484
18:21
20 Dekabr 2019

AVRO-2020: biletlərin birbaşa satışı başladı

Apasport.az saytının məlumatına görə, bu gündən etibarən UEFA qitənin ən möhtəşəm yarışının Bakıda keçiriləcək 4 oyunu üçün birbaşa bilet satışı mərhələsi açıq elan olunub.

İndi azarkeşlər bilet satışı portalı (euro2020.com/bakutickets) vasitəsilə A qrupunun Bakı Olimpiya Stadionunda keçiriləcək 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşmasına biletləri birbaşa ödəniş etməklə əldə edə bilərlər.

Birbaşa satış mərhələsindən öncə 4-18 dekabr tarixlərində bilet satışının lotereya mərhələsi keçirilib. Lotereya mərhələsində iştirak edən və müraciətlərini uğurla tamamlayan bütün azarkeşlər bilet sahibi hesab edilirlər. Onlar 2020-ci il yanvar ayının sonunadək e-mail bildiriş alacaqlar və bundan sonra ödənişi həyata keçirib biletlərini əldə edə bilərlər.

Bilet satışı yalnız onlayn həyata keçirilir. Müraciət edənlər özü də daxil olmaqla, hər oyuna maksimum 4 bilet ala bilər.

Oyunlara biletlər 3 kateqoriyada təqdim olunur.

Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 75 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq.

Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.
Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu, həmçinin 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə

17 iyun, saat 20:00
Türkiyə - Uels

21 iyun, saat 20:00
İsveçrə - Türkiyə

4 iyul, saat 20:00
1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.