Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur keçirir
11 dekabr 2019 12:13 (UTC +04:00)

Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur keçirir

Təhsil Nazirliyi dekabrın 11-də Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib. 

Lent.az-ın məlumatına görə, mediaturun məqsədi sözügedən bölgələrin ümumtəhsil məktəblərində təşkil olunmuş istedadlı uşaqlar üçün xüsusi siniflər və icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqdır.  

Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edirlər.

Mediatur iştirakçıları əvvəlcə Biləsuvar şəhəri 1 nömrəli tam orta məktəbdə olublar. Bildirilib ki, 2018-2019-cu tədris ilindən ümumtəhsil məktəblərində VII sinif üzrə riyaziyyat-informatika, VIII sinif üzrə isə təbiət elmləri təmayüllü xüsusi siniflər yaradılıb. 

Mediatur iştirakçıları məktəbdə fəaliyyət göstərən VII sinif üzrə riyaziyyat-informatika və  VIII sinif üzrə təbiət elmləri təmayüllü xüsusi siniflərdə tədris prosesi ilə tanış olub, müəllim və şagirdlərlə söhbət aparıblar. 

Qeyd olunub ki, bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialını inkişaf etdirmək, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığını təmin etməkdir. Həmin siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil edilir. Xüsusi siniflərə dərs deyən müəllimlər şəhər (rayon) üzrə müvafiq fənndən diaqnostik balı yüksək olanlar arasından seçiliblər. Xüsusi siniflərin tədris planı və tədris proqramı digər siniflərdən fərqlidir.

Mediatur Masallı rayonu Mahmudavar kənd və Masallı şəhəri 4 nömrəli tam orta məktəblərdə yaradılmış icma əsaslı məktəbəqədər təhsil qrupları ilə tanışlıqla davam edib.

Qeyd edək ki, hazırda respublika üzrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir.

# 821
avatar

Aygün İbrahimli

Oxşar yazılar