694
16:46
25 Noyabr 2019

Bakıda gigiyena qaydaları pozulan daha bir müəssisə aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Çağrı mərkəzinə daxil olan şikayət əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rəhimov Zaur Kərim oğluna məxsus unlu qənnadı və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qüvvədə olan normativlərə cavab vermədiyi, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı aşkar olunub. Müəssisədə işçilərin şəxsi gigiyena qaydalarına riayət etmələri, habelə geyimlərinin dəyişdirilməsi üçün sahə ayrılmamış, bu proseslər bilavasitə anbarda həyata keçirilir. Anbar sahəsində döşəmə divar və tavan asan yuyulub təmizlənə bilən gigiyenik materiallarla da üzləşməyib.

Müəssisədə istifadə olunan sobanın, işçi masaların, tənəkə altlıqların, qabların, alət və ləvazimatların və çörək yığılan rəfin istismar müddəti bitdiyi və onların təmizlənməsi, dezinfeksiyası normalara uyğun olaraq aparılmadığı müəyyən edilib.

Müəssisənin mağaza hissəsində isə deratizasiya və dezinseksiya tədbirlərinin vaxtı-vaxtında həyata keçirilmədiyi aşkarlanıb. Faktla bağlı araşdırmalar davam etdirilir.