Yataqda qətl, ölməyən Cərcis, musiqiçi-rəssam manyak... – İstintaq davam edir
09 dekabr 2019 20:15 (UTC +04:00)

Yataqda qətl, ölməyən Cərcis, musiqiçi-rəssam manyak... – İstintaq davam edir

 

 

İlham Tumas

 

(Etik prinsiplərə görə, bəzi adlar və soyadlar dəyişdirilib)

 

Bəşər var olandan insan insanı öldürüb və nə qədər acı olsa da, deməliyik ki, yenə öldürəcək. Ancaq bu qədim və tarixi yurdumuzda bir neçə il əvvəl baş vermiş hadisəyə sadə qətl kimi yanaşmaq mümkün deyil. Bu olay insan düşüncəsinin hüdudlarına sığmır. İstintaqımız Beyləqanda davam edir!

 

Kərim itib...

 

19 oktyabr 2017-ci ildə Beyləqan rayon polis şöbəsinə itkin düşmüş şəxslə bağlı müraciət daxil olur. Ərizədən məlum olur ki, 1998-ci ildə anadan olmuş Beyləqan şəhər sakini Məmmədov Kərim 17 oktyabr 2017-ci ildə evdən çıxıb, bir daha geri qayıtmayıb. Anası deyir ki, oktyabrın 17-də saat 19 radələrində Kərim şam yeməyini yedikdən sonra evdən çıxaraq, şəhərdə gəzmək istədiyini və az sonra evə qayıdacağını bildirib. Ancaq oğlu həmin gün evə gəlməyib.

Kərim Məmmədov uşaq yaşlarından epilepsiya xəstəsi olub, bir neçə dəfə rayon mərkəzi xəstəxanasında ambulator müalicə alıb, həmçinin ruhi-əsəb problemləri olduğu üçün məktəbə getməyib. Sadalananlar itkin düşəninin axtarışı ilə bağlı verilən polis elanında da əksini tapır. Avtovağzal, şəhərdən çıxan əsas yollar, magistrallarda aparılan axtarışlar və sorğular heç bir nəticə vermir. Bir müddət keçdikdən sonra, itkin düşmüş Kərim Məmmədov tapılmamış Beyləqanda daha bir hadisə baş verir.

 

Ramilə bıçaqlandı

 

2018-ci ilin aprelin 4-də hərbi xidmətdə olan Firudinə yaxın qohumundan telefon zəngi gəlir və ona məzuniyyət götürüb Beyləqana gəlməsi xahiş olunur. Firudin onu nəsə bəd xəbər gözlədiyini hiss eləyir və Beyləqana yola düşür. Şəhərdə onu yaxın qohumları qarşılayır və məscidə aparırlar. Məlum olur ki, anası Kamilə evdə bıçaqla öldürülüb...

Kamilənin meyiti aprelin 3-də yaşadığı evdən tapılmışdı. Qonşusu onun bacısına zəng edib, Kamilənin telefon zənglərinə cavab vermədiyini deyir. Bacısı da dəfələrlə Kamiləni yığır, ancaq telefona heç kim cavab vermir. Bundan sonra ərini bacısının yaşadığı evə göndərir. Məlum olur ki, Kamilənin evində işıq yanır, televizorun səsi gəlir, ancaq həyət qapısı bağlıdır. Bundan sonra polis çağırılır və vəhşiliklə öldürülmüş qadının meyiti tapılır. Meyit müayinə olunmaq üçün morqa aparılır. Məhkəmə-tibb ekspertizasının rəyindən oxuyuruq: “Məhkəmə-tibb ekspertizası mərhum Mədətova Kamilənin meyitində 10 ədəd kəsilmiş-deşilmiş, 16 ədəd kəsilmiş yara, 1 ədədi isə qançır sahəsi olmaqla ümumilikdə 27 ədəd xəsarət aşkar etdi. Bunlardan boyun nahiyəsində 10 ədədi kəsilmiş-deşilmiş yaradır və hər iki yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunur. Qalan yaralar çənədə, ayaqlarda, alındadır.

Hadisə yerinin müayinəsinə, istintaq materiallarına əsaslanaraq, yara kanallarının, o cümlədən yaralar ətrafında dəri örtüyünün qanla bulaşma və qan axıntısı izlərinin istiqamətini nəzərə alaraq göstərmək olar ki, mərhum hadisə zamanı ilkin olaraq arxası qatilə tərəf, sonra isə yarımoturaq vəziyyətdə olmaqla üzbəüz olub. Mərhum hadisə zamanı məqsədyönlü hərəkətlər edə, yəni qışqıra və yeriyə bilərdi. Meyit əlamətlərinin inkişaf dərəcəsini və ilin fəslini nəzərə almaqla demək olar ki, Mədətova Kamilənin ölümünün müddəti onun meyitinin müayinəsindən təxminən 20-30 saat əvvələ uyğun gəlir”.

 

Onu niyə öldürsünlər?

 

Mədətova Kamilə həyat yoldaşını tez itirmiş, oğlunu tək böyütmüşdü. Ailə başçısı erkən vəfat etdiyindən onlara təqaüd, məcburi köçkün olduqları üçün müavinət verilirmiş. Həmişə maddi çətinlik içində yaşayıblar. Elə oğlu, yaxın qohumları da Kamilənin tamah məqsədi ilə öldürülə biləcəyinə şübhə ilə yanaşırlar. Bu baxımdan, istintaq qadının başqa münasibətlərdə ola biləcəyi şəxslərin aşkara çıxarılması üzrə davam edir. Kamilənin müxtəlif vaxtlarda pul müqabilində ayrı-ayrı kişilərlə görüşdüyü istintaq tərəfindən müəyyən edilir və son günlər onun görüşdüyü şəxslər ifadə vermək üçün istintaqa çağırılır. Onların arasında Nəsirov Rövşən də vardı.

 

Musiqiçi, rəssam, bərbər Rövşən

 

Saç ustası işləyən Rövşən Nəsirov 21 aprel 1990-cı ildə Beyləqan şəhərində anadan olub. Orta təhsillidir, əvvəllər məhkum olunmayıb. Bərbər işləməklə yanaşı, rəsm çəkir, musiqiçidir, tütəkdə, sintezatorda yaxşı ifa edir. Beyləqan Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə Nəsirov Rövşən ilə həyat yoldaşı arasında bağlanmış 05 noyabr 2012-ci il tarixli nikah pozulduqdan sonra Rövşən tək qalıb. Yox, ancaq tək qalmır. Bundan sonra o, kənarda münasibət qurduğu Beyləqan rayon sakini Mədətova Kamilə ilə daha tez-tez görüşməyə başlayır. Ancaq indiyə qədər müəyyən pul müqabilində onunla münasibət quran Kamilə ilə bağlı sonuncu dəfə Rövşən Nəsirovun başqa fikri olur.

 

İstintaqla müəyyənləşir ki, 2018-ci il aprel ayının 3-də, yəni Kamilənin öldürüldüyü tarixdən bir gün əvvəl Rövşən onunla görüşübmüş. Ona görə, Nəsirov Rövşən 5 aprel 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulur və 07 aprel 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilir. Rövşən hər şeyi etiraf edir...

 

Görüşdüyü qadından pul umdu

 

Məlum olur ki, arvadından boşandığı vaxt Kamilə ilə tanış olaraq 10 manat müqabilində onunla vaxtaşırı intim münasibətdə olub. Ancaq yoldaşı ilə rəsmi ayrılmaqlarına baxmayaraq, sonradan yenidən barışdığından, bir daha Kamilə ilə görüşməyib. O, işlədiyi bərbərxanada az məbləğdə pul qazandığı, həyat yoldaşı ilə münasibətlərində problemlər olduğuna görə, haradansa pul tapmaq qərarına gəlib. Hətta pul tapmaq məqsədi ilə yaşadıqları evi satıb qayınatası ilə birlikdə yaşamaq istəyib, bu barədə arvadı ilə razılıqları olub. Ancaq bir ay ərzində münasib qiymətə alan olmadığından evi sata bilmir. Pul əldə etmək barədə düşündüyü vaxt ilk olaraq Kamilənin evinə gedib onu öldürərək, pulunu götürmək fikrinə düşüb. Qətli necə törətdiyini isə Rövşən Nəsirov istintaqa isə belə nəql edir: “Aprel ayının 2-də saat təxminən 20 radələrində 2 litrlik plastik qabda “Xırdalan” pivəsi içəndən sonra evdən çıxıb Kamiləgilə getdim. Kamilə mənə çay süzdü, içəndən sonra yan otağa keçdim. Üstümdə olan mətbəx bıçağını otaqdakı döşəyin altına qoydum. Kamilə içəri girdi, çarpayıda yanımda uzandı. Arxası mənə tərəf idi. Bıçaqla Kamilənin arxa tərəfdən boyun nahiyəsinə iki dəfə vurdum. Kamilə mənə tərəf çevrilib müqavimət göstərdi. Onda dizi üstə üstündə oturub onun boğazına da bıçaqla zərbələr vurdum. Kamilə qışqırır, ayağa durmaq istəyirdi. Öz əlim də yaralanmışdı, gördüm, bacarmıram, dayanmadan onun bədəninə, boğazına bıçaqla vurmağa başladım. Kamilənin öldüyünü görüb, paltarlarımı geyindim, evdə qızıl-zinət, pul axtarmağa başladım”.

 

Tək və imkansız qadının evindən 30 manat puldan başqa şey tapmayan qatil, yenidən meyit olan otağa qayıdır, Kamilənin boğazındakı nazik sarı rəngli ucuz boyunbağını qızıl hesab edib, dartıb qıraraq cibinə qoyur.

Sonra giriş qapısından çıxıb qapını bağlayır, açarı su arxına atıb, gedir...

 

Qardaş hər şeyi dedi...

 

Bundan sonra hadisələr ildırım sürətilə davam edir. Rövşənin Bakıda işləyən qardaşı Beyləqanda olanda aprel ayının 4-ü Kamilənin bıçaqlanaraq öldürüldüyünü eşidir və qardaşının yanına gedərək bu qətli onun törədib-törətmədiyini soruşur. Rövşən hər şeyi etiraf edir. Bir gün sonra digər qardaşı ilə Rövşənin polis şöbəsinə aparıldıqlarını eşidəndə şöbəyə gəlir və ifadə verir. Cinayət işindən oxuyuruq: “Şahid qismində dindirilmiş Nəsirov Rövşənin qardaşı ifadəsində göstərmişdir ki, Rövşən Nəsirov onun əkiz qardaşıdır. Aprel ayının 2-də Rövşənlə Beyləqan şəhərində parkda gəzişdiyi zaman Rövşən söhbət əsnasında ona əvvəllər tanıdığı və münasibətdə olduğu Kamilə Mədətovanı öldürmək istədiyini bildirib. O, Rövşəni bu fikrindən daşındırmaq istəyib. Ancaq 4 aprel 2018-ci il tarixdə günorta saatlarında Kamilənin bıçaqlanaraq öldürüldüyünü eşidib və qardaşı Rövşənin yaşadığı evə gedib, Kamiləni onun öldürüb-öldürmədiyini soruşub. Rövşən ona Kamiləni öldürdüyünü deyib”.

 

Qardaşı şöbədə Rövşən Nəsirovun daha bir cinayəti haqda məlumat verir. Bu məlumatla da 17 oktyabr 2017-ci ildə itkin düşmüş 20 yaşlı Beyləqan şəhər sakini Məmmədov Kərimin taleyinə aydınlıq gəlir. O, polis əməkdaşlarına Rövşənin Kərim Məmmədovu da öldürdüyünü deyir.

 

Məlum olur ki, Kamilə Mədətovanı öldürməzdən iki gün əvvəl qardaşı Rövşən ona keçən ilin oktyabr ayında Kərimi öldürdüyünü danışıbmış. Qardaşı ona bu hadisə barədə hüquq-mühafizə orqanlarına gedib törətdiyi cinayəti etiraf eləməsini tələb etsə də, iki gün sonra Kamilənin də öldürüldüyünü eşidir və artıq qərara gəlir ki, Kərimin qətli ilə bağlı da hər şeyi açıb desin. 

 

Zavallı Kərim də tapıldı...

 

İbtidai və məhkəmə istintaqı zamanı Rövşənin uşaq yaşlarından epilepsiya xəstəsi və ruhi əsəb problemləri olan Kərimlə əvvəllər pul müqabilində bir neçə dəfə yaxınlıq elədiyini qətiyyətlə rədd edir. İttiham aktından oxuyuruq: “Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Nəsirov Rövşən ona qarşı elan edilmiş ittiham üzrə özünü CM-in 150.2.5-ci maddəsi ilə təqsirli bilməmişdir. O ifadəsində göstərmişdir ki, Kərim Məmmədovu tanımışdır, ancaq ona qarşı heç vaxt seksual xarakterli hərəkətlər etməmişdir”.

 

O, ifadəsində yazır: “Kərim bir dəfə mənim evimə gəlib, məndən 10 manat pul istəmişdi, mən də verdim. Sonra bir dəfə də ona geyindiyim köynəklərdən birini vermişəm. Bir müddət Bakıda işlədikdən sonra 2017-ci ilin oktyabr ayında Beyləqana qayıtdım. Arvadımla boşandıqdan sonra tənha qalmağım mənə pis təsir eləmişdi. Acıqlı idim, kimisə öldürmək istəyirdim. Təxminən 2017-ci ilin oktyabrın sonu, noyabr ayının əvvəllərində saat təxminən 21:30 radələrində mərkəzi bazarın yaxınlığında bərbərxananın yanında Kərimi gördüm. Ona 15 manat pul verəcəyimi deyib, aldadıb evə apardım. Kərim evdə televizora baxanda bıçaqla onun boyun nahiyəsinin arxasından bir zərbə vurdum. Qışqıraraq, onu öldürməməyimi istədi. Çoxsaylı bıçaq zərbələri vurdum, ancaq gözlərimi yumduğumdan bıçağın bədənin hansı yerlərinə dəydiyini görmürdüm. Hardansa eşitmişdim ki, insan öləndə gözündə gördüyü adamın şəkili qalır. Ona görə də Kərimin hər iki göz bəbəyinə bıçaqla vurdum. Meyiti çarpayıdan götürüb yerə uzatdım, ağ rəngli kapron ipi gətirib ayaqlarını boynuna bağladım, klyonkaya bükdüm”.

 

Qatil bundan sonra qardaşıgilə gedib televizora baxıb, saat 9-a kimi yatıb. Yuxudan durandan sonra meyiti arabayla həyətindəki yarımçıq tikilidə 1 metr dərinliyində çala qazaraq, basdırıb.

 

Rövşən bu hadisədən təxminən 4 ay sonra meyiti basdırdığı yerdən çıxarıb araba ilə başqa bir otağa aparıb qazdığı yeni çalaya atıb, üstünü sement qarışıq qumla betonlayıb. Birinci çalada olan politelin paketdəki paltarların və telefonun üzərinə isə spirt tökərək yandırıb.

 

Bu da hökm!

 

Belə dəhşətli qətllər barədə eşidəndə, hardansa oxuyanda düşünürsən ki, bunlar insan əməli ola bilməz, insana, onun ali adına yaraşmaz. Ona görə də məhkəmə prosesində hətta qatilin doğmaları belə, hökmün amansızlığı ilə razılaşmalı olurlar. Hökm isə qanunun imkan verdiyi qədər amansız olur!

 

“AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

H Ö K M

27 noyabr 2018-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsi 21 aprel 1990-cı ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Beyləqan şəhərində yaşayan 7 aprel 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Nəsirov Rövşən Eyvaz oğlunun təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq

H Ö K M  E T D I:

Nəsirov Rövşən Eyvaz oğlu Azərbaycan Respublikası CM-in 150.2.5, 120.2.2, 120.2.4, 120.2.9, 120.2.10, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 150.2.5-ci maddəsi ilə ona 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 181.3.3-cü maddəsi ilə ona 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 120.2.2, 120.2.4, 120.2.9, 120.2.10 və 120.2.11-ci maddələri ilə ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarını ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə qəti olaraq ona ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ömürlük azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş həbsxanada çəksin. Cəzaçəkmə müddətinin əvvəli 5 aprel 2018-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin!”.

 

Təbii, dövlət qanunlarımıza görə, bu hökm qatil üçün ən sərt hökmdür. Hərdən belələri üçün güllələnmə cəzasının yenidən tətbiqi barədə danışanlar olur. Ancaq düşünürəm ki, belələrinə güllələnmə belə yenə ən sərt hökm deyil...

 

Ölməyən Cərcis və acı həyat

 

Burdan başlamışdıq, burda da başa vuraq! Bəzi rəvayətlərdə “Cərcis" sözünün farscadan "Cahar cur", yəni dörd dəfə ölüb-dirilən mənasına gəldiyi bildirilir. Söyləyirlər ki, Fələstindən Mosula köçən peyğəmbər camaatı bütlərə yox, tək Tanrıya inanmağa çağırır. Mosulun bütə inanan padşahı isə bunu qəbul etmir və onu işgəncələrə məruz qoyur. Peyğəmbərin ətini dəmir daraqla qoparırlar, qaynar yağın içinə atırlar, odda yandırır, başına mismar vururlar. Amma hər dəfə Allah-təala Həzrət Cərcisi sağ-salamat saxlayır. Müəyyən müddətdən sonra peyğəmbər Qafqaza üz tutur və gəlib burda - qədim Beyləqanda yaşayır, 77 yaşında vəfat edir.

 

Bəli, Allahdan başqa heç kim insanın doğuluşu ilə ölümü arasında olan həyatının harda, necə qırılacağını bilməz. Rəvayətdən bilindiyi kimi, bu qanunauyğunluq qarşısında zalım padşah da aciz qalır. Ancaq təəssüf, bu, bir rəvayətdi. Həyatda isə çox amansız və sərt reallıqlar var. Ona görə, istintaqımız davam edir!

 

P.S.

İctimai Televiziyanın efirində yayımlanan “İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü “Lent.az”-dan oxuyun! 

 

 

 

 

# 3053
avatar

Oxşar yazılar