347
12:46
05 Noyabr 2019

Bakıda iyrənc şəraitdə bağırsaq emal edən müəssisə aşkarlandı - FOTOLENT

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan vətəndaş şikayəti əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 m ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib. Müəssisədə heyvan mənşəyi məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub.

Bu barədə AQTA-nın mətbuat xidmətindən Lent.az -a bildirilib ki, yoxlama zamanı müəssisədə xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub.

Məlum olub ki, anbar sahəsi sistematik təmizlənmir. Bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir. İstehsalat sahəsinə həşəratların daxil olmasının qarşısını almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.

Yoxlama zamanı o da məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır.

Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Məlum olub ki, heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbul ilə bağlı sənədləri yoxdur.

Aparılan yoxlamanın nəticəsi ilə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.