Bir müddət əvvəl Bakıda yerləşən bir sıra ictimai-iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə "nərə” balığı adı altında "naqqa” balığı təqdim edildiyi aşkar olunub və bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı monitorinqlər zamanı məlum olub.
Qeyd edək ki, bəzi xüsusiyyətlərinə görə nərə və naqqa balıqları bir-birinə bənzəyir.
Bəs istehlakçılar bunları bir-birindən necə ayırd edə bilər?
Lent.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mövzu ilə əlaqədar məlumatını və hazırladığı yeni videonu təqdim edir.
Nərələr, adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malikdir, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları var. Nərəkimilər (Acipenseriformes) dəstəsinə aid olan bu balıqlar qığırdaqlı skeletə, akulaya bənzər quyruq üzgəcinə, ən əsas bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1–2 metrə qədər, çəkiləri isə 100–1500 kq-a qədər ola bilər.
Naqqa balığı isə dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 3 metr və çəkisi 150 kiloqrama çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kiloqram arasında dəyişir). Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malik olan naqqa balıqlarının üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20 faizini təşkil edir. Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdirlər, çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır. Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malik olan bu balıqların ümumi uzunluğunun təxminən 60 faizini təşkil edən böyük bir üzgəci vardır. Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur. Bədənin üst tərəfi isə tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.