1149
16:45
29 Dekabr 2019

İki bala bəbirin görüntüləri qeydə alınıb - Zəngəzur Parkında - VİDEO

Həsən Əliyev adına Zəngəzur Milli Parkında daha iki bala bəbirin video görüntüləri qeydə alınıb.

Görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-video tələlər vasitəsilə 2019-cu ilin noyabr-dekabr aylarında əldə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, son illər ərzində Zəngəzur Milli Parkında altı bəbir balası müşahidə olunub.

Görülən mühafizə tədbirləri nəticəsində Azərbaycan ərazisində nadir fauna növü olan bəbirlərin sayı artır.

Xatırladaq ki, 2012-ci ildən bugünədək aparılan monitorinqlər zamanı Zəngəzur milli parkında 13, Hirkan milli parkında isə 9 bəbir qeydə alınıb.

Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.