Nazirlik "Mənimlə Danış" kampaniyasına başladı - <span style="color:red;">YENİLİK
23 oktyabr 2019 15:49 (UTC +04:00)

Nazirlik "Mənimlə Danış" kampaniyasına başladı - YENİLİK

Təhsil Nazirliyi yeni sosial kampaniyaya start verib.

Məqsəd ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

Belə ki, nazirlik valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə "Mənimlə Danış" sosial kampaniyasına start verir. Bununla bağlı maarifləndirici sosial çarx hazırlanıb.

Bu cür kampaniyaların aparılmasının hansı müsbət tərəfləri var və nə dərəcədə faydalıdır?

Təhsil eksperti Qoşqar Məhərrəmov Lent.az-a bildirib ki, Təhsil Nazirliyinin bu cür videoçarx hazırlaması məqsəduyğundur və faydalıdır: “Video gözəl hazırlanıb. Çox həssas və aktual mövzuya toxunulub. Düşünürəm ki, bu cür videolar davam etdirilməlidir. Çünki cəmiyyətə veriləcək mesajlar bu yolla öz ünvanına daha yaxşı ötürülür”.  

Ekspert qeyd edib ki, məktəblərdə şagirdlər zaman-zaman müəyyən təzyiqlərə, zorakılığa məruz qalırlar: “Uşaqlar öz aralarında istismara məruz qala bilirlər. Bəzən bu şifahi istismar, psixoloji, emosional istismar olur. Əgər valideynlər və müəllimlər uşaqlara öz dərdlərini danışmaq üçün bir qapı açmırlarsa, onların dərdini danışa biləcəkləri insan yoxdursa şagird özü problemlərlə mübarizə aparmalı olur və çox zaman da o problemlərin altında qalır. Ya depresiyaya düşür, ya da öz canına belə qıya bilir”.

Ekspertin sözlərinə görə, bu cür problemlərin qarşısına almaq üçün ictimai təbliğatın aparılması çox vacibdir: “Yəni  müəllimlər, valideynlər şagirdlərə  qarşı qapılarını  hər zaman açıq qoymalı olduqlarını bilməlidirlər. Açıq qapı siyasətini yeritməlidirlər. Onlar gəlib problemini danışmağa çalışanda, onun məhrəmiyyətini, şəxsiyyətini qorumalı olduğunu bilməlidirlər. Şagird problemini müəlliminə və ya valideyninə deyəndə qarşıdakının ona, sadəcə, qulaq asması, yanında olduğunu deməsi kifayət edir. Nəinki onu danlamaq, istiqamət vermək, tənqid və təhqir ifadə edən sözlər işlətmək”.

Q.Məhərrəmov əlavə edib ki, nazirlik tərəfindən hazırlanan sosial çarxda qeyd olunan məsələlər öz əksini tapır və cəmiyyətə bir mesaj verir, düşündürür.

Qeyd edilən sosial çarxı təqdim edirik.

 

 

 

 

 

 

 

 

# 1557
avatar

Aygün İbrahimli

Oxşar yazılar