508
18:12
20 Dekabr 2019

AzTV illik hesabatını verdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2019-cu ilin yekunu ilə bağlı toplantı keçirilib.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsindən Lent.az -a verilən məlumata görə, QSC sədri Rövşən Məmmədov toplantıda il ərzində görülən işlərlə bağlı məlumat verib.

Bu il QSC-də ümumilikdə 56 yeni verilişin açıldığını deyən R.Məmmədov yeni verilişlərin 32-sinin AzTV, 12-sinin Mədəniyyət TV, 12-sinin isə İdman TV-də fəaliyyət göstədiyini bildirib.

Hesabatda o da qeyd edilib ki, hər 3 kanal (AzTV, Mədəniyyət TV və İdman TV) rebrendinq olunub, bütün qrafiklər yenilənib. İl ərzində QSC-də həmçinin 32 yeni film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir. 9 film isə istehsaldadır.

Bundan başqa il ərzində 17 yeni studiya tikildiyini deyən sədr bildirib ki, yayım sistemini rəqəmsallaşdırmaq və HD sistemə keçid üçün yeni server sistemi və server otaqları quraşdırılıb: “Görülən işlər nəticəsində gələn il AzTV-ni HD yayım sisteminə keçirmək mümkün olacaq.

16 HD kamerası və canlı bağlantıları təmin etmək üçün 2 ədəd Dejero markalı portativ strim avadanlığı alınıb. 69 ədəd mikrofon, 1 ədəd dron, 90 kompyüter alınaraq istifadəyə verilib. Yaxın günlərə isə 10 yeni avtomobil də alınaraq avtotəsərrüfata təhvil veriləcək.

2019-cu il yanvar ayından noyabr aylarına qədər müddətdə minə yaxın əməkdaşın əmək haqqı artırılıb, qanorar artımı isə 96 faiz təşkil edib”.

Uzun fasilədən sonra bu il Teleradio akademiyasının fəaliyyətində də irəliləyiş olduğu bildirilib. R.Məmmədov onu da qeyd edib ki, Teleradio akademiyasına il ərzində 153 nəfər qəbul olunub ki, onlardan da 73-ü məzun adını qazanıb. Həmin məzunlardan 21-i müqavilə əsasında QSC-də işə qəbul olunub.

Daha sonra qarşıda duran məsələlərin həllinə toxunulub, yeni planlardan danışılıb. QSC-də 3 mərtəbədən ibarət pavilyon və qonaq otaqlarının tikilməsi, TV binasında və radioda təmir-bərpa işlərinin həyata keçirilməsi, əməkdaşların qanorarlarının artırılması qarşıda duran planlara daxildir.

Rövşən Məmmədov bildirib ki, görülən bütün işlərin və qarşıda duran strateji planların reallaşması ilk növbədə dövlətin Azərbaycan Televiziyasına xüsusi diqqət və qayğısından qaynaqlanır:

“Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən il ərzində ayrılan vəsaitlər Televiziyanın əməkdaşlarının maddi rifahının daha da yaxşılaşması, həmçinin zəruri texniki avadanlıqların alınması, TV-nin fəaliyyətinin keyfiyyət və məzmunca yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm önəm kəsb edir. Məhz bu diqqət və qayğı Azərbaycan TV və Radio Verilişləri QSC-nin öz işini daha peşəkar, məzmunlu və ən əsası müasir prinsiplər üzərində qurmağa stimullaşdırır”.

Sonda Azərbaycan Prezidenti tərəfindən təltif olunan bir qrup televizya və radio əməkdaşlarının mükafatları təqdim edilib. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya QSC kollektivi adından minnətdarlıq bildirilib.