759
16:21
28 Dekabr 2019

Kiyevdə azərbaycanlılar həmrəylik ərəfəsi “Azərbaycan diasporu”nu təqdim ediblər - FOTOLENT

Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının mərkəzi qərargahında Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı toplantı, eyni zamanda, filologiya elmləri doktoru, tanınmış jurnalist Rövşən Raqifoğlunun (Məmmədov) “Azərbaycan diasporu” əsərinin təqdimatı keçirilib.

Lent.az məlumat verir ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UADB), Ukrayna Azərbaycanlıları Alimlər Şurasının, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK), ölkədəki tanınmış azərbaycanlıların və eyni zamanda, bir sıra vilayətlərdən gələn diaspor rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda əvvəlcə 2019-cu ildə Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub. Bildirilib ki, bu il Ukrayna azərbaycanlılarının fəallığı əvvəlki illərə nisbətdə daha məhsuldar olub. Buraya Ukraynada azərbaycanlıların yüksək vəzifələrə irəli çəkilməsi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə bir sıra yeni layihələrin baş tutması və sair daxildir. UADB sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukrayna Prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Azərbaycana baş tutan səfərinin fəaliyyətlərinə böyük təkan verəcəyini bildirib.

H.Cavadov milli diaspor fəaliyyətimizdə ilk nəzəri əsər olan “Azərbaycan diasporu” kitabı haqqında da söz açaraq bildirib ki, nəşr ilkin olaraq gənclər təşkilatlarının fəallarına, eləcə də qərb bölgəsi də daxil olmaqla bütün Ukraynada Azərbaycan mərkəzlərinə çatdırılıb və bu proses növbəti aylarda da davam edəcək. Bu, elmi vəsait kimi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların qlobal informasiya savaşında iştirakında istifadə üçün çox vacib nəşrdir. Burada qeyd olunan statistikalar, analizlər və qarşıda duran vəzifələr bizim fəaliyyətimiz üçün maraqlı hədəflər müəyyənləşdirir. Kitabda Azərbaycançılıq ideologiyasına uyğun olaraq diasporumuzun aparmalı olduğu işlərlə bağlı əsas strategiya müəyyənləşdirilib ki, bu da indiki zamanda bizə çox lazımdır. Kitabda maraqlı elmi araşdırmalar var. Bizim, xüsusən də gənclərimizin sözügedən elmi araşdırmalarla tanış olması şərtdir.

Çıxış edən BUAK, Ukrayna Millətlər Assambleyasının prezidenti Rövşən Tağıyev də “Azərbaycan diasporu” əsərinin xaricdə yaşayan həmvətənlər üçün əsl məlumat bazası olduğunu qeyd edərək, bunun digər dillərə tərcümə olunmasını da təklif edib.

Daha sonra Ukraynada azərbaycanlı alimlər Fərhad Turanlı, Arif Quliyev, Ukrayna Xalq artisti Qurban Abbasov və Ukraynanın vilayətlərindən gələn digər diaspor rəhbərləri Həmrəylik Günü ilə bağlı hesabatlarını verərək təqdim olunan kitab haqqında danışıblar. Bildiriblər ki, bu kitabın Ukraynadan başqa digər ölkələrdə də fəaliyyət göstərən diaspor təşkilatlarımızın fəalları arasında yayılması zəruridir. Bu əsər xüsusilə informasiya savaşında dünya azərbaycanlıları üçün əsl məlumat kitabçasıdır.

Qeyd edək ki, “Azərbaycan diasporu” kitabı Rövşən Raqifoğlunun sayca üçüncü elmi əsərədir. Bundan başqa, o, 40-dan çox elmi məqalənin müəllifidir, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən layihələr barədə videoçarxlar da nümayiş olunub.