Bakılıdan 5 qol  buraxan “Qara bəbir”: Siqaret bir əfsanəni necə məhv etdi? – <span style="color:red;">Səbuhi Sədəf yazır
22 oktyabr 2019 16:28 (UTC +04:00)

Bakılıdan 5 qol buraxan “Qara bəbir”: Siqaret bir əfsanəni necə məhv etdi? – Səbuhi Sədəf yazır

 
“Mən bu dahi futbol ustasının bacarığını yüksək qiymətləndirirəm və onu bizim dövrümüzün ən yaxşı qapıçısı hesab edirəm. O, dünya futbol tarixinə, sadəcə, qapıçı kimi daxil olmadı. Həm də qapıçılıq kimi çətin bir sənətə yeniliklər gətirən yaradıcı insan idi".
Bu sözləri yaşayan əfsanə Pele demişdi onun haqqında.
 
***
 
1961-ci ildə sovet yığmasının Cənubi Afrika ölkələrinə səfərində Argentina qəzetlərindən biri SSRİ yığmasının bəzi oyunçularını maraqlı şəkildə qiymətləndirmişdi: “Mixail Mesxi - 50 milyon peso, Slava Metreveli - 50 milyon peso… Onun isə qiyməti yoxdur”.
 
***
 
...90 il əvvəl, oktyabrın 22-də dünyaya gəlmişdi. Hələ 14 yaşında ikən çilingər işləmişdi zavodda. Hətta əmək fəaliyyətinə görə, medala da layiq görülmüşdü. 
 
İşdən çıxan kimi yaxınlıqdakı stadiona qaçarmış, “Dinamo” stadionuna. Futbola baxmağa. Arzusu mərkəz hücumçusu olmaq idi. Ancaq ilk məşqçisi Nikolay Larioniçkovun sözün həqiqi mənasında təpkisiylə qapıda durmağa məcbur olur. Onu “Dinamo” klubunda hokkeydə də sınaqdan çıxarırlar. Amma son anda hokkey, ya futbol dilemması qarşısında qalanda “Dinamo”nun futbol komandasını seçir.
 
Bu klubla 1954-59-cu illərdə 4 dəfə ölkə çempionu olur. Onun heyətində ümumilikdə 326 oyun keçirir. 5 qızıl, 5 gümüş və 1 bürünc mükafat qazanır, 3 dəfə SSRİ Kubokunu başı üzərinə qaldırır. Futbol Federasiyası 13 dəfə onun adını 33 ən güclü futbolçu siyahısına daxil edir.
 
***
 
1954-cü ildə ilk dəfə SSRİ yığmasının qapısını qoruyur. 1956-cı ildə keçirilən Melbrun Olimpiadasının qalibi olur. 1960-da Avropa çempionu. Finaldan sonra məşhur “Uoker sport” jurnalı yazırdı: "Sovet komandasının qələbəsi qapıçının yüksək istedadı və dəmir iradəsi hesabına əldə edildi”.
 
1964-cü ildə SSRİ Avropa çempionatında ikinci oldu. 2 il sonra İngiltərədə keçirilən dünya çempionatında öz qapısından cəmi beş top buraxdı və qolların vurulmasında “sehrbaz" qapıçının heç bir səhvi olmadı. Sovet komandası bu dəfə dünya dördüncüsü idi.
 
1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən “Qızıl top” mükafatı verilir. 1986-cı ildə “Olimpiya” ordeninə və bundan 2 il sonra FİFA-nın “Qızıl ordeni”nə layiq görülüb.
 
Onun futbol həyatında gərgin anlar da olub. Belə ki, 1962-ci ildə Çilidə keçirilən dünya çempionatında öz qrupunda Yuqoslaviya və Uruqvay yığmalarını məğlub edən SSRİ yığması dörddə bir finalda Çiliyə 2:1 hesabı ilə məğlub olub. O, məğlubiyyətdən sonra ciddi tənqidlərə məruz qalır. Sovet rəhbərliyi onu komandadan, ümumiyyətlə, futboldan uzaqlaşdırmaq istəyirdi. Bu isə onun səhhətinə olduqca ağır təsir edir. Çünki alkoqola güc verir. Siqareti isə çoxdan çəkirdi.
 
Hə, o, dəhşətli dərəcədə çox siqaret çəkirdi. Gündə azı 3 qutu. Yakuşin və Kaçalin kimi sovet futbolunun monstrları belə ona siqareti tərgidə bilməmişdilər. Məhz siqaret ona sağalmaz mədə yarası qazandırmışdı. Buna görə də özüylə soda gəzdirirdi. Ən azı müvəqqəti olaraq ağrının qarşısını almaq üçün.
 
Siqaret sonradan onun ayaqlarını da sıradan çıxaracaqdı. Qanqrena əmələ gələcəkdi. 1984-cü ildə onun ayağını amputasiya edəcəkdilər. Amma ömrünün sonuna qədər siqareti atmayacaqdı.
 
Nəticədə 1990-cı il martın 20-də, 61 yaşında dünyasını dəyişəcəkdi. 
 
***
 
Hər il oktyabrın 22-də azarkeşlər, veteran futbolçular, Moskva “Dinamo”çuları, doğmaları və dostları dünya tarixində ilk və hələ ki son qapıçı olaraq “Qızıl top” mükafatçısı, “Lenin” ordenli, Sosialist Əməyi Qəhrəmanı, polkovnik və əfsanəvi qapıçını doğum günü münasibətilə böyük təmtəraqla yad edirlər. Əslində bu yazı da elə həmin məqsədlə yazılıb.
 
***
 
Hə, lap yadımızdan çıxmışdı. Bizimlə də bağları çoxdur onun. Ələkbər Məmmədovla çox yaxın dost olublar. Dəfələrlə azərbaycanlı əfsanənin Səməd Vurğun küçəsi 10 ünvanındakı evində olub. Hətta bir dəfə Ələkbərə deyib ki, “Alik şəhərinizdə niyə ağac azdır? Gəl, bir ağac əkək binanın qarşısında”. Elə də edirlər. Ağac əkirlər. Və o ağac hələ də durur. Palıd ağacı.
 
Bəs bu əfsanənin qapısına ən çox qol vuran kim olub, sizcə? Hə, o, bizim bakılı, “Neftçi”nin əfsanə forvardı Kazbek Tuayevdi. Düz beş dəfə onu məyus edib. 
“Kazbek mənim üçün ən təhlükəli hücumçu idi. Onun topu hara və hansı trayektoriya ilə vuracağı bəlli deyildi.
 
Elə Tuayev də bunu təsdiqləyəcəkdi. Və özü də gülə-gülə:
 
- Onu düz deyirdi. Mən qapıya elə zərbə vururdum ki, heç özüm də bilmirdim o hara gedəcək. Onun qapısına heç bir oyunçu beşdən artıq qol vurmayıb. Bunu bacaran mən olmuşam.
 
Hə, bu gün onun ad günüdür. 90 yaşı tamam olur. Futbol dünyasında “Qara bəbir”, “Qara hörümçək” kimi tanınan dahinin -  Lev Yaşinin!
 
# 1759
avatar

Səbuhi Sədəf

Oxşar yazılar