“Üstünə mələfə örtülmüş xərəyi görüb, hönkürdüm...” - Bulud Qaranın gündəliyi – 40-cı BÖLÜM
19 dekabr 2019 20:15 (UTC +04:00)

“Üstünə mələfə örtülmüş xərəyi görüb, hönkürdüm...” - Bulud Qaranın gündəliyi40-cı BÖLÜM

Əvvəli: https://lent.az/news/333278

 

Diqqət! Qapılar açılır!

Mən maşını şəhərin tıxaclı küçələri boyunca sürdükcə yenə də bütün baş verənləri fikrimdə götür-qoy edir, hər şeyi tam dəqiqliyi ilə düşünməyə və mənim üçün qaranlıq qalan məqamları anlamağa çalışırdım. 

Sevdanın mənə bir-birinin ardınca təkrar-təkrar zəng etməsi isə düşüncələrimi alt-üst edirdi və mən ona cavab verdiyim hər dəfədə eyni sözləri eşidib lap özümdən çıxırdım: “Nə oldu? Harda qaldın axı? Gəl də!”

Sonra bu zənglər kəsildi və iki dəfə Tofiq zəng vurdu. Daha doğrusu, ona zəng edim deyə çağırış göndərdi. Mən də buna görə lap özümdən çıxdım. 

Ətrafımdakı bütün maşınlardan eyni anda qalxan siqnal səsləri ilə böyrümdəki oturacaqda aramsız zəng çalan telefonun səsi üst-üstə düşüb əsəblərimi tarıma çəkdi və mən bütün hirsimi sükanın üstünə sıxdım. İndi mən də ətrafımdakılar kimi söyən, bağıran, siqnal verən orta statistik bir kişi idim, vəssalam.

Evə çatdığım zaman Sevdanın mənim qapımın ağzında oturduğunu gördüm. O, paltosunun düymələrini açıb, qabarmış qarnını bir əli ilə qucaqlamış, digər əli ilə dizini ovuşdururdu. Başını məhəccərə söykəmişdi və dizinin üstündə tərpənən əlini görməsəm, yatdığını düşünərdim. Cəld ona yaxınlaşdım. Ətrafa göz gəzdirib, ehtiyatla çiyninə toxundum:

- Sevda... dur, gəlmişəm.
- Gəldim! – Leylanın səsi çiynimin üstündən gəldi.

Mən diksinib arxaya çöndüm və Leylanın öz mənzilindən bir stəkan suyla çıxıb bizə yaxınlaşdığını gördüm. 

- Al, iç, - deyə Leyla məni görmürmüş kimi davranaraq, Sevdanın üstünə əyildi, əlindəki stəkanı onun dodaqlarına yaxınlaşdırdı, - amma birnəfəsə içmə, asta-asta.
- Nə olub ona? – mən səbirsiz halda Sevdanın halsız-halsız su içməyinə baxaraq, Leyladan soruşdum.
- Nə bilim, hamilədir də, olur belə şeylər.
- Həkim çağırım mən, - deyə telefonu açıb təcili yardımı yığmaq istədim.
- Yoox! Yox, dedim! – Sevda zorla yerindən qalxmağa çalışaraq qətiyyətlə etiraz etdi.
- Dayan... – mən Sevdanın yıxılacağından qorxaraq, cəld telefonu cibimə basdım və onun qoluna girdim, - bir dəqiqə...

Mən Sevdanın qoluna girib bir əlimlə mənzilin qapısını açdım və biz Leylanın bir az istehza, bir az hirs, bir az da kədər qarışığından ibarət olan qısqanclıq yağan baxışlarının müşayiəti ilə içəri keçdik. Keçdik və daha geriyə belə baxmadıq, qapını da ayağımla itələyib bağladım çünki. Sevdaya divana qədər kömək edib, özüm cəld pəncərələri açdım, otağın havasını dəyişdim. Sevda isə paltosunu belə soyunmadan divanın bir küncünə qısılıb, yuxuladı. 

Düzü, onun yuxuya getməsindən nə qədər qorxsam da, o qədər də sevindim, çünki bu halında artıq mənim təcili yardım çağırmağıma mane ola bilməzdi. Amma yox... Mən təcili yardımı yığmadım, yadıma düşdü ki, bayaq evə gələndə o mənə iki çağırış zəngi göndərmişdi, demək, zəng etmək üçün telefonunda pulu bitmişdi. Tofiqə zəng etdim. 

- Şükür Allaha! – deyindi, - ə, yekə adamsan, bəlkə biri can verir...
- Burdadı, mənim evimdə, - dedim.
- Yaxşı, - məni anlayıb telefonu qapadı.

Bir azdan biz ikimiz də Sevdanın qarşısındakı stullarda oturub, onun oyanmasını gözləməyə başladıq.

Sevda isə bizim ona baxıb arada öz aramızda pıçıldaşıb narazı halda başımızı yırğalamağımızdan, bir gözümüzün saatda, bir gözümüzün qapıda, qulaqlarımızı telefonlarımızın zəng səsini daha tez eşitmək üçün şəkləyərək, onun xor-xor xoruldamasına dözə-dözə gözləməyimizdən xəbərsiz halda yatmağında idi.

Biz onu oyada da bilərdik.

Amma o tək deyildi axı. İçində daha bir adam gəzdirirdi və biz o içdəki adamın kim olduğunu, “kimin adamı” olduğunu bilmədiyimiz halda, məhz elə bunu bilmək marağından ölə-ölə səbirlə gözləyirdik.

Mən adım qədər əmindim ki, bu dəqiqə bu dünyada düz iki kişi gözünü də, ümidini də Sevdanın bətnindəki körpəyə dikmişdi. Tofiq də, Sehrbaz da... 

Bu iki kişinin hər biri özünü o körpənin tək və həqiqi atası olduğundan əmin idi. 

Mən isə yox. Çünki mən çox şeydən xəbərdar idim, bu uşağın ona aid olmasından əmin olan Fərruxdan və onun bugünkü intiharından da. Bədbəxt, axmaq arvadı Sənubəri səkkiz bıçaq zərbəsi ilə öldürən və Sevdanın ondan hamilə qaldığına inanan,  özünü uzun-uzun illərdən sonra xoşbəxt ata kimi hiss edən Fərrux gözümün qabağından getmirdi. Yox, mən onun intihar etməsinə qətiyyən inanmırdım. 

- Sən neyləmək fikrindəsən? – Tofiqdən soruşdum.
- Surxay neylədisə, onu, - dedi.
- Yəni? 
- Başqa çarəsi var? – tərs-tərs mənə baxıb başını buladı və durub siqaret yandıraraq səbirsiz halda otaqda var-gəl etməyə başladı.
- Bilmirəm, amma sənin dediyin də çarə-filan deyil, - deyib onun əlindəki siqaretə işarə etdim, bunu da tulla, havanı zəhərləyirsən.
- Mən onu sevirəm, başa düşürsən? – deyə o siqareti acgözlüklə sümürüb pəncərədən həyətə atdı, mənə sarı çönüb bir də təkrar etdi, - başa düşürsən, Bulud?
- Yox! 
- Sevda! – Tofiq daha səbrini basa bilməyib Sevdanın qolundan çəkdi, - dur görüm! Dur!

Sevda nəsə mızıldanıb başını yastıqdan qaldırdı və oturmağa çalışdı, Tofiq ona kömək etdi. Mən, hələ də nə baş verdiyini anlamayaraq, onların qarşımda oynadıqları bu “hamilə arvad-qayğıkeş ər” oyununa içimdə ikrah hissi ilə baxırdım. Lakin qapının qəfildən bərk-bərk döyülməsi Sevdanı da qəfil panikaya düşməsinə səbəb oldu. Və bu vaxt hələ tap yuxudan ayılmamış Sevda elə sözlər dedi ki...

- Mən bilmirdim o nədir, vallah, bilmirdim, o verdi, o verdi, - deyə həyəcan və isterika ilə Tofiqi özündən kənara itələməyə başladı, - sən verdin! 
- Sevda, bəsdi! - Tofiq sanki mənim onsuz da qapının döyülməsindən dağılan fikirlərimi Sevdadan yayındırmağa çalışdı, - sən bax kimdi?
- Açma! – Sevda tələyə düşmüş yırtıcı kimi Tofiqi itələyib mənə sarı qaçaraq qolumdan sallandı, qorxudan rəngi ağarmış halda ağlamağa başladı, - nolar, açma, açma...
- Sevda! – Tofiqin Sevdanın üzünə vurduğu şillə ilə qapının qırılıb açılması az qala eyni anda baş verdi.

Sevda qışqırıb yataq otağına sarı qaçdı, lakin mən onun qapının ağzındaca yerə sərildiyini gördüm. Deyəsən qorxudan huşunu itirmişdi. Lakin ona sarı qaçıb kömək eləməyə belə imkanım yox idi. Çünki bu anlarda mən də, Tofiq də üstümüzə cuman dörd yekəpər maskalı ilə süpürləşməyə məcbur olmuşduq. Yumruqlar, təpiklər, bağırtılar içində bir də onu görə bildim ki, kimsə Sevdanı qucağına götürüb, qapıya sarı aparır. Lakin alnımın ortasından dəyən yumruq bu ani görüntünü də yoxa çıxartdı...

Özümə gələndə mənzildə hər şeyin alt-üst olduğunu, polis və təcili yardım maşınlarının siqnallarının mənzilə doluşan adamların səsinə qarışdığını gördüm. Heç nə anlamırdım. Kimsə üzümə su səpib oturmağıma kömək etməyə çalışırdı, kimsə də deyirdi, tərpətməsinlər, olmaz. 

Kimlərsə də ağlayırdı.

Sonra mən üstümə əyilib nəbzimi yoxlayan həkimləri, məni xərəyə qoyub adamların arasından çıxarıb aparan tibb işçilərini gördüm. Pilləkənlərdən endikcə başım yırğalanır, ürəyim bulanır, halsızlığım artırdı. Dözülməz bir vəziyyət idi...

Üzümə çiskin yağış damcıları dəyəndə anladım ki, artıq xərəyi binadan çıxarıblar. Sonra isə təcili yardım maşınının yanındakı digər xərəyi gördüm. Üstünə ağ mələfə örtülmüşdü. Bir anlıq gözlərim qaraldı, özümü nə üçünsə Sənubərin öldürüldüyü gündə, onların məhəlləsində, xalamgilin binasının qabağında hiss etdim. Bir anlıq elə bildim ki, qarşımdakı bu üstü tamamilə ağ mələfə ilə örtülmüş xərəkdə elə Sənubərdir. Lakin axı o hadisə çoxdan olmuşdu və o xərəyi mən xalamgilin mənzilinin pəncərəsindən izləmişdim. O vaxt mən özüm də xərəkdə, həkimlərin, polislərin, lənət şeytana, bu qədər adamın arasında ləngər vuran bu mənasız xərəkdə ödüm ağzıma gələ-gələ uzanmamışdım axı. Mən niyə burada bu vəziyyətdə idim ki? Bəs o biri xərəkdəki kim idi? Kim idi axı? Kim??? 

Bir anlıq ürəyim elə pis sıxıldı, elə pis sıxıldı ki... 

- Tofiq...

Qəribədir, mən dəqiq bilirəm ki, bağırırdım. Lakin mən dəqiq də bilirəm ki, səsim çıxmırdı, məni heç kim eşitmirdi. 

- Tofiq... Tofiq... – deyə mən hönkür-hönkür ağlamağa başladım. 
- Aparın, aparın! – kimlərsə kimlərəsə komanda verirdilər.
- Tofiq... – mən çarəsizcə zarıyırdım.
- Aparın! – kimsə kiməsə əmr etdi...

***

Bir də bir aydan sonra gördüm Tofiqi.
Elə gözəl gülümsəyirdi ki.
Elə şirin, elə doğma, elə sakit baxırdı ki.
Elə çox istəyirdim ki onu mən...

- Tofiq! Tofiq! Toofiiiiiq...

Elə bərkdən, elə dəli kimi, elə yana-yana çağırırdım ki...

O isə səsini belə çıxartmırdı.

Eləcə üzümə baxıb gülümsəyirdi. Vicdansız, əclaf, axmaq, zalım, günahsız, fağır Tofiq...

Mənsə yanımda dayanıb, məni yerdən qaldırmağa çalışan Surxayın əllərimin üstünə yuvarlanıb düşən göz yaşlarının necə barmaqlarımdan sürüşüb torpağa qarışdığına baxırdım...

(Davam edir)

# 3242
avatar

Bulud Qara

Oxşar yazılar