Folklor Festivalının bağlanış mərasimi oldu - FOTOSESSİYA
01 noyabr 2019 17:02 (UTC +04:00)

Folklor Festivalının bağlanış mərasimi oldu - FOTOSESSİYA

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi olub.

Tədbirdən əvvəl folklor kollektivlərinin Azərbaycan Dövlət Kukla Teatrından başlayaraq Nizami küçəsindən keçməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrınadək keçidi olub.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb. Bildirib ki, respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib. Ümumilikdə festivalda 80 folklor kollektivi iştirak edib. Həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil olunub. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilib. Seçim mərhələlərində uğurla çıxış etmiş 21 kollektiv bu gün keçirilən bağlanış mərasiminə dəvət olunub.

Bağlanış mərasimində “Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri), “Dastan aşıqları” ansamblı (Ağstafa rayonu), “Nənələr” folklor xalq kollektivi (Lənkəran şəhəri), “Buta” uşaq folklor ansamblı (Lənkəran şəhəri), “Halay” xalq kollektivi (Masallı rayonu), “Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran rayonu), “Mel” folklor kollektivi (Qusar rayonu), “Assa” folklor rəqs qrupu (Qusar rayonu), “Oğuzlar” folklor kollektivi (Bakı şəhəri), “Şirvan” folklor xalq kollektivi (Şamaxı rayonu), “Buta” rəqs kollektivi (Şamaxı rayonu), “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu), “Maral oyunu” folklor kollektivi (Kəlbəcər rayonu), “Adıgün” xalq folklor kollektivi (Saatlı rayonu), “Rəfti - Uzunömürlülər” xalq kollektivi (Lerik rayonu), “Abay” folklor kollektivi (Şəki şəhəri), “Mehriban bacılar” folklor kollektivi (Balakən rayonu), “Nənələr” folklor kollektivi (Balakən), “Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt şəhəri) və “Qobustan aşıqları” ansamblı (Qobustan rayonu) çıxışlar ediblər.

Sonra festivalın qalibləri mükafatlandırılıb. “Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri) birinci,

“Mel” folklor kollektivi (Qusar rayonu) ikinci, “Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu) üçüncü yerə layiq görülüb.

(AZƏRTAC)

# 1545
avatar

Oxşar yazılar