunu qazanan Karlos Çempionlar Liqasında isə finala qədər irəliləyir, ancaq həlledici görüşdə “Barselona”ya uduzur.

Mənəvi atasına görə 400 min dollarından keçir

2014-cü ildə Tevez bəd xəbər alır. Məlum olur ki, ona atalıq edən Sequndo Raymundo Tevez quldurlar tərəfindən girov götürülüb. Cinayətkar qruplaşma üzvləri böyük məbləğ qarşılığında futbolçunun atasını sərbəst buracağını deyirlər. Karlitos dərhal ölkəsinə qayıdır. Danışıq aparıldıqdan sonra Tevezin atası sərbəst buraxılır. Həmin vaxt Argentina mətbuatı cinayətkarların Tevezdən 400 min dollar aldığını yazır.

Dünyanın ən çox qazanan futbolçusu olur

2015-ci ildə “Boka”ya qayıdan Tevez 2 il sonra illik 41 milyon avro maaş qarşılığında Çinin “Şanxay Şenxua” klubuna keçir və dünyanın ən çox qazanan futbolçusu adına yiyələnir. Bu, meydanda olduğu hər dəqiqə üçün 80 dollar qazanmaq demək idi. Ancaq Asiya ölkəsində özünü rahat hiss etmədiyindən, 2018-ci ildə 3-cü dəfə “Boka”nın yolunu tutur. 2004-cü ildə başlayan milli karyerası isə 76 oyun, 13 qoldan ibarətdir.

Qızlarını maraqlandıran sual

Karlitos 3 uşaq atasıdır. Uzun müddət münasibətdə olduğu Vanesa Mansilla ilə toyları 2016-cı il, dekabrın 22-də baş tutur. Həmin vaxta qədər cütlüyün Florensiya və Katya adlı 2 qızı, Lito Junior Tevez adlı 1 oğlu var idi. Atalarından fərqli olaraq, onlar çox rahat, qayğısız, problemsiz həyat sürürlər. Tevezin yaşadıqlarından heç xəbərləri də yoxdur. Təkcə yanıq ləkəsi “Apaçe”nin keçmişi ilə bağlı övladlarında sual yaradır...

Rizvan Babayev

 

 

 

 

 

# 34231
avatar

Rizvan Babayev

Oxşar yazılar