Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21 noyabr 2019 20:34 (UTC +04:00)

Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”

“Sumqayıtın problemlərinin həlli istiqamətində böyük işlər görülüb. İlk növbədə, infrastruktur müasirləşdirilməli idi. Bu məqsədlə hələ 2005-ci ildə 525 meqavat gücündə elektrik stansiyası istifadəyə verildi, böyük vəsait xərcləndi. Qazlaşdırmanın səviyyəsi 100 faizə çatıbdır. İçməli su problemi həllini tapıbdır. Şəhərdaxili yollar yenidən tikilir, abadlaşdırılır, təmir olunur. Bakı-Sumqayıt yolu tikildi. İndi göstəriş vermişəm ki, yol genişləndirilsin. Çünki artan nəqliyyat sıxlıq, tıxac yaradır. Biz bunu da həll edəcəyik”. 
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. 

Bakı-Sumqayıt qatarının artıq fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, verilmiş kredit hesabına şəhər nəqliyyatı üçün müasir avtobuslar gətirilib. “Bütün bu işlər planlı şəkildə həyata keçirilir. Şəhərin kommunal təsərrüfatı yenilənir. Lift təsərrüfatının təqribən 80 faizi yenilənib. Sumqayıtda 1300-dən çox hündürmərtəbəli binanın təxminən mininin artıq dam örtüyü vurulubdur və qalan binaların da dam örtükləri vurulacaq”.

Sumqayıt şəhərində “ASAN xidmət” mərkəzinin yaradıldığını deyən dövlət başçısı diqqətə çatdırıb ki, ikinci “ASAN xidmət”in yaradılması ilə bağlı göstəriş verib: “Çünki tələbat artır və bəzən növbələr yaranır. Biz buna imkan verə bilmərik. Sosial infrastruktur yenilənir. Məcburi köçkünlər üçün yeni şəhərciklər, evlər tikilir. Bu il 1800 ailə artıq yerləşibdir. Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək. Köçkünlər üçün Sumqayıtda evlərin tikintisi bundan sonra da təmin ediləcək ki, yəni, evsiz-eşiksiz, pis vəziyyətdə yataqxanalarda, bağçalarda və s. yerlərdə yaşayan köçkünlər yaxşı evlərə köçürülsünlər. Biz bunu da edəcəyik.
Məktəb tikintisi gedir. 1 saylı xəstəxana mənim göstərişimlə artıq 5-6 ildir ki, təmirdən çıxıb. İndi 2 saylı xəstəxananın təmiri və əslində yenidən tikilməsi üçün vəsait ayrıldı. Biz bunu da edəcəyik.
Sumqayıt, əlbəttə, sənaye şəhəri kimi inkişaf edir. Ancaq bugünkü sənaye bugünkü çağırışlara cavab verir. Köhnədən qalan sənaye müəssisələrinin demək olar ki, hamısı artıq fəaliyyətini dayandırıb. O ərazidə - yüz hektarla ölçülən ərazilərdə sənaye parkları yaradılıb - Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Texnologiyalar Parkında 10, Sumqayıt Kimya Sənaye Parkında isə 13 zavod fəaliyyət göstərir və əlavə 7 zavod yəqin ki, gələn il fəaliyyətə başlayacaq. Sumqayıt Kimya Sənaye Parkında 20 rezident var. Qoyulmuş sərmayə milyardlarla dollar səviyyəsindədir. Onların arasında dövlət xətti ilə tikilmiş “SOCAR Polymer”, karbamid və digər zavodlar var. Özəl sektor da çox böyük maraq göstərir. Ona görə Sumqayıt bu gün müasir sənaye şəhəridir, Cənubi Qafqazın ikinci sənaye şəhəridir. Sumqayıt müəssisələrində ildə təqribən 2 milyard manatlığa yaxın məhsul istehsal olunur. Ona görə Sumqayıt bundan sonra da müasir sənaye şəhəri kimi inkişaf edəcək”.

Azərbaycan Prezidenti qeyd edib ki, parklar abadlaşır, yeni parklar, bağlar salınır: “Əlbəttə ki, onların arasında Sumqayıt bulvarını xüsusilə qeyd etmək istərdim. Mən bu bulvarın açılışı ilə əlaqədar keçirilmiş tədbirdə demişəm və bir daha demək istəyirəm ki, bu, möcüzədir, cəmi 11 ay ərzində 5,2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınmışdır. Sumqayıt bulvarının salınması mənim çoxdankı arzum idi. Mən əvvəlki dövrlərdə də dəfələrlə şəhər rəhbərliyinə belə göstəriş vermişdim. Ancaq Zakir Fərəcovu mən vəzifəyə təyin edəndən sonra bu məsələ də həll olundu. Çox şadam ki, bu gün Sumqayıt bulvarı vətəndaşlar üçün yeni, gözəl bir istirahət zonasıdır. Orada ictimai obyektlər var, indi orada Muğam Mərkəzi yaradılıb, digər ictimai obyektlər şəhərə yeni gözəllik verir. Onsuz da Sumqayıtın kifayət qədər istirahət zonaları vardır. Parkların hamısı abadlaşdırılıb. Amma bulvar, əlbəttə ki, ayrı bir məsələdir. Uzunluğu əvvəlki Bakı bulvarından təxminən 2 dəfə böyükdür. Çünki əvvəlki ənənəvi Bakı bulvarının uzunluğu 3 kilometr idi, indi 16 kilometrdir. Əlbəttə, mən demək istəmirəm ki, burada da 16 kilometr uzunluğunda bulvar tikilsin. Amma hər halda əgər imkan olacaqsa, biz gələcəkdə bulvarı genişləndirməliyik.
Yəni, bütün sahələr üzrə inkişaf var, inkişaf gedir. Bu Dram Teatrının, “Kimyaçı” sarayının binalarının əsaslı təmiri də bunun təzahürüdür. Bu Dram Teatrında Ulu Öndər Sumqayıtın yubileyini qeyd etmişdir. Yəni, bu teatrın böyük tarixi vardır. Bu gün burada bizim görüşməyimiz həm rəmzi xarakter daşıyır, həm də təbiidir. Bu, tarixi həqiqəti təsdiqləyir. Bu binada Ulu Öndərin ruhu var. O, Sumqayıtı gözəl, müasir, havası təmiz, insanlar üçün rahat şəhər kimi görmək istəyirdi. O siyasi vəsiyyətində demişdi, bir çox işlər görülüb, amma görə bilmədiyimiz işləri bizim davamçılarımız görəcəkdir. Şadam ki, belə də oldu”.
 

# 943
avatar

Oxşar yazılar