Tələbələr təşvişə düşdü: magistraturanın ikinci mərhələsi ləğv edilir?
29 noyabr 2019 11:42 (UTC +04:00)

Tələbələr təşvişə düşdü: magistraturanın ikinci mərhələsi ləğv edilir?

Tələbələr arasında magistraturanın ikinci mərhələsinin ləğvi ilə bağlı məlumatlar yayılıb. Magistratura hazırlığı üçün kurslara gedən əksər tələbələrə bildirilib ki, imtahanın ikinci mərhələsi ləğv ediləcək.

Bununla bağlı Lent.az-a məlumat verən tələbə Adil İsmayılov bildirib ki, ikinci mərhələnin ləğvi barədə onlara bir neçə gündür məlumat verilib:

“Bizə dedilər ki, ikinci mərhələnin yerinə tələbələrin universitetdə əldə etdiyi Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) nəzərə alınacaq və sözügedən rəqəm ikiyə bölünərək, birinci mərhələnin balının üzərinə gələcək. Bundan başqa digər müəllimlər elə düşünürlər ki, birinci mərhələdə fənlər, xüsusən də ingilis dili çətinləşəcək.

Çox narahatıq. Çünki illərdir ki, eyni prosesdir. Nəyin necə olacağını bilmirik. Bu da bizi təşvişə salır”.

Magistratura imtahanının ikinci mərhələsinin ləğvi ilə bağlı sorğumuza cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, magistraturaya qəbul imtahanlarına dəyişikliklərin edilməsi ilə bağlı yeni qaydalar hazırda müzakirə olunur:
 
“İmtahanda yeniliklərin edilməsi istiqamətində müəyyən təkliflər var. Bununla bağlı müzakirələr başa çatdıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

Təhsil eksperti Kamran Əsədov deyib ki, magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir:

“Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və Dövlət İmtahan Mərkəzində qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.

Magistraturaya qəbul aparılan ixtisaslaşmalar 70 proqram üzrə qruplaşdırılıb və məhz bakalavrlar bu proqramların biri üzrə təhsilin növbəti pilləsində iştirak edə bilirdi”.

K.Əsədov qeyd edib ki, ikinci mərhələnin ləğv olunacağı barədə məlumatlar inandırıcı deyil:

“Ancaq magistratura imtahanlarının təkmilləşdirilməsinə ehtiyac böyükdür. Birincisi, ona görə ki, 5 il əvvəllə müqayisədə magistratura pilləsinə sənəd təqdim edənlərin sayında kəskin azalma var və müəyyən qədər plan yeri boş qalır. Beləliklə, magistratura imtahanlarının sadələşdirilməsi daha çox şəxsin magistratura pilləsinə qəbul olmasına imkan yarana bilər. 

İkincisi, magistratura imtahanının birinci mərhələsindəki məntiq və informatika fənnindən təqdim edilmiş test tapşırıqları ədalət prinsipinin pozulmasına gətirib çıxarır. Ali məktəblərdə bu fənlər üzrə tədris olunmayan mövzulardan, ağırlaşdırılmış test tapşırıqları təqdim olunurdu. Nəzərə alsaq ki, magistratura imtahanının ikinci mərhələsində iştirakçılardan ixtisasları üzrə bilik və bacarıqları yoxlanılır, bu zaman ikinci mərhələ ləğv oluna bilməz. Sadəcə olaraq təqdim ediləcək test tapşırıqlarının sayında, formatında dəyişiklik edilə bilər”.

Təhsil eksperti əlavə edib ki, həyata keçiriləcək dəyişiklik növbəti ildə seçim zamanı ballara da təsir göstərə bilər:

“İxtisas seçimi zamanı əvvəlki illərdə formalaşmış balları istiqamət kimi götürəcək bakalavrlar dəyişiklikdən sonra yanıla bilərlər. Bütün hallarda, hesab edirəm ki, magistratura imtahanlarının ali təhsilin əlçatanlılığı və əhatə dairəsinin genişləndirilməsi prinsiplərinin təmin olunması, gənclərin elmə gəlməsi üçün sadələşdirilməsi, eləcə də daha çox imtahan iştirakçılarının dil və ixtisasları üzrə bilik və bacarıqları yoxlanılmalıdır”.

# 4239
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar