Azərbaycan Prezidenti: “Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır”
06 dekabr 2019 03:00 (UTC +04:00)

Azərbaycan Prezidenti: “Biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır”

 

“Təbii fəlakətlər hər bir ölkədə baş verir. Bu yaxınlarda biz televiziyadan gördük ki, Venesiya kimi tarixi şəhər su altında qalıb. Heç bir kanalizasiya sistemi o yağışların qabağında davam gətirə bilməyib. Bu yaxınlarda bəzi Avropa ölkələrində böyük daşqınlar baş verib. Düzdür, bizdə də olur. İndi yağış yağanda, özü də leysan yağanda heç bir şəhərin kanalizasiya sistemi onu tam götürə bilməz. Baxmayaraq ki, biz çox çalışırıq və göstəriş verilib ki, yağışların, daşqınların fəsadları aradan qaldırılsın və amma hətta ən inkişaf etmiş ölkələrdə daşqın böyük problemlərə gətirib çıxarır, o cümlədən zəlzələlər”. 

APA-nın məlumatına görə, bunu dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, bir neçə il ərzində Azərbaycanda həm daşqın olub, həm də zəlzələ olub: “Hər iki halda dövlət bütün xərcləri öz üzərinə götürüb. Bu da deyə bilərəm ki, nadir bir təcrübədir. Çünki inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada vətəndaşların evləri sığortalanır və əgər ev hansısa səbəbə görə ziyan çəkibsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Ondan sonra təqribən bir neçə ay ərzində ona vəsait ödəniləcək, ödənilməyəcək hələ bəlli deyil. Bizdə isə belə deyil. Biz başa düşürük ki, bizim vətəndaşlar buna hələ ki, öyrəşməyiblər. Evlərin bir çoxu sığortalanmayıb. Ona görə nə etməliyik? İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar. Ona görə dövlət bu işi öz üzərinə götürür”. 

Azərbaycan Prezidenti vurğulayıb ki, bu, böyük məsrəfdir, böyük xərclərdir: “Amma biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının bir hissəsi aradan qaldırılıb. Bu gün mənə növbəti addımlarla bağlı məruzə ediləcək. Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq. Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır”.

# 761
avatar

Oxşar yazılar