Ərdoğan “S-400”dən danışdı: "İmtina etmək niyyətində deyilik”
14 noyabr 2019 19:16 (UTC +04:00)

Ərdoğan “S-400”dən danışdı: "İmtina etmək niyyətində deyilik”

“ABŞ bizə “Patriot” sistemi satmağa razı olsa belə, Ankara “S-400” raket qurğularından imtina etmək fikrində deyil”.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqton səfərindən qayıdankən bildirib: “ABŞ-ın nəzərinə çatdırdıq ki, əgər onlar məqbul şərtlərlə bizə “Patriot” satmaq istəsələr, biz bu qurğuları almağa hazırıq. Lakin heç bir halda ABŞ-ın tələb etdiyi kimi “S-400”dən imtina etməyəcəyik” deyən Türkiyə Prezidenti onu da qeyd edib ki, Ankaranın qarşısında Rusiyadan silahı almamaq tələbi qoymaq ölkənin suveren hüququnu pozur.

Ərdoğan daha sonra qeyd edib ki, Türkiyənin təhlükəsizlik sistemində “S-400”lərin olmasının önəmi böyükdür:

“Biz “Patriot” almağa hazırıq. Türkiyə müdafiə sistemini inkişaf etdirir. Bizim hərbi strategiyamız belə qurulub. Biz dost və düşmən seçimi etmək niyyətində deyilik. Bəzən məndən soruşurlar ki, kim mənim üçün dost, kim düşməndir  - Rusiya, yoxsa ABŞ? Bizə düşmən lazım deyil. Biz həm Amerika, həm də Rusiya ilə dost olmaq istəyirik. Biz buna çalışırıq və müvafiq addımlar atırıq. Belə davranışımız kimlərisə narahat edir”.  

Ərdoğan hesab edir ki, Trampın “F-35”-lərin Türkiyəyə çatdırılması ilə bağlı fikirləri pozitivdir və “S-400”lər bu istiqamətdə problem yaratmamalıdır:

“Biz müştərək komissiyanın yaradılmasını və “S-400”lərlə bağlı problemi birlikdə müzakirə etməyi təklif etdik. ABŞ hesab edir ki, “S-400” “F35” üçün məqbul sistem deyil. Lakin bizə “F35” verən də yoxdur. Lakin mən Trampın bu məsələdə daha pozitiv düşündüyünün şahidi oldum”,- deyən Ərdoğan onu da bildirib ki, Vaşinqtondan alınacaq “F35”in ümumi dəyəri 2.4 milyard dollardır.

“Biz, bu günə qədər 1.4 milyard dollar ödəmişik. Lakin bir təyyarə belə bizə çatdırılmayıb. Biz müştəri deyilik, biz tərəfdaşıq”, - deyən Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, müştərək komissiya onun Trampla apardığı danışıqlar zamanı əldə edilən razılaşmanı öyrənəcək və müsbət nəticə hasil olunacaq.

# 935
avatar

Oxşar yazılar