“Yədullanın müsibəti”: Gülümsəyin cənablar - Səbuhi Məmmədli yazır
28 dekabr 2019 10:33 (UTC +04:00)

“Yədullanın müsibəti”: Gülümsəyin cənablar - Səbuhi Məmmədli yazır

Azərbaycan Gənclər və İdman Nazirliyi 2019-cu ilə, Sarı Donuz ilinə yekun vurdu. İlin astroloji adını nahaq yerə çəkmədik. Çünki bir azdan İt ilindən danışacağıq. Amma…

Amma hələlik, Gənclər və İdman Nazirliyinin ilin yekunlarına görə müəyyən etdiyi müxtəlif nominasiyalar üzrə qaliblərin siyahısına baxırıq. Onların arasında ölkənin futbol təsərrüfatına aid bircə ad yoxdur. Və əslində niyə də olmalıydı ki?

Hə, İt ilindən danışırdıq axı? Azərbaycan futbolu əsil fiaskoya, biabırçılığa məhz ötən il uğradı. 2018-ci ilin Oxatan “ayı”nda AFFA başbilənləri nə fikirləşdilərsə, 11 ay öncə bəh-bəh və az qala əlində sehrli çubuğu olduğu zənn etdikləri Qurban Qurbanovu milli komandanın baş məşqçiliyindən atdılar. Siçan İlinin Qoç bürcündə doğulmuş “Qarabağ”ın hocasına hesabat verməyə belə imkan vermədilər. Çünki Millətlər Liqasında uğursuzluqla üzləşmişdi Milli. Amma İt ilindən miras qalmış bu biabırçı ənənə Donuz ilində özünün pik həddinə çatdı. AFFA sonuncu dəfə elə məhz Donuz İlində, 1995-ci ildə məşhur kinoda deyildiyi kimi, eyni “Yədullanın müsibəti”ni yaşamışdı. Hə, 24 il sonra milli ilk dəfə 1 xal yığdı və antirekordu təkrarladı. Və haradan, kimin ağlıyla millinin baş məşqçiliyinə gətirilmiş xorvat Nikola Yurçeviç də elə bir xalın qurbanı oldu. 

Əslində, millinin 1 və ya 5 xal yığmasının da elə bir əhəmiyyəti yox idi. Məzmunsuz bir il keçirən milli üçün sadəcə bir məqam vacib idi; UEFA seçmə mərhələ keçirir, burda iştirak. İştirak etdik, vəssalam. İl bitdi, zülm də bitdi. Heç bir motivasiyasız, qürur hissi olmayan, əynindəki formaya belə hörmət etməyən millinin oyunçuları arasında məşhur “paltardəyişmə otağı qovğası” da elə bundan xəbər verirdi. Zavalı Ramil, bir vaxtlar Rusiya gənclər yığmasının bombardiri, hələ də Peterburqlu azarkeşlərin qəlbində yer tutan Şeydayev necə də haqlıydı həmin otaqda? 

Axtarsaq, millinin fiaskosunu bir neçə səbəblə əlaqələndirmək olar. Bu yerdə Napoleonla bağlı maraqlı bir əhvalat yada düşür. Bir gün Napoleon döyüşdən məğlub qayıdan əsgərlərin komandirindən uğursuzluğun səbəblərini soruşur. Komandir deyir: “Birincisi, barıtımız nəm idi, ikincisı...” Napoleon dərhal onun sözünü kəsir: “Kifayətdir”. Doğrudan da, barıt yaşdırsa, başqa səbəbləri sıralamağa dəyməz.

Bu gün Azərbaycanda futbola az-çox maraqlanan uşaqlı-böyüklü hamı gözəl bilir ki, Premyer Liqanın səviyyəsi kənd çempionatının səviyyəsindədir. Ölkədə səkkiz komandalı çempionat keçirilir. Təsəvvür edin, bizim redaksiyanın yaxınlığında yerləşən Nəcəfqulu Rəfiyev küçəsi boyda bir ərazidə yerləşən San-Marinoda  15 komanda çempionluq uğrunda vuruşur. Bu səkkizdən 6-sı Bakının, biri isə paytaxtdan 30 km aralıda yerləşən Sumqayıtın eyni adlı komandasıdır. Bu formatda keçirilən və kasıb itinin adını gümüş qoyan kimi, Premyer Liqa adı qoyulan çempionatla sizcə milli komandada hansı uğura nail ola bilər? Barıt yaşdı, bunu hamı görür, amma heç kim tərs kimi israrından geri çəkilmir. 

Hə, “Qarabağ”dan danışaq indi. Yox, məncə əvvəlcə Avroliqaya qatılanlardan. “Qarabağ”ınkı ayrı dərddir. 

“Qəbələ” II təsnifat mərhələsində Gürcüstan “Dinamo”suna, III mərhələyə kimi irəliləyən “Neftçi” isə İsrailin “Bney Yehuda” klubuna məğlub oldu. “Arsenal”ı arxada qoyan “ağ-qaralar” göylərdə uçarkən “qızılılar”, yəni “Bney Yehu”da onları 4 gülləylə – oxu, qolla – göydən yerə saldı. İnsafən, debütant “Səbail”in püşkdə bəxti gətirməmişdi. “Gəmiçilər” ilk mərhələdəcə Rumıniya “Krayova”sına uduzaraq, debüt etdiyi avrokuboklarla erkən vidalaşdılar.

Mübarizəyə UEFA Çempionlar Liqasında başlayan “Qarabağ” APOEL səddində ilişdi. Tarixin ironiyasına baxın, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Və bu dəfə də Tomas Doll Qurbanova futbol dərsi keçərək “Qarabağ”ın ənənəvi dekabr sindromuna son qoymasına imkan vermədi. Hə, 6-cı dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” qışa çıxa bilmir ki, bilmir. Allah bu mövsüm “Qarabağ”ın püşkünə özü qələm çəkmişdi. “Sevilya” istisna olmaqla, dişinə görə olan rəqiblərini üstələyib pley-offa vəsiqə qazanmaq nəinki mümkün idi, bu həm də “Qarabağ”ın borcu idi. Amma “köhlən atlar” bunu bacarmadılar. Və bu cür qrup, bu cür şans Allah bilir nə vaxt, “Qarabağ”ın bəxtinə düşəcək.

Bu il Azərbaycan futboluna üzqaralığı gətirən məqamlardan biri də danışılmış oyunlarla bağlı oldu. AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən təxminən 50-yə yaxın futbolçu və məşqçinin bu çirkin oyunlarda iştirakı müəyyən olundu. Və proses hələ də davam edir. Və ən əsası, şübhəli oyunlarla bağlı araşdırmalar hələ ki Regionlar Liqasında və Birinci divizionda aparılır. Allah eləməsin, Premyer Liqaya sıçrasın, bax, dəhşət onda olacaq.

Əlahəzrət oxucu, bayaqdan danışırıq, sevindirici bircə məqama da rast gəlmədiz, eləmi? Amma mən birini xatırladım. Düzdür, bizim futbola aidiyyatı yoxdur, amma haradasa dəxli var. Söhbət İngiltərənin “Çelsi” və “Arsenal” komandalarının arasında keçirilmiş Avropa Liqasının final matçından gedir. Ölkənin ən böyük arenası olan Bakı Olimpiya Stadionundakı oyun “Çelsi”nin 4:1 hesablı qələbəsi ilə yekunlaşan final bir neçə gün də olsa Azərbaycan azarkeşinin də üzünü güldürdü. 

Və bu lənətə gəlmiş Donuz ilindən bizə qalan da, bu oldu. Odur ki, məşhur filmdə deyildiyi kimi, bədbin olmayın, gülümsəyin cənablar, gülümsəyin. Bir də özünüzə təskinlik verin. Necə demişdi o alman Foqts? “Azərbaycan güləş və şahmat ölkəsidir”. 
Bayramınız mübarək!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839

Oxşar yazılar