9924
10:49
06 Noyabr 2019

"İvanovka" şorları ilə bağlı YENİ GÖSTƏRİŞ - EKSKLÜZİV

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı aşkarlanan mənşəyi bilinməyən süd məhsulları arasında ölkənin bir sıra market və mağazalarında satılan "İvanovka" adlı məhsul (şor) da olub.

Bu məlumatdan sonra hələ də mağazalarda “İvanovka” şorlarının satışda olması və aşkarlanan məhsulla fərqləri təyin etmək mümkün olmadığından bəzi şəxslər narahatlıq keçiriblər.

Mövzu ilə bağlı olaraq Lent.az -ın sorğusuna cavab olaraq AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb və həmin məhsul partiyaları satışdan kənarlaşdırılıb:

“İstehlakçılar süd və süd məhsulları alarkən məhsulun əmtəə nişanı, istehsalçı, istehsal tarixi və ünvanına nəzər yetirməlidirlər. İlkin orqonoleptik baxış zamanı məhsulun qablaşdırmasının hermetikliyinin pozulub-pozulmamasına da fikir verilməlidir. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məhsulları, eləcə də süd və süd məhsulları ilə bağlı şübhələri olarsa, bu barədə dərhal agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur”.

Məlumatda qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir:

“Agentlik ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirlərini həyata keçirir.

Məhsullar gömrük ərazisinə daxil olduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan agentliyin müfəttişləri nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər”.

Həmçinin əlavə edilib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir:

“Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, agentlik plandankənar (növbədənkənar) yoxlamalar aparır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur”.

Xatırladaq ki, ötən ay - oktyabrın 22-də AQTA-nın Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində apardığı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.

Aşkarlanan mənşəyi bilinməyən süd məhsulları arasında ölkənin bir sıra market və mağazalarında satılan "İvanovka" adlı məhsul (şor) da olub. Belə ki, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanıb. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.

İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.