Çində tam avtonom tam ölçülü insanabənzər robotlar arasında ilk futbol turniri olan Robo League keçirilib.
Androidlər müstəqil olaraq, operatorların köməyi olmadan, yalnız süni intellektinə arxalanaraq hərəkət ediblər.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qarşılaşmalar 10 dəqiqəlik iki hissə davam edib. Robot-futbolçular üç nəfərə qarşı üç nəfər oynayır, tez-tez gülməli şəkildə büdrəyib yıxılırlar (bəzilərini hətta xərəyə götürmək lazım olub) və Tsinxua tələbələrindən ibarət komanda qalib gəlib.
Robotlar 20 metrə qədər məsafədə topu 90 faizdən çox dəqiqliklə tanıyaraq meydançanın ətrafında müstəqil şəkildə hərəkət ediblər. Onlar həm də meydanın sərhədlərini, qolun mövqeyini, komanda yoldaşlarını və rəqiblərini müəyyən edə biliblər. Lakin maşınlar hələ də maneələrdən qaçmaqda problemlər yaşayır.
"Cəmi bir il əvvəl robotlar oyunlar zamanı çətinliklə hərəkət edir, yıxılan zaman daim xarab olur və təhlükəsizliyi təmin etmək üçün insanlara ehtiyac duyurdu. İndi onlar avtonom şəkildə oynayırlar və saniyədə 1 m sürətlənə bilirlər", - turnirin təşkilatçılarından biri qeyd edib.
Belə oyunların Çində mütəmadi olaraq keçirilməsi planlaşdırılır və bu ilin avqustunda daha böyük Ümumdünya insanabənzər robotlar oyunları keçiriləcək.