Ofisiant qızla evlənən, bir gecədə “boss”a çevrilən “Kloppo”: “Özümə baxanda qorxuram” - SİRLİ ULDUZLAR
02 dekabr 2019 20:15 (UTC +04:00)

Ofisiant qızla evlənən, bir gecədə “boss”a çevrilən “Kloppo”: “Özümə baxanda qorxuram” - SİRLİ ULDUZLAR

“Uşaqlıqda həkim olmaq istəyirdim. Ancaq bu arzumun arxasınca gedəcək qədər ağıllı deyildim”. Bu sözlərin müəllifi Yurgen Kloppdur. Futbolçu karyerası uğurlu alınmayan, əvəzində məşqçi kimi ağlına belə gətirmədiyi nailiyyətlər qazanan Klopp. Hazırda bütün dünyanın güclü futbol mütəxəssisi olaraq qəbul etdiyi 52 yaşlı alman.

 

“Necə zarafatdır?”

“Avropanın ən pis klublarından birində ortabab oyunçuydum. Pep Qvardiola isə maestro yarımmüdafiəçi sayılırdı və “Barselona”da çıxış edirdi. O, çox yaxşı idi! Sonra hər ikimiz məşqçi olduq və hazırda İngiltərədə eyni səviyyəli 2 komandanı çalışdırırıq. İndi kimin karyerası daha yaxşıdır: mənim, yoxsa Pepin? Necə zarafatdır?”, - deyə soruşur Yurgen Klopp. Zarafat deyil, əksəriyyətin tanımadığı futbolçu Klopp artıq gündəmdən düşməyən məşqçidir!

 

“Qız olsaydım, atam dayanmayacaqdı”

1967-ci ildə Ştutqart şəhərində anadan olan Yurgenin yolunu valideynləri, xüsusən də, atası çox gözləyib. Axı ona qədər Norbert Kloppun 2 qızı var idi. “Böyük bacım məndən 7, ikinci bacım isə 5 yaş böyükdür. Atam oğlunun olmasını çox istəyirdi. Əgər qız doğulsaydım, dayanmayacaqdı, oğul atası olmaq üçün israr edəcəkdi. Bir sözlə, mən doğuşdan ümidləri doğrultmuşam”, - deyir Yurgen.

 

“Bunu illər sonra başa düşdüm”

Atası ticarətlə məşğul olduğundan, günü daha çox səfərlərdə keçirdi. Yurgen və bacılarının tərbiyəsi ilə anaları Elizabet məşğul olurdu. Buna baxmayaraq, Norbert Klopp oğluna çox bağlı idi. Evdə olanda vaxtını həmişə onunla keçirərdi. Qlattenə köçəndə ata Klopp oğlunu yüngül atletika, futbol və tennis bölmələrinə yazdırır. Üstəlik, ona xizək sürməyi öyrədir: “Səhərlər atamla qaçmağa gedirdik. Havanın günəşli və ya yağışlı olmasının bizim üçün fərqi yox idi. Həmişə qaçışa birinci başlamağıma icazə verirdi. Buna baxmayaraq, gəlib çatırdı. Xizək sürəndə də vəziyyət eyni idi: bir qayda olaraq önümdə olurdu”.

Tennis oynayanda isə Yurgen atasına böyük hesabla uduzur və ağır məğlubiyyətdən sonra həmişə qışqırırdı: “Sən düşünürsən ki, belə mənim üçün əyləncəlidir?” Atası Norbert isə ona sakit şəkildə cavab verirdi: “Bəs sən düşünürsən ki, mənim üçün əyləncəlidir?” Qıcıqlandırıcı sözlərlə oğlunun üzərində daha çox işləməsinə çalışırdı. “Bu, məni həvəsləndirmək formulu idi. Bunu illər sonra başa düşdüm”, - deyir Yurgen. Yeri gəlmişkən, atası 2000-ci ildə, 68 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

 

“Nənəm duaya başlayanda yuxuya gedirdi”

Uşaq vaxtı nənəsi onu tez-tez kilsəyə aparardı. Ancaq hər dəfə kilsədə eyni hal baş verərdi: “Mən xristianam. Protestant olmaq xoşuma gəlir. Tanrıya inam mənə güc və azadlıq verir. Uşaq olanda nənəm məni kilsəyə aparırdı, ancaq dua etməyə başlayandan bir dəqiqə sonra yuxuya gedirdi. Niyə gəldiyimizi başa düşmürdüm”.

 

“Ata olandan sonra məsuliyyətli insana çevrildim”

Subaylığı sultanlıq saymayan Yurgen Klopp tez evlənib. İlk həyat yoldaşı Sabinadan 1988-ci ildə oğlu Mark dünyaya gəlib (O da atasının yolunu davam etdirib, özünü futbolda sınayıb. Ancaq zədə üzündən 26 yaşında karyerasını bitirməli olub). 21 yaşda ata olan Yurgenin həyatı tamam dəyişmişdi: “Ata oldum, amma həmin vaxt elə özüm də uşaq sayılırdım. Həvəskar şəkildə futbolla məşğul olmaqla yanaşı, universitetdə oxuyurdum. Ailəmi dolandırmaq və təhsil haqqını ödəmək üçün videoprokatda işləyirdim. Gecə cəmi 5 saat yatırdım. Çətin olsa da, həyatı həmin vaxt dərk etdim, məsuliyyətli insana çevrildim. Evə qayıtdıqdan sonra oğlumla vaxt keçirməyə çalışırdım. Dostlarım hər axşam zəng edib məni pivə içməyə dəvət edirdilər. Ürəyimdən getmək keçsə də, onlara “yox” deyirdim. Daha təkcə özüm üçün yaşamırdım”.

 

İkinci arvadı ilə barda tanış olub

Sabinadan ayrılandan sonra - 2005-ci ildə növbəti dəfə ailə həyatı qurur Klopp. İkinci həyat yoldaşı Ulla Sandrokla Maynsdakı barların birində tanış olur. Ora oyundan sonra futbolçuları ilə birlikdə pivə içmək üçün gedibmiş. Sandrok isə həmin barda ofisiant işləyirdi. Kloppun ikinci xanımı daha öncə Keniyanın paytaxtı Nayrobidə alman məktəbində dərs deyib.

 

Hücumdan müdafiəyə

Futbolçu karyerasına hücumçu mövqeyində başlayan Yurgen Klopp ümidləri doğrultmadığından, bir müddət sonra onu müdafiəyə keçiriblər. Bu mövqedə daha 6 il oynayıb. Yeri gəlmişkən, futbolçu kimi ilk və son peşəkar klubu “Mayns” olub. 11 il ikinci Bundesliqada çıxış edən komandanın formasını geyinib, 52 qol vurub.

 

“Çətin vəziyyətdəydim, qəpiyim də yox idi”

Futbolçu karyerasını bitirdiyi ildəcə ona müvəqqəti olaraq “Mayns”ı çalışdırmaq təklif edilir. Əslində məşqçi olmağı düşünməyən Klopp çarəsizlikdən təklifə “hə” deyir: “Futbolçu karyeramı bitirəndən sonra çıxılmaz vəziyyətə düşmüşdüm. Ailəmi dolandırmalıydım. Bankda isə qəpiyim da yox idi. Çünki futbolçu vaxtı qazandığım pul ancaq yaşamağımıza kifayət edirdi”. Beləcə, əlinə düşən şansı dəyərləndirməyə qərar verir. Həmin il komandanı II Bundesliqadan düşmək təhlükəsindən qurtaran Kloppa yeni müqavilə təklif edilir. Sonrakı 2 mövsümdə “Mayns”ı 4-cü edən Yurgen növbəti cəhdində komandanı tarixində ilk dəfə I Bundesliqaya çıxarmağı bacarır. “11 il oynadığım “Mayns”da baş məşqçi fəaliyyətinə başlamaq qəribə idi. Axı birgə oynadığım futbolçular hələ də mənim dostlarım idi. Bir gecənin içində onların “boss”una çevrilmişdim. Buna baxmayaraq, məni "Kloppo" kimi çağırmağa davam edirdilər”.

 

“Köməkçim axmaq olduğumu düşünürdü”

İşə özünəməxsus yanaşması olan Klopp “Mayns”ı çalışdırdığı vaxt qəribə addım atır: “Bir dəfə komandanı İsveçdə yerləşən gölə apardım. Orda elektrik belə yox idi. Yeməyimiz olmadan 5 gün həmin gölün ətrafında qalmalıydıq. Təkcə tilov götürmüşdüm. Ac qalmamaq üçün özümüz yemək tapmalıydıq. Həmin an köməkçim axmaq olduğumu düşünürdü. Mən isə futbolçularıma hər şeyi bacardıqlarını göstərmək istəyirdim”.

“Mayns” Bundesliqadakı ilk mövsümündə 11-ci olur. Ancaq 2007-ci ildə komanda ikinci liqaya düşür. 2008-ci ilin aprelində Klopp açıqlayır ki, mövsümün sonunda “Mayns”ı Bundesliqaya çıxara bilməsə, klubla müqaviləsini yeniləməyəcək. 2007/2008 mövsümündə komanda elitaya yüksəlmək şansını qaçırır. Nəticədə sözünün üstündə duran Yurgen “Mayns”ı tərk edir.

 

“Borussiya”da tarix yazır

Elə həmin il iyulun 1-də isə Dortmund “Borussiya”sı ilə müqavilə imzalayır. Bundesliqada əvvəlcə 6-cı, sonrakı mövsümdə isə 5-ci yeri tuturlar. Klopp özünü bütün dünyaya məhz “Borussiya”da tanıtdırır. 2010/2011 mövsümündə dortmundlular “Bavariya”nın hegemonluğuna son qoyaraq, Almaniya çempionu olurlar. Növbəti mövsümdə isə Klopp klub tarixində həm Bundesliqa, həm də Almaniya Kubokunun qalibi olan ilk məşqçi kimi tarixə düşür.

2012/2013 mövsümündə isə Yurgen Kloppun rəhbərliyi altında “Borussiya” Çempionlar Liqasında finala yüksəlir. “Bavariya” ilə həlledici görüşün əsas vaxtı 1:1 hesabı ilə nəticələnir, lakin əlavə vaxtda münhenlilər 1 qol vuraraq qalib gəlirlər. Finalda uduzsa da, Klopp təkcə dortmundlu fanatların deyil, bütün dünya futbolsevərlərinin rəğbətini qazanır. 2015-ci ildə isə uğursuz mövsümdən sonra vəzifəsindən ayrılmalı olur. Gedişini elan etdiyi mətbuat konfransında bu sözləri deyir: ““Borussiya”ya elə məşqçi lazımdır ki, ona 100 faiz uyğun gəlsin. Məhz bu səbəbdən gedirəm”.

 

İngiltərəyə köç və ÇL-də zəfər

Elə həmin il “Liverpul” çoxdandır “qaraladığı” Kloppu sıralarına qatır. 2015-ci ildə tərəflər arasında 3 illik müqavilə imzalanır. 2015/2016 mövsümündə Avropa Liqası və İngiltərə Liqa Kubokunda finalda uduzan Klopp 2017/2018 mövsümündə komandasını Çempionlar Liqasının həlledici görüşünə daşıyır. Amma “Borussiya”da olduğu kimi, yenə qitənin ən mötəbər klub turnirinin qalibi ola bilmir, bu dəfə finalda “Real”a uduzur. Buna baxmayaraq, rəhbərlik və azarkeşlər ona güvənməkdə davam edirlər. Nəticədə növbəti mövsüm Kloppun komandası Premyer Liqada ikinci olsa da, Çempionlar Liqasında bütün rəqiblərini üstələyir. Yarımfinalın ilk oyununda “Barselona”ya 0:3 hesabı ilə uduzan “qırmızılar” cavab görüşündə möhtəşəm geridönüş edərək, 4:0 hesablı qələbə qazanırlar. Finalda isə “Tottenhem” məğlub edilir - 2:0. Beləliklə, Klopp adını ÇL-in qalibi olan məşqçilərin sırasına yazdırır.

Cari mövsümə də yaxşı başlayan “Liverpul”un əsas hədəfi uzun fasilədən sonra İngiltərə çempionu olmaqdır. Hazırda turnir cədvəlinə başçılıq edən Kloppun komandasının liderliyi sona qədər qoruyacağına inam böyükdür.

 

Yurgen Klopp məşqçilik bacarığı və meydandakı hərəkətləri ilə yanaşı, sitatları ilə də tez-tez gündəmə düşməyi bacarır…

 

“Zəhmət olmasa, yeməyimi bitirməyimi gözləyin”

- “Barselona” ilə qarşılaşanda futbolçularıma rəqibin oyunlarının videosunu baxdırmadım. Onlara “Barsa”nın 5868 qolu necə qeyd etdiklərini əks etdirən şəkilləri göstərdim. Hər dəfə elə sevinirlər ki, elə bil, klubun tarixində ilk qolu vurublar. Möhtəşəmdir! Bu hissi ölənə qədər özündə saxlamaq lazımdır.

- İnsanların haqqımda nə dediyinə heç vaxt fikir vermirəm. Futbolda hər şey nəticədən asılıdır. Bu gün qalibsənsə, “yaxşı oğlan” olursan, amma sabah uduzanda səni “axmaq” adlandıracaqlar.

- Əvvəl həyat yoldaşımla restoranda yeməyə yenicə başlayanda biri yaxınlaşıb avtoqraf istəyirdi. Razılaşırdım. Yeməyin dadına baxmaq istəyəndə bu dəfə başqası gəlirdi. Belə-belə insanlar növbəyə düzülürdü. Sonunda onlara “Zəhmət olmasa, yeməyi bitirməyimi gözləyin” deməyi öyrəndim. Bu, mənim üçün vacib dərs idi. Biz hamıya kömək edə bilmərik.

 

“Bir-birimizi qucaqlayıb, 20 dəqiqə ağladıq”

- Bavariyanın futbola yanaşması çinlilərin istehsalata yanaşması kimidir. Onlar əvvəlcə digərlərinin nə etdiyinə fikir verirlər, sonra böyük pullar və güclü futbolçuların hesabına onu kopyalayırlar. Yekunda isə səni qabaqlayırlar.

- Şinji Kaqava “Borussiya”dan gedəndə bir-birimizi qucaqlayıb, 20 dəqiqə ağladıq.

- Bir dəfə “Bavariya”nın prezidenti mənə zəng edib görüşməyimizi xahiş etdi. Mən isə ona belə cavab verdim: “Hazıram. Ancaq anamdan icazə almalıyam”.

 

“O mövqedə Çak Norrisi oynadardım”

- “Tiki-taka” taktikası mənlik deyil. Mən oyunları 80 faiz topa sahib olmaqla qazanmaq istəmirəm. Döyüşmək, mübarizə aparmaq - mənim bu xoşuma gəlir.

- “Borussiya”nın dayaq yarımmüdafiəçisi mövqeyində Çak Norrisi oynadardım. Heç də pis görünməzdi!

- Getzenin “Borussiya”dan başqa kluba transfer olunduğunu eşidəndə həyat yoldaşımla kinoya getməyi ləğv etdim. Dedim ki, mən indi cəmiyyətdə görünə bilmərəm.

 

“Həmin filmə 500 dəfə baxmışdım”

- Eyni oyunçularla uzun müddət işləyəndə ehtiyat edirsən ki, birdən nə vaxtsa sənə deyərlər: “Biz səsini daha eşitmək istəmirik”. Buna görə də həmişə yeni futbolçular axtarmaq lazımdır.

- “Hamburq” mənimlə maraqlananda 2 nəfər evimə gəldi və gördülər ki, onları idman geyimində qarşıladım. Bununla da danışıqlar dayandı. Yəqin onlara səliqəli geyinən məşqçi lazım idi.

- Oyunlarımızın videosunu izləməyi xoşlamıram. Çünki televizorda özümə baxanda qorxuram.

- “Mayns”ı çalışdıranda Almaniya futbolu tarixində ilk dəfə liberosuz oynamağa başladıq. Arriqo Sakkinin təlim filmi məni o qədər heyran etmişdi ki, ona 500 dəfə baxmışdım. Buna qədər biz düşünürdük ki, rəqib güclüdürsə, mütləq qalib gələcək. Amma Sakkinin sayəsində başa düşdük ki, futbolda hər şey mümkündür.

 

“Mən dəli deyiləm”

- Yoahim Löv xoşuma gəlir. Çünki eyni şampun və ətirdən istifadə edirik.

- Layiq olduğumdan da çox şey əldə etmişəm: ailə, pul, futbol. Valideynlərim və müəllimlərim gələcəkdə uğurlu insan olacağımı təxmin edə bilməzdilər. Həyatım o qədər mükəmməldir ki, məni ancaq futbolçularımın başqa kluba keçidi məyus edir.

- Bütün dövrlərdə cəmi 1 futbolçu ilə selfi çəkdirmişəm. Bu, Lionel Messidir. Özü də həmin vaxt Kriştianu Ronaldo yanımdan keçirdi.

- Mən dəli deyiləm. Özümü normal insan hesab edirəm.

# 7904
avatar

Rizvan Babayev

Oxşar yazılar