“Keşikçidağ” və “Avey” qoruqları beynəlxalq konfransda təmsil olunub
01 noyabr 2019 11:55 (UTC +04:00)

“Keşikçidağ” və “Avey” qoruqları beynəlxalq konfransda təmsil olunub

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Ağstafa rayonunda yerləşən “Keşikçidağ” və Qazax rayonunda yerləşən “Avey” Dövlət tarix-mədəniyyət qoruqları Çində keçirilən beynəlxalq elmi-praktik konfransda təmsil olunub. 

Lent.az-ın məlumatına görə, qoruqların ərazisində yerləşən abidələr - mağaralar, məbədlər, kurqanlar, qala, qədim inanc yeri, mağaraların divar və tavanlarında yağlı boya ilə çəkilmiş dini mövzuda rəsm əsərləri olan freskalar Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə də marağa səbəb olub.

Oktyabrın 28-30-da keçirilən IV Beynəlxalq Mural Forumuna qoruqlar tərəfindən “Qafqaz Albaniyasının qəbir abidələri” adlı elmi məruzə göndərilib. Məruzə təşkilatçılarda böyük maraq oyatdığından forumun gündəliyinə salınıb və qoruq əməkdaşları foruma dəvət olunub. Forumda məruzəçilər konfrans iştirakçılarının ona ünvanlanan suallarına ətraflı cavab verib, həmçinin qoruğa aid olan maddi-mədəniyyət nümunələrinin əks olunduğu slayd təqdim olunub. İştirakçıların diqqətinə çatdırılıb ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılan, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olub. Qoruqlarda maddi-mədəniyyət nümunələri zamanla fiziki təsirlərə məruz qalmasına baxmayaraq öz tarixi simalarını indiyədək qoruyub saxlayıb. Qeyd olunub ki, mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də turistlərin cəlb edilməsi tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında da əhəmiyyətli rol oynayar. Məruzəni konfrans iştirakçıları maraqla qarşılayıb.

 

# 824
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar