535
10:37
22 Dekabr 2019

11 ayda 107 nəfər piyada yollarda can verdi - SƏBƏB

Bu ilin 11 ayı ərzində təkcə Bakı şəhərində piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, həmin qəzalar nəticəsində 107 piyada ölüb, 187 nəfər isə ağır və ya yüngül xəsarət alıb. Ölkə üzrə baş verən yol qəzalarının 60%-i piyadaların vurulması faktlarıdır.

Yolu keçərkən avtomoil tərəfindən vurularaq öldürülən piyadalar arasında yol hərəkəti qaydalarına əməl etməyənlər də çoxluq təşkil edir. Belə ki, bəzən piyada xətti olsa da, piyadalar səhv yoldan ya da diqqətsizlikdən yüksək surətlə keçən avtomil yolundan istifadə ediblər.

Təəssüf ki, belə səhlənkarlıq halları bu gün də davam edir. Baxmayaraq ki, piyada keçidinə riayət etməyən sürücülər də var. Ötən ilin rəsmi statistikasına nəzər salsaq, 2018-ci ildə yol-nəqliyyat hadisələrinin 92,6%-i sürücülərin məsuliyyətsizliyindən, 6%-i isə piyadaların diqqətsizliyindən baş verib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, piyada xəttlərinin, yolda işıqlandırmanın az olması da qəzaların səbəblərindəndir: “Digər səbəb piyadalar üzərində işıqqaytarıcı elementlərin olmamasıdır. Xarici ölkələrdə axşam saatlarında küçəyə çıxan insanların çoxunun geyimində işıqqaytarıcı elementlər olur. Məqsəd sürücülərə məlumat ötürməkdir. Piyadalarımızın özlərinin də məsuliyyətsizliyi, piyada keçidindən kənarda, qırmızı işıqda yolu keçməsi, qulaqlıqla yolda hərəkət etməsi qəzaların artımına səbəb olur”.

Vaqif Əsədov sürücülərin də səhlənkarlığını diqqətə çatdırıb: “Nəqliyyat vasitəsinin istismarçısı avtomobilinin işıqlarının vurma bacağını tənzimləməlidir. Bunun üçün xüsisi texniki vasitələr var ki, sürücülərimiz axşam saatlarında hərəkətdə olanda yolun qarşısını daha yaxşı işıqlandıra bilərlər. Çoxu hələ də bilmir ki, axşam saatlarında işıqların vurma məsafəsi qanunda göstərildiyi kimi necə olmalıdır. Xüsusilə, yağış yağanda sürücülərimiz daha çətinə düşür, tünd, qara rəngli geyinməyə adət edən piyadalarımız da qəza şəraiti yaradırlar. Bir müddət əvvəl QHT-lərdən birinin layihəsi üzrə məktəblilərə 50 minə yaxın işıqqaytarıcısı olan qolbaq, zəncir formasında əşyalar paylanıldı ki, onlar üzərlərində gəzdirsinlər. Maarifləndirmə gücləndirilmədən, piyada ölümlərinin qarşısını almaq olmayacaq”.

(AYNA)