"Büdcə layihəsi hazırlanarkən ədalətlilik prinsipi tam təmin olunmayıb" - Deputat
12 noyabr 2019 18:22 (UTC +04:00)

"Büdcə layihəsi hazırlanarkən ədalətlilik prinsipi tam təmin olunmayıb" - Deputat

“Hesab edirəm ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalətlilik prinsipi tam təmin olunmayıb. Dəfələrlə ölkə başçısı bildirib ki, büdcə vəsaitləri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdilməməlidir”. 

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib. 

O bildirib ki, millət vəkilləri bu məsələdə Prezidentə kömək etmək imkanına malik deyillər: “Çünki “Büdcə sistemi haqqında” qanuna zidd olaraq, dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib. Ona görə də bizim neçə obyektin tikiləcəyi barədə, hansı obyektin tikintisinə nə qədər vəsaitin ayrılacağı barədə ən kiçik məlumatımız belə yoxdur. Bilirik ki, götürülən kreditlər əsasən, tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisə təqdim olunmalıdır. Çünki biz o pulları büdcədən qaytarırıq. Mən bir neçə gün öncə APA İnformasiya Agentliyinin yaydığı bir məlumatla tanış oldum. Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi qlobal rəqabətlilik hesabatında Azərbaycan Dəmir Yollarının səmərəlilik indeksi 70,8 faiz olub. Bu sahədə islahatlar real olaraq həyata keçirilir və hər bir vətəndaşı məmnun edir”. 

Deputat bildirib ki, "Doing Business 2020" hesabatında Azərbaycan 190 ölkə arasında 34-cü yerdə qərarlaşıb: “Amma bu ilin 9 ayında əsas kapitala investisiyaların həcmində 49,4 faiz paya malik olan sənaye investisiyaları 10 faiz, xarici investisiyaların həcmi 27,6 faiz azalıb. Bu da onu göstərir ki, biz iqtisadi sferanı tənzimləyən, biznes mühitini yaxşılaşdıran qanunlar qəbul etməklə yanaşı, qanunların aliliyini təmin etmək məqsədilə məhkəmə-hüquq islahatlarında da islahatları dərinləşdirməliyik”.
 

# 1489
avatar

Oxşar yazılar