977
12:38
04 Noyabr 2019

Ölüm “planı” nə qədər can alacaq? – ARAŞDIRMA

Yollarda qəzaların baş vermə səbəbləri araşdırılarkən məlum olub ki, qəzalar əsasən sürücülərin yuxulu və ya yorğun olmasına görə baş verir.

Bu barədə Baş Dövlət Yol Polisi bildirib. Elə bu günlərdə də Nərimanov rayonunda baş verən ağır qəzanın səbəbi “Toyota” markalı avtomobilin sürücüsünün anidən yuxulaması idi. Bəs görək sərnişindaşıma ilə məşğul olan dövlət qurumları sürücülərin yuxulu, yorğun vəziyyətdə sükan arxasına keçməsinə nəzarət edirmi?

Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Rüfət Quliyev sürücüləri tələb olunan qaydalara riayət etməyə çağırıb:

“Sürücülərin 8 saatdan artıq sükan arxasında olması ağır yol qəzalarını qaçılmaz edir. Magistral yollara yerləşən yol polisi postlarında da yuxulu sürücülərin dincəlməsi üçün müəyyən şərait yaradılıb. Sürücülərdən xahiş edirik ki, yollarda sürət həddinə riayət etsinlər. Yuxarı sürət həddini seçməsinlər. Əsasən, manevr qaydalarına diqqət etsinlər”.

“Plan sistemi ləğv olunsa bu məsələ də aradan qalxar”.

Bu sözləri Lent.az -a BNA mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, hazırkı durumda plan sistemi olan marşrut xətlərində sürücülərin yuxulu və yorğun halda olması yoxlanılmır:

“”BakuBus” avtobuslarının sürücülərinin bu qaydaya riayət etməsi təmin olunur. Ancaq danmaq olmaz ki, plan sistemi olan marşrut xətlərində sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsinə nəzarət olunmur. “BakuBus” avtobus sürücülərinin gündəlik növbə ilə işləməsinə tərəfimizdən nəzarət edilir. Təəssüf ki, özəl daşıyıcılar bu qaydaya əməl etmir”.

“3 saatdan bir sürücülərimiz bir-birini əvəz edir”

Təbii ki, ən çox sükan arxasında olan sürücülər də şəhərlərarası sərnişindaşıma və beynəlxalq yükdaşımaların sürücüləridir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova mövzu barədə Lent.az -a danışarkən bu kimi hallara daşıyıcılar tərəfindən nəzarət edildiyini bildirib:

“Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sürücüləri cəzalandırmaq və ya onları işdən çıxarmaq kimi səlahiyyəti yoxdur. Ancaq sərnişinlərin həyati təhlükəsi baxımdan yaranan hər hansı problemlə əlaqədar daşıyıcı şirkətə xəbərdarlıq edərək, onların qarşısına tələb qoyuruq. Respublikanın DANX-a tabe olan ilk Nəqliyyat Təlim-Tədris Mərkəzi var ki, orada daşıyıcı şirkətlərin sürücüləri mütəmadi təlimlərə cəlb olunur. Əmək məcəlləsində olduğu kimi 8 saatlıq iş rejimi sürücülər üçün də keçərlidir. Əgər sürücünün bu haqqı pozularsa, daşıyıcı şirkətlər də müvafiq qaydada məsuliyyətə cəlb olunur. Bu yaxınlarda başladığımız gecə reyslərində də 2 sürücü növbəli şəkildə 3 saatlıq növbə ilə bir-birini əvəzləyirlər. Təbii ki, 8 saat tamam olduqda hər kəs kimi sürücülərin də istirahət haqqı var. Əgər sürücünün bu haqqı daşıyıcı şirkət tərəfindən pozularsa, daşıyıcı şirkət aidiyyatı orqan tərəfindən məsuliyyətə cəlb edilir. Sürücü bu qaydanı pozduğu təqdirdə isə biz daşıyıcı qarşısında tələb qoyuruq. Sürücülərin yuxulu olması faktoru maarifləndirmə və daşıyıcı şirkət qarşısında qoyulan tələblərlə tənzimlənir”.

Yol nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov təkcə şəhərlərarası sərnişindaşıma və yükdaşımalarda deyil, taksi xidmətlərində də yuxulu sürücülərə rast gəlindiyini bildirib:

“Əksər hallarda bu kimi faktlara “çörəyi roldan çıxan” sürücülərdə rast gəlinir. Şəxsi maşını olan sürücülərdə yorğunluq və ya yuxusuzuq halları ilə çox az rastlaşmışıq. Hansı ki, onlar yalnız avtomobili səhər işə, axşam işdən evə sürürlər. Ancaq bütün sutkanı sükan arxasında olanlar, həmçinin fərdi taksi sürücülərində də bu problemə rast gəlmək olur”.

Xatırladaq ki, əksər dövlətlərin, o cümlədən, Azərbaycan Respublikasının qanunvericiliyində də sürücülərin gün ərzində 8 saatdan artıq sükan arxasında olması qadağandır. Bu halda da onlar 4 saatdan bir istirahət etməlidirlər.