“Qırmızı nitq” sənədli filmi təqdim edildi - FOTOLENT
17 noyabr 2019 13:08 (UTC +04:00)

“Qırmızı nitq” sənədli filmi təqdim edildi - FOTOLENT

                              

“Qırmızı nitq” sənədli filminin təqdimatı olub. 

Bu barədə Lent.az-a “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyindən məlumat daxil olub. 

Filmin mövzusu belədi:

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal olunmuş digər ərazilərində erməni vandalizmi ilə üzləşən  və  taleləri məlum olmayan insanların həyatından bəhs edən “Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam” sənədli filminin təqdimatı keçirilib.


Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, Qarabağ müharibəsi veteranları, tanınmış jurnalist və yazarlar, QHT rəhbərləri və filmdə çəkilmiş şəxslər, əsir, itkin və girovların ailə üzvləri iştirak edib.


Film Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə, “Gələcəyə baxış" Avropa İnteqrasiya İctimai Birliyi tərəfindən hazırlanıb. Layihə rəhbəri Bəsti Nəsibova bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq qarabağ münaqişəsi nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, soydaşlarımız maddi, mənəvi və fiziki məhrumiyyətlərə məruz qalıb. Müharibənin fəsadları nəticəsində minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb. Onların əksəriyyətinin taleyi hələ də məlum deyil. Məqsəd o insanların  yaşadıqları ağrı-acını, dəhşətləri göstərməkdir.
Filmin ssenari müəllifi Almaz Mahmud  film haqqında məlumat verərkən bildirib ki, burada ermənilərin  azərbaycanlılara qarşı törətdikləri cinayətlərin miqyası, dəhşətləri təsvir edilir. Film üç nəfər - bir əsir, bir girov və bir itkin azərbaycanlı üzərində qurulub və eyni, oxşar taleni yaşayan minlərin faciəsini, hiss-həyəcanını təqdim edir. Hər üç xarakterin prototipləri (siluet şəklində təqdim edilir) başlarına gələn dəhşətləri danışmaqla erməni vəhşiliyi haqqında məlumat verirlər. Bu insanlar yurd-yuvalarını itirməklə yanaşı, erməni zorakılığının qurbanlarına çevriliblər. Filmdə həmin insanların yaxınları da danışır və əzizlərinin taleləri haqqında məlumat verir, bu illər ərzində çəkdilkləri əzabları dilə gətirirlər.  Filmdə  1 kişi,  1 qadın və 1 uşağın silueti-yəni əsir, girov və itkin düşən şəxslərin prototipləri də o insanların həyat tarixçələrini danışır.
 
Daha sonra filmin ideya müəllifi,  tanınmış jurnalist, yazar Ilqar Rəsul çıxış edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməmiş qalması, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün kimi ağır şəraitdə yaşaması münaqişənin yaratdığı humanitar problemləri mütəmadi olaraq gündəmə gətirməyi tələb edir. Bu səbəbdən film əsir, itkin və girovlar üzərində qurulub.
Daha sonra film nümayiş edilib.
Sənədli filmə baxdıqdan sonra BMT-nin Şəms Mustafayeva, Qarabağ Müharibəsi əlilləri, Veteranları və şəhid ailələri ictimai birliyinin Cəbrayıl rayon rəhbəri Səbuhi Hüseynov, ehtiyatda olan polkovnik Təranə Məmməd, tanınmış jurnalist Ilqar Əlfioğlu, Südabə Cahangirova, QHT rəhbərləri Mətanət Əskərqızı, İradə Polad çıxış etdilər, film haqqında fikirlərini səsləndirdilər.
Qeyd edək ki, Film geniş auditoriyaya həm də ingilis dilində subtitrla təqdim edilir.

# 1578
avatar

Oxşar yazılar