ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.
Lent.az-ın məlumatına görə, səfər çərçivəsində erməni tərəfdən Azərbaycana Artyom Yerkanyan, David Alaverdiyan və Edqar Elbakyan gəliblər.
Səfərdən sonra Edqar Elbakyan öz "facebook" səhifəsində Azərbaycanla bağlı təəssüratlarını paylaşıb. Onlardan biri də meyxana haqdadır:
“Meyxana Azərbaycan mədəniyyətinə aid unikal sənətdir. Əsasən Bakı kəndlərində və Talış zonasında məşhurdur. Azərbaycan meyxanaları gündəlik hadisələrdən tutmuş, milli azadlıq motivləri və yüngül gülməli erotizm mövzularına qədər geniş spektri əhatə edir”.
Daha sonra Edqar Aydın Xırdalanlının iştirak etdiyi toydan bir hissəni paylaşıb. O, Aydın haqda qısaca məlumat verir və onun 41 yaşında vəfat etdiyini vurğulayır.
Maraqlısı odur ki, Tiqran Aleksanyan adlı sosial şəbəkə istifadəçisi Edqarın paylaşımına “Mən daha çox Bayram Kürdəxanılını sevirəm” deyə yazıb.