Gələn ildən ölkə ərazisində ayrı-ayrı məkanların hava proqnozları ilə bağlı daha dəqiq və konkret məlumat vermək mümkün olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Lent.az-a bildirib ki, hava proqnozlarını daha dəqiq təqdim etməyə imkan verən iki ədəd dopler meteroloji radar qurğuları alınıb. Həmin cihazlar Amerika istehsalıdır: “Hazırda radar cihazlarının quraşdırılır. Radarların birinin Şamaxı, digərinin isə Göygöl ərazisində quraşdırılması nəzərdə tutulub. Gələn ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub. Radarların istifadə qaydası ilə bağlı mütəxəssislərə ABŞ-da təlimlər keçirilib. Radarlar quraşdırıldıqdan sonra texniki məsələləri, radarlardan istifadə edilməsi, proqnozların verlməsi kimi məsələlərlə bağlı yenidən təlim keçirilcək”.
Bu radarlar ölkəmizə nə vercək?
A.Verdiyev bildirib ki, radar qurğular vasitəsilə yağış, yağışın intensivliyi, dolu, dolunun diametri, şimşəkçaxma hadisələri ilə bağlı dəqiq məlumatlar əldə olunacaq: “Konkret olaraq ölkənin hansı ərazisində yağış yağacağını əvvəlcədən planlaşdırmaq mümkün olacaq. Hava şəraiti ilə bağlı onsuz da proqnozlar verilirdi. Radarlar vasitəsilə yaxın 2-3 saatın proqnozunu vermək olacaq. Radarların köməyi ilə hava haqqında məlumatlar gün ərzində daha tez-tez yenilənəcək, məlumatlar operativ olacaq. Hazırda hava proqnozunu konkret ərazi üzrə vermək çətindir. Biz pqonozu ancaq bölgə üzrə verə bilirdik. Məsələn, proqnoz veririk ki, Bakı və Abşeron yarımadasında yağış gözlənilir. Radarlar quraşqdırıldıqdan sonra Bakı və Abşeronun konkret hansı ərazisində yağış düşəcəyinin proqnozunu iki-üç saat əvvəlcədən demək olacaq”.
A.Verdiyev bildirib ki, radarların üstünlüyü kifayət qədər genişdir. Şamaxı və Göygöldən sonra həmin radardan Şəkidə də quraşdırılması planlaşdırılır.