304
17:56
04 Noyabr 2019

Qobustan İspaniya və italiyalı alimlərlə birlikdə öyrəniləcək

Qobustan Milli Tarix-Bədii Qoruğunda qayaüstü təsvirlərin yeni metodlarla qeydiyyatı layihəsinin uğurlu nəticələri beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir.

Qoruqdan Lent.az -a bildirilib ki, layihənin növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodrigez, Pais Vasco Universitetinin fəlsəfə doktoru Blanca Ochoa Fraile və İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari qoruq rəhbərliyinin dəvəti ilə Qobustan Milli Tarix-Bədii qoruğunda olublar.

Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradova ilə görüşdən və qoruqda aparılan elmi tədqiqatlarla tanış olduqdan sonra xarici mütəxəssislər Qobustanın qayaüstü təsvirlərinin və arxeoloji qazıntıların nəticələrinin xüsusilə Avropanın Üst Paleolit və Mezolit dövrünün öyrənilməsi üçün mühüm mənbə olduğunu bildiriblər. Gələcək tədqiqatlarda Qobustan abidələrinin Avropanın həmin dövr abidələri ilə müqayisəli şəkildə öyrənilməsinin vacibliyi vurğulanıb.

Qobustan qoruğunun arxeoloji abidələri, qayaüstü təsvirləri və ekspozisiyada sərgilənən artefaktlarla tanış olan tədqiqatçılar qoruğun direktoru Vüqar İsayevlə görüş zamanı abidələrin qorunması və sərgilənməsini yüksək qiymətləndiriblər.

Yekunda Qobustan qayaüstü təsvirlərinin qeydiyyatı layihəsinin növbəti mərhələsinin yuxarıda adı çəkilən universitetlərin nümayəndələri ilə birlikdə davam etdirilməsi qərara alınıb.