414
11:50
11 Dekabr 2019

"Milli komandanın oyunçularının səviyyəsi çox aşağı düşüb" - Samir Abasov

Azərbaycan futbolunda tək-tük maraqlı simalardan biri də Samir Abasovdur. Onu digərlərindən fərqləndirən əsas amil şablon fikirlər səsləndirməməsi, düşündüyü hər şeyi açıq şəkildə deməsidir.

Cari mövsümə "Zirə"nin "sükanı arxası"nda başlayan 41 yaşlı mütəxəssis birinci dövrədən sonra istefaya göndərildi. "Ofsayd" rubrikamızın budəfəki qonağı həm paytaxt klubundan ayrılmasının səbəbləri, həm çempionatın səviyyəsi, həm də milli komandanın son çıxışı barədə yenə maraqlı fikirlər səsləndirdi.

"Futbolun içində olan bir azarkeş kimi matçlara baxırsan"

- İş başında ikən məşqçinin diqqəti öz komandasında olur. İndi kənardan Premyer Liqa necə görünür?

- Oyunlara baxıram. Hətta son turda "Sabah" - "Neftçi" matçını tribunadan izlədim. Bəziləri həqiqətən baxılası, bəziləri isə darıxdırıcıdır. Ümumi götürsək, adi çempionat keçir, qeyri-adi nəsə yoxdur. Ancaq səviyyə həddən artıq aşağı düşüb. Bu, həm futbolçuların fərdi göstəricilərinə, həm də komandaların sərgilədiyi oyuna aiddir. Doğrudan da, hansısa komandada işləyəndə bir oyun qələbə qazanan kimi düşünürsən ki, hər şey yaxşıdır, qalib gəlmisən. Digər komandalara çox diqqət yetirmirsən. Əlinin altındakı futbolçular rəqiblərlə eyni gücdə olduğuna görə, fikirləşirsən ki, qeyri-adi nəsə baş verib. Kənarda qalanda hansısa təzyiq görmürsən, futbolun içində olan bir azarkeş kimi matçlara baxırsan. Məsələn, milli komandanın futbolçularının oyun səviyyəsi çox aşağı düşüb.

- "Zirə"dən ayrılığınız gözlənilməz alındı. Sizə vaxt verilməməsi uğursuz nəticə ilə bağlı idi, yoxsa başqa səbəb var?

- Başqa bir səbəb yox idi. Uğursuz nəticə demək də absurd olar. Sadəcə, gələcəklə bağlı ümid hiss olunmadığından, bu addıma əl atıldı.

"Mən fəhlə idim, müdir belə qərar verdi"

- İlk 7 oyunda 8 xal topladınız, sizdən sonra isə komanda 7 matçda 9 xal yığıb. Samir Abasovla uğursuz sayılan "Zirə"nin sizdən sonrakı nəticələri uğurludur?

- Bu sualın cavabı məndə deyil. Elə hesab edin ki, mən orda adi fəhlə idim, müdir də belə qərar verdi. Digər tərəfdən bu 7 oyun ərzində epidemiya düşdü, komandada zədə virusu yayıldı. Yadınıza gəlirsə, hətta "Qarabağ"la görüşün iştirak ərizəsinə iki qapıçı daxil olmaqla 16 nəfər salmışdıq. Bunların hamısının təsiri var idi. Amma rəhbərliyin indiki durumdan razı olub-olmaması mənim marağımda da deyil. O mənada ki, buna cavab verə bilmirəm.

- Gəzən söz-söhbətə görə, futbolçularla sərt, hətta kobud rəftar etməyiniz istefanıza səbəb olub. Bu nə dərəcədə doğrudur?

- Belə bir söhbət, ümumiyyətlə, olmayıb. Mən orda olduğum müddətdə "Zirə"dən gedənlər də daxil olmaqla, futbolçuların hamısı ilə ünsiyyətimiz davam edir. Vallah, zəng vurub hal-əhval tuturlar, "hoca, darıxırıq", deyirlər. Mən elə iş görən insan deyiləm ki, ayrılanda arxamca lənət oxunsun. Bəli, futbolun içində xasiyyətim həddən artıq ağırdır. Bunu boynuma alıram. Ancaq bunu futbolçuların inkişafları üçün edirdim və kömək də olurdu. Sadəcə, bəziləri bunu əlində bayraq tutur.

"15-20 minə 1 yerli əvəzinə 3 əcnəbi gətirə bilirəmsə..."

- Ötən mövsüm "Zirə"nin təklifini qəbul etməklə tələsik qərar verdiyinizi düşünmürsünüz?

- Həmin vaxt "Sumqayıt"dan ayrılmışdım və bir müddət işsiz qalmışdım. "Zirə"dən başqa variantlarım da var idi. "Zirə"nin ikinci təklifi zamanı oranı karyeram üçün yeni çağırış hesab etdim. Fikirləşdim ki, "Sumqayıt"da gördüyüm işi mənə yaradılacaq daha geniş imkanlarla böyüdə bilərəm. Məsələn, sırf yerlilərlə çalışdığın zaman məcburiyyətdən komandası ilə yollarını ayıran futbolçuları heyətə cəlb etməli olursan. Amma əcnəbi ilə bağlı seçim etmək imkanın olur. Düşündüm ki, "Zirə"də istədiyim kollektivi qurub, uğurlu çıxış edərəm və bunu stabil saxlayaram. Amma təəssüf ki, istəyim alınmadı.

- "Samir Abasov "Sumqayıt"da olanda əcnəbi futbolçu yoxluğundan şikayətlənirdi. Ancaq "Zirə"də əcnəbilərlə də istəniləni edə bilmədi", fikrinə münasibətiniz necədir?

- İndi o fikirləri bildirən adamlara haqq qazandırıram. Amma mövsümün sonuna qədər qalsaydım, necə nəticələnəcəkdi, bunu yalnız Allah bilir. Sadəcə, mənə bir şey çatmır ki, əcnəbinin 5 ayağı, 5 başı var? Əcnəbi istəməyimin yeganə səbəbi o idi ki, seçim imkanım olsun. Sırf azərbaycanlılardan ibarət bir kluba keçməyə razıyam, o şərtlə ki, istədiyim yerlilər alınsın. Ondan sonra uğursuz olsam, tənqid edə bilərlər. Amma bilirəm ki, belə bir imkan yoxdur. Milli üzvü deyilən hansısa 15-20 minlik futbolçunun əvəzinə o məbləğə Serbiyadan, Avropanın başqa ölkəsindən və ya Afrikadan 3 nəfər gətirə bilirəmsə, niyə də bunu etməyim? Başqa məsələdə əcnəbi ilə yerlini ayırmağın heç bir məntiqi yoxdur.

"Belə çıxır ki, burdakılar "top" yox, "tupoy" futbolçulardır"

- Ümumiyyətlə, sizi çılğın məşqçi kimi tanıyırıq. Hətta oyunçuları təhqir etdiyiniz də bildirilir. Samir Abasov paltardəyişmə otağında da texniki zonadakı kimi aqressiv olur?

- Bəli, o cür oluram. Oyunun təhlili günü, son məşq və oyun zamanı tamam dəyişilirəm. O ki qaldı təhqirə, bunu iddia edən adamlar düşünmürlər ki, Samir bu qədər söyüş söyür, bir nəfər niyə çıxıb bunun cavabını vermir? Yəni bu vaxta qədər mənimlə işləyənlərin hamısı şəxsiyyəti olmayan insanlardır? Əlbəttə ki, bütün bunlar yalandır. Amma çılğın, aqressiv olmağım düzgündür.

- "Sabah"ın yeni baş məşqçisi Jelko Sopiç cəmi 2 oyuna çıxmasına baxmayaraq, artıq rəhbərliyi, futbolçuları sərt şəkildə tənqid edib. Bizdə niyə əcnəbilərə "olar" deyilən şeylər yerli məşqçilərə olmaz?

- Çünki o, əcnəbidir. Biz özümüzə hörmət qoymağa, inanmağa hələ öyrəşməmişik. Bunların hamısını təcrübə keçə-keçə görmüşük. İsveçrədə məşqçilərin "Pro" kateqoriyası keçirilirdi. Finlandiya, Serbiya və Ukraynadan gələn məşqçilər var idi. Gördüm ki, bizim məşqçi qrupu onlardan nə qədər üstündür. Bizdə əcnəbilərin dedikləri ideal sayılır, düşünürlər ki, onların hər sözü düzdür. "Sabah"ın baş məşqçisinin fikirlərini oxumuşam, həddən artıq sərt danışıb.

- Sopiç "Neftçi" ilə görüşdən sonra hətta belə bir fikir bildirdi: "Kluba gələrkən mənə dedilər ki, filan futbolçular "top" səviyyədədir. Bilmirəm, mən axmağam?"

- Bəli. Deməyindən belə çıxır ki, gördüyüm qədərilə burdakılar "top" səviyyə yox, "tupoy" futbolçulardır. Yəni bu anlama gəlir. Mənim çılğınlığımdan danışırsınız. Məndən çox texniki zonadan qovulan Roberto Bordin də əcnəbidir və işini davam etdirir. Sadəcə, onları dərhal müdafiə etməyə çalışırlar. Əslində düzgün addımdır, məşqçini qoruyurlar. Ancaq yerliyə gələndə hər şeyi buraxırlar onun öhdəsinə ki, özü cavab versin. Medianın da əlinə imkan düşür ki, adamı "didsin". Bordin hər oyundan sonra dalaşmağa adam tapır. Bunu şikayət kimi qəbul etməyin. Əcnəbi məşqçini qorumağa, ictimaiyyətdən kənar tutmağa çalışırlar. Arzum budur ki, klub rəhbərləri yerlilərə də bu cür münasibət göstərsinlər. Sopiçin dediklərini Samir Abasov söyləsəydi, mətbuat "vurub dağıdar", bunu anlayışlı qəbul etməzdi. Belədə baş məşqçi də rəhbərliyin qarşısında cavab verməli olur.

"Klub rəhbərlərini xaricə göndərmək lazımdır ki, idarəçiliyi öyrənsinlər"

- Azərbaycanda klub rəhbərləri və futbolçular niyə tələbkar, açıqsözlü yox, sakit məşqçi istəyirlər?

- Klub rəhbərlərini bilmirəm, bəzi futbolçular mənim kimi tələbkar məşqçi istəyirlər. Orda-burda oturub deyirlər ki, filan məşqçi yoxdur, özümü "buraxmışam". O ki qaldı rəhbərlərə, bilirsiniz ki, məşqçilər ölkə xaricinə praktikaya gedirlər, klubların bazalarında olurlar. Məncə, formatı bir az dəyişib, klub rəhbərlərini də xaricə göndərməyə məcbur etməliyik ki, gedib idarəçiliyi öyrənsinlər. Nələrin baş verdiyini görsünlər, uğurun sirlərini öyrənsinlər.

- Bəzi futbolçular tələbkar məşqçi gedəndən sonra onun qədrini bilirlər...

- Tamamilə razıyam. Yadıma gəlmir ki, mənim işlədiyim zaman hansısa oyunçum futbol həyatında boşluq hiss etsin. Buna imkan vermirdim. Onları diqqətlərini daim futbola yönəltməyə məcbur edirdim. Bu təzyiq avaralığı, bəzi şeyləri onların əlindən alır. "Sumqayıt"da işləyəndə elə olub ki, bir futbolçunu iki dəfə qovmuşam. Elə məşq olub, dedim ki, Cavid İmamverdiyev çemodanını yığıb rədd olsun, gözüm görməsin. Həmin Cavid mövsümün sonunda Azərbaycanın ən yaxşı futbolçusu seçilib. Bizim futbolçuların üzərində təzyiq daim olmalıdır. "Qarabağ"ın uğurunun əsas səbəblərindən biri də məşqçilərin oyunçuları təzyiqdə saxlamalarıdır. Aleks Ferqyusonun bioqrafiyasını oxumuşam. Bilsəniz ki, nələrə fikir verib, deyərsiniz ki, aman Allah, bu nələr edib?

"Deyirlər ki, burda "Qarabağ" var, biz çempionluğa oynamırıq"

- Razısınız ki, Premyer Liqada keyfiyyət baxımından ən zəif mövsüm keçir?

- Kənardan baxanda bunu aşkar hiss elədim. Statistikalara diqqətlə nəzər yetirəndə, bəlli olur ki, hansı oyunda kim necə qələbə qazanır. Cari mövsüm çox zəif keçir. Elə ötən turda yalnız "Sabah" - "Neftçi" matçında qonaqların oyunu xoşuma gəldi. Amma digər matçlarda keyfiyyət çox aşağı idi.

- Mövsümün əvvəlindən çempionun bəlli olduğu çempionatdan hansı inkişafı gözləmək olar?

- Onsuz da, klub rəhbərləri deyir ki, burda "Qarabağ" var, biz çempionluğa oynamırıq. Yəni vəziyyətlə hamısı barışıb. Pul verən də, məşqçilər də, futbolçular da barışıb. Bu, heç də yaxşı hal deyil. Mövsümün əvvəlindən çempionluğu bəlli olan "Qarabağ"la heç-heçə edən bunu qızıl xal kimi dəyərləndirir. Digər komandalar ancaq 2-3-cü yerlərə gözlərini dikiblər. Çempionluğa nə qədər çox klub iddia etsə, bir o qədər yaxşı inkişaf edərsən. İndiki durumu tezliklə dəyişmək lazımdır.

"Yerli məşqçilərin üzünə millinin qapısı açıq deyil"

- Milli komandanın baş məşqçisi Nikola Yurçeviçin AFFA ilə müqavilə müddəti bitir və çox güman ki, dəyişiklik olacaq. Samir Abasov yığmanı çalışdırmağa hazırdırmı?

- Əlbəttə, tam hazıram. Bunun məsuliyyətini çox gözəl başa düşürəm. Mənim üçün şərəf olar. Amma düzü, buna inanmıram. Bu baxımdan rahatam ki, belə bir zəng gəlməyəcək, milliyə dəvət almayacam. Bunu təəssüflə deyirəm. Baş məşqçi əcnəbidir, yenə əcnəbi olacaq. Yerlilərin üzünə oranın qapısı hələ ki, açıq deyil.

- Yığmamız Yurçeviçlə 8 oyunda 1 xal topladı. Əgər belədirsə, əcnəbi mütəxəssisə ehtiyac varmı? Bunu hansısa yerli məşqçi bacarmaz?

- Hətta bundan da yaxşısını edər. Ancaq bir şeyi etiraf edək ki, Yurçeviçi gətirəndə heç AFFA da bilmirdi axı belə nəticələnəcək. Onu daha yaxşı olmaq istəyi ilə gətiriblər. Qrupda 1, 4 və ya 7 xal toplamaq böyük rol oynamır. Mənim üçün sərgilənən oyun və gələcəyə perspektiv vacibdir. Ancaq millidə məşqçinin gördüyü iş nəinki qane etmədi, ümumiyyətlə, sıfırın altında oldu. Bütün oyunlara baxmışam, orda məşqçi işindən əsər-əlamət yox idi. Əminəm ki, AFFA rəhbərliyi belə nəticələnəcəyini bilsəydi, Yurçeviçi gətirməzdi. Gələcəyi yalnız Allah bilir. Şəxsən mən özümə güvənirəm və hamı da bilir ki, millidə işləyərəm. Sərgilənən oyun milyon faiz bundan fərqli olar. İstər mətbuat, istərsə də, futbol ictimaiyyəti yalnız əcnəbi gətirilməsini tələb edir, heç kim yerli məşqçinin bu işin öhdəsindən gələcəyini düşünmür. Məndə "təki millidə işləyim" istəyi yoxdur. Yəni millinin baş məşqçisi olmaq xatirinə bunu etmərəm. Bunu ancaq "tupoy" insanlar fikirləşər. Çünki milli bu düşüncədəki adamın karyerasının sonu olar. Yığmanı çalışdırmaq bacarığım çərçivəsində olduğundan, ikiəlli deyirəm ki, mənə çətin olmaz.