Bəzisi qulaqlarındakı aparatı çıxarmışdı. Mahnı səsi, səs-küy olsa da, heç oralı deyildilər. Amma uşaq elə uşaqdır. Şaxta baba ilə Qar qızı görən kimi şirin-şirin gülməyə başladılar.
Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilirdi.
Lent.az olaraq qatıldığımız tədbirdə uşaqların sevincinə ortaq olmağa çalışdıq.
Həyat hər kəsə bir yaşam haqqı tanıyır. Özünəməxsus və fərqli. Onların da taleyinə Şüvəlandakı bu məktəbdə oxumaq düşüb. Çoxları elə burada yaşayır, Azərbaycanın müxtəlif bölgələrindən gəldikləri üçün evlərinə gedə bilmirlər. Necə deyərlər, bura onların ikinci evidir, bəlkə də birinci.
Qeyd edim ki, eşitmə və nitq problemli şagirdlər üçün olan xüsusi internat məktəbi 1962-ci ildən fəaliyyət göstərir. Məktəbdə 210 şagird təhsil alır, onların 120 nəfəri burada gecələyir. Şagirdlərin təlim-tərbiyəsi ilə 39 müəllim və 28 tərbiyəçi məşğul olur. Məktəbdə ümumtəhsil fənlərindən əlavə “Tələffüz və eşitmənin inkişafı üzrə fərdi iş”, həmçinin “Mimika və daktioloji iş” dərsləri 13 loqoped müəllim tərəfindən fərdi şəkildə tədris olunur. Xüsusi internat məktəbi 2015-ci ilin noyabr ayında əsaslı təmir və tikinti işləri yekunlaşdıqdan sonra şagirdlərin istifadəsinə verilib. Şagirdlərin peşəyönümlü təlimi üçün tədris emalatxanalarında dərnəklər (tikiş, aşbazlıq, toxuculuq, xalçaçılıq, çilingərlik) fəaliyyət göstərir. İnternat məktəbində rəqs, teatr, rəssamlıq kimi dərnəklər də təşkil olunub. Bu tədris ilində Təhsil Nazirliyi məktəbin yataqxana korpusunu əsaslı təmir etdirib, bura müasir tələbələrə cavab verən yeməkxana, istirahət və yataq otaqları ilə təmin olunub. Məktəb 10 və 12 illikdir. Məktəbin hər iki şöbəsi 9 illik attestat alır. Bundan sonra istəyən gecə məktəbinə gedir və təhsilini davam etdirir. Məktəbin direktoru Nisə Nəcəfbəyova deyir ki, uşaqlar daha çox incəsənətə, sənətə meyillidirlər.
Mətləbdən kənar düşməyək. Şənlikdə uşaqlar o ki var, əyləndilər.
İnternat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunur. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edir, mahnılar oxuyurdular. Bəziləri sevinclərini bölüşmək üçün astaca qolumdan çəkişdirir, bəzilər telefonu alıb baxmaq istəyir. Müəllimlərinin köməyi ilə uşaqlarla danışmağa çalışıram. Bir xeyli əl-qol işarələrindən sonra gözləri mavi qızcığazın adının Lətifə olduğunu öyrənirəm. Eləcə üzümə baxıb gülümsəyir. Bu uşaqlar ürəklərindən keçən hər şeyi gözləri ilə anlatmağa çalışırlar. Yaxşı ki, onları başa düşən müəllimləri var.
Müəllim demişkən, orta yaşlı bir müəllimə durmadan uşaqların arxasınca qaçır.
Müəllimə Nəzakət Əsədullayeva deyir ki, 30 ilə yaxındır məktəbdə işləyir: “Bütün həyatım bu uşaqlara bağlıdır”.
Aynur Qəhrəmanova üç ildir ki, bu məktəbdə defektoloq kimi işləyir. Onun sözölərinə görə, uşaqların eşitmə və nitq qabiliyyətinin olmamasının müxtəlif səbəbləri var: “ Səbəblərə gorə korreksiya işləri aparılır. Korreksiyaya nə qədər aşağı yaşdan başlansa, effekti bir o qədər çox olur”.
“Qırmızı papaq” geyimində olan tərbiyəçi müəllimə də var. Adını açıqlamaq istəmir, amma deyir ki, qızı da bu uşaqların arasındadır: “Övladım da eşitmir. Ona görə də bu məktəbdə işləməyi seçmişəm”.
Bir başqa müəllimə elə hey yanındakı balaca oğlanı qucaqlayıb, bağrına basır. Deyir ki, bu oynamağı çox istəsə də utanır, oynamadığı üçün isə özünü narahat hiss edir. Müəllimə adını demək istəmir. Əvəzində gedib başqa bir balacanı gətirir: “Bu qızın atasına və əmisinə də bu məktəbdə dərs demişəm. İndi də qızları mənim şagirdimdir”.
Uşaqların və müəllimlərin rəqsləri ilə başa çatan tədbirdə uşaqlara Təhsil Nazirliyindən bayram hədiyyələri də təqdim olundu.
Son söz əvəzi onu qeyd edim ki, buradakı müəllimləri müşahidə edəndə bir maraqlı məqam diqqəti çəkir. Bu müəllimlər adi məktəblərdə çalışanlardan daha gülərüz, daha mülayim görünür. Baxmayaraq ki, onların işi daha çox məsuliyyət tələb edir.