Dırnaqlarda dəyişiklik nədən xəbər verir?
17 dekabr 2019 09:12 (UTC +04:00)

Dırnaqlarda dəyişiklik nədən xəbər verir?

Dırnaqlarda yaranan dəyişikliklər ən çox diqqət çəkən əlamətlərdən biridir. Bu əlamətlərə çox zaman diqqət verilmir. Bir çox hallarda isə dırnaqlarda yaranan dəyişiklik göbələk xəstəliyi ilə əlaqələndirir və bunun müalicə edilmədiyini düşünürlər.

Əslində necədir? Dırnaqlarda rəngin, quruluşun dəyişməsi nə ilə bağlıdır? Bu problemlər necə müalicə olunur?

e-tibb.az bununla bağlı dermatoveneroloq, uzman həkim Mehdi İskəndərlinin paylaşdığı fikirləri təqdim edir:

Çox adam düşünür ki, dırnaq xəstəlikləri müalicə edilmir. Xətalı fikirdir. Dırnaq xəstəlikləri müalicə edilir. Lakin, bu, həm də xəstəliyin növündən asılıdır. Bəzi dırnaq xəstəliklərinin müalicəsindən çox onun daxili orqan və sistemlərin patologiyalarına işarə olması önəmlidir. Çünki,  dırnaq xəstəliklərinə səbəb olan daxili xəstəliklər aradan qaldırılmasa, dırnaqların düzəlməsi mümkün deyil. Bundan başqa, dırnaqlardakı problemlərin daxili orqanların xəstəliklərinin aşkar edilməsində rolu varsa, o zaman xəstələr dırnaq şikayəti yarandığı zaman dermatoloq həkimə müraciət etməlidirlər ki, həyati təhlükəli sistem problemləri zamanında aşkar edilsin və lazımi tədbirlər görülsün. 

Dırnaqlarda qırılma, kövrəklik, saralma, qaralma, göyərmə, qanlanma, qalınlaşma, ayrılma, ağrı, şişmə, qızartı və s. kimi dəyişmələr dırnaq xəstəliyindən xəbər verir. Belə olan halda dermatoloq səbəbləri araşdırmaq üçün xəstədən əlavə olaraq mikrobioloji, laborator, radioloji analizlər istəyə bilər. Diaqnozu dəqiqləşdirmək üçün hətta dırnaq biopsiyası tələb edilə bilər. Bəzi dırnaq xəstəlikləri dəri xəstəlikləri ilə paralel şəkildə yaranır. Yəni, dəri xəstəlikləri yarandığı zaman paralel olaraq ayaq və əl dırnaqları da zədələnə bilir. Məsələn, əl ekzeması xəstəliyi zamanı bütün dırnaqlarda deformasiyalar yarana bilər. Belə olan halda dəri xəstəliyi dırnaqlarla birlikdə müalicə edilir. Dırnaqların göbələk mənşəli xəstəliyi isə ən sıx görülən dırnaq problemlərindən biridir. Bu xəstəliyin tam müalicəsi mümkündür. Dırnağın göbələk infeksiyasını müalicə etmək üçün bəzən aylar lazım olur. Xəstə səbirli və kontrollara zamanında gələcəksə, bu işi sonuna qədər çatdırmaq mümkündür.

# 3323
avatar

Oxşar yazılar